Səlim Müslümov: “707 min nəfər ünvanlı sosial yardım alır”

“Hazırda ölkədə sosial-müdafiə sistemi vasitəsi ilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanların Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsi ilə aldıqları vəsaitin həcmi hər ay təqribən 316 mln. manat təşkil edir”.
 
Etikxeber.az xəbər verir ki,  bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, son dövrlərdə sosial-müdafiə sisteminin avtomatlaşdırılması sahəsində atılan addımlar, əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sisteminin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla, vəsaitlərdən istifadəsində səmərəliliyin artırılması vəzifəsinin yerinə yetirilməsinə imkan verib:
“Belə bir şəraitdə Dövlət Sosial Müdafiə Fondunun yeni reallıqlara uyğun gərgin və balanslaşdırılmış şəkildə tərtibi imkanları genişlənib. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin layihəsi cari ilin  keçmiş dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, Fondun 2015-ci və 2016-cı illərin ötən dövrü üzrə büdcəsinin icrasının nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri, sığorta pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinad olunaraq tərtib edilib”.
S.Müslümov qeyd edib ki, 2016-cı ilin 10 ayı ərzində Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 mln. manat artaraq 2 mlrd. 631 mln. manata çatıb:
“Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% və ya 81 milyon manat artaraq 1 milyard 534 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2%-ni və ya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% və ya 42,3 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 98,2%-ni təşkil edən pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşməsinə imkan verib”.
Etikxeber.az

Read Previous

“Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun…” – NAZİR

Read Next

“Enerji və qazı mobil etmək lazımdır!” – ZAHİD ORUCUN yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir