“Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərilən ali dövləti qayğı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam edir, sərhədçilər üçün ən müasir tələblərə cavab verən hərbi obyektlərin sürətli inşası həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX)  mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, oktyabrın 6-da Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla reallaşdırılması, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd edib.

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanıb.

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilib.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəstəyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sərhədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə olunub.

Tədbirdə iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

“Dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi vacibdir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir