“Sənədləşmə, dəftərxana mədəniyyəti hələ tam formalaşmayıb…”-SAHİB ALIYEV

Dövlətimizin başçısının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə verdiyi tapşırıqlardan sonra ehtiyacı və haqqı olanların sosial yardıma çıxışını asanlaşdırmaqla yanaşı, müəyyən dərəcədə də ona nəzarətin gücləndirilməsinə yönəlmiş bu qanunvericilik layihəsini mən dəstəkləyirəm. Amma orasını da deyim ki, bu sahadəki problemin tam aradan qaldırılması üçün sosial yardımın verilməsi mexanizminin daha da təkmilləşdirilməsinə ehtiyac var.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklərə münasibətini bildirərkən deyib.

“Ötən dəfə həmkarım hörmətli Zahid Oruc da misallar gətirdi, mən də öz növbəmdə təmsil etdiyim Tərtər və qonşuluqdakı Goranboy rayonundan sosial yardım alanların sayıyla bağlı statistikanı açıqlayaraq soruşmaq istəyirəm ki, nədən belə bir fərq mövcuddur? Nə üçün dolanışıqları elə də fərqlənmədiyi, əhalisinin sayı eyni, hətta bir az artıq olduğu halda Tərtərdə sosial yardım alanlar 1121, Goranboyda isə 2192 nəfərdir?İndi mən bunun səbəbini diqqətinizə çatdıracam. “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna ediləcək düzəlişdən sonra tələb budur ki, sosial yardım almaq istəyən ailədə 8 yaşınadək sağlam,18 yaşınadək əlilliyi olan uşağa baxan ananı və 23 yaşına kimi əyani təhsil alan tələbəni çıxmaqla əmək qabiliyyətli hər bir şəxsin işi olmalıdır. 48 kilometri cəhbə xətti olan Tərtərin elə kəndləri var ki, onlara torpaqlar şərti bölgü ilə verilib, yəni aktları yoxdur və o üzdən də vergidə qeydiyyata dura bilmirlər. Belə olan halda ailədəki əmək qabiliyyətli şəxs sosial yardım almaq üçün iş tapmalıdır ki, cəbhəyanı bölgədə bu, çox çətindir. Bax elə bu səbəbdən də yüzlərlə tərtərli sosial yardıma ehtiyac duyduqları və haqq etdikləri halda onu almaqda problemlərlə üzləşirlər”-deyən millət vəkili bildirib ki, torpaq aktaları olanların da bir çoxunun sosial yardım almaları elə də asan deyil.

“Çünki aktlar 24 il bundan əvvəl torpaq islahatları zamanı verilib. Həmən sənədlərdə o vaxt ailə başçısı kimi göstərilənlərin bir çoxu artıq rəhmətə gedib. Rəhmətə gedənlərin yerinə digərlərinin vergidə ailə başçıları kimi qeydə alınmaları və beləliklə də sosial yardıma yollarının açılması üçün torpaq aktı dəyişməlidir. Aktın dəyişməsi üçünsə 150 manata qədər rüsum ödənilməlidir. Sosial yardıma ehtiyacı olan ailələrdə bu məbləğdə pulun tapılıb ödənməsi çox çətindir. Bundan başqa sosial yardım alan kəndli ailəsi mülkiyyətində olan torpaqla vergidə qeydiyyatdan keçdikdə əmək qabiliyyətli ailə üzvünün hər biri üçün ölkə üzrə götürülmüş minimum aylıq əmək haqqının 6 faizi, yəni 15 manat miqdarında DSMF-yə ödəniş etməlidir. Tərtərdə su çatışmazlığı üzündən bir çox ailələr torpaqdan gəlir götürə bilmir. Belə olan halda ailə alacağı sosial yardımın bir hissəsini qaytarıb DSMF-yə verməli olur.Bilirsiniz, deməyim odur ki, burada differensial yanaşmaya ehtiyac var və tutaq ki, Bakı şəhərində yaşayan sosial yardıma ehtiyac duyan ailədən onu almaq üçün tələb edilən sənədlər, qarşısına qoyulan şərtlər Tərtərdə cəbhəyanı kənddə yaşayan və sosial yardıma ehtiyac duyan ailənin qarşısına qoyulmamalıdır. Belədə hər ikisinin ehtiyacları olduqları və haqq etdikləri halda Bakıda yaşayan ailənin sosial yardım almaq şansı Tərtərdəkindən üstün olur və statistika da bunu təsdiqləyir.Və sənəddən söz düşmüşkən, koronavirus pandemiyası göstərdi ki, bizdə belə demək mümkünsə, sənədləşmə, dəftərxana mədəniyyəti hələ tam formalaşmayıb.

Həm vətəndaş səhlənkarlığı üzündən, həm də ayrı-ayrı dövlət qurumlarında sənədləşmənin başdansovdu aparılması, elektron bazadakı qarışıqlıq səbəbindən birdəflik müavinət və biznesə dəymiş zərərə görə yardımlar verilərkən yumşaq desək, müəyyən anlaşılmazlıqlar meydana çıxdı ki, buna son qoyulmalıdır. Baxın, 2016-2017-ci illərdə vətəndaşlar kütləvi şəkildə adlarına VÖEN açdırdılar. Səbəb isə o idi ki, sosial yardım almaq üçün ailədə əmək qabiliyyətli şəxs əgər işləmirsə, mütləq onun işlə təminatı olmalıdır. Bir sözlə, VÖEN-i olan şəxs işləyən şəxs hesab olundu. Amma elədirmi? Mən burada müəyyən səbəbdən detallara varmaq istəmirəm ancaq, fikrimcə, bu VÖEN açdırmaq məsələsinə yenindən baxılmalı, VÖEN-li fəaliyyətsizlik aradan qaldırılmalıdır.Dəyərli həmkarlar, buradakı çıxışlardan da görünür ki, biz bu qanunvericilik aktını təsdiqləməyə təsdiqləyəcəyik, amma sosial yardıma ehtiyacı olanları kənarda qoymamaqla yanaşı, elə etməliyik ki, cəmiyyətdə ələbaxımlılıq tendensiyası aradan qalxsın. Əgər koronavirus pandemiyasıyla bağlı birdəflik yardım almaq istəyən 4400 nəfərə iş təklif olunarkən onların cəmisi 21-i bu təklifə müsbət yanaşıbsa, söhbətin necə bir tendensiyadan getdiyi yəqin ki aydındır.

Ümimiyyətlə, mən bu fikirdəyəm ki, özünüməşğulluğun geniş tətbiqi öz yerində, amma biz yaxın gələcəkdə ünvanlı sosial yardımı tamamilə ləğv edərək ünvanlı “uşaq pulu”yla əvəzləməliyik. Ona görə ünvanlı uşaq puluyla ki, bizdə onun ünvansız verildiyi ölkələrdən fərqli olaraq demoqrafik artım tempi yetərincə yüksəkdir. Və beynəlxalq təcrübə də gösətirir ki, “uşaq pulu” dediyimiz ailə müavinəti məhz demoqrafik artıma uyğun şəkildə reallaşdırılır. Beləliklə, biz bununla bir tərəfdən “uşaq pulu” məsələsi ətrafındakı populizmə, manipulyasiya və möhtəkirliklərə son qoymuş olarıq, digər tərəfdən isə əməkqabiliyyətlilər arasında ələbaxımlılıq tendensiyası azalar.Və fikrimcə, biz bu yöndə maarifləndirmə işini də gücləndirməliyik. Hazırda əməyin, zəhmətin, əməkçinin və zəhmətkeşin təbliğinə sovet dönəmindəkindən daha artıqı ehtiyac var. Hər kəs aydın dərk etməlidir ki, biz artıq kapitalizm cəmiyyətində yaşayırıq və bu cəmiyyətdə insanın dolanışığı ilk növbədə onun savadına, əməksevərliyinə, peşə bacarığı və vərdişlərinə bağlıdır. İşin, peşənin isə pisi, yaxşısı yoxdur, pis və yaxşı yerinə yetiriləni, yaxud da mənimsəniləni var. Sonda bu haqda fikirlərimi yunanların ilk şairi kimi tarixə düşən, eramızdan əvvə 8-7-ci əsrlərdə yaşamış Qesiodun sözləriylə tamamlamaq istəyirəm. O deyirdi ki, heç bir iş rüsvayçılıq kimi qiymətləndirlə bilməz, işləmək istəməmək rüsvayçılıqdır. Bax bizdə də cəmiyyətə, özəlliklə də yetişməkdə olan gənc nəsilə ilk növbədə bu aşılanmalıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

248 yeni yoluxma-DAHA İKİ ÖLÜM…

Read Next

“Carı məsələlərin müzakirəsi üçün ayrılan vaxt 45 dəqiqəyə çatdırılsın”-MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir