“Sən bu işlərə qarışma, Azərbaycan millətçilikdə ittiham edilə bilər…” – İSA QƏMBƏR YAZDI

5 yanvar 1985…

Z.Balayanın “Ocaq” kitabına cavabım- “Köhnə bayatılar və təzə əfsanələr” (“Старые песни и новые легенды”) hazır oldu.
Kitabı oktyabrın sonunda oxumuşdum, qəzəblənmişdim və…İran inqilabı barədə dissertasiya işimi yazmağa davam etmişdim.

Çünki düşünürdüm ki, Azərbaycanın görkəmli tarixçiləri buna cavab verəcəklər. Kİtab da masamın üstündə qalmışdı. Bir gün noyabr ayında atam kitabı gördü, qaldırıb masanın üstünə çırpdı ki, bir kişi tapılmayacaq buna cavab yazsın?! Söz məni tutdu və həmin gün kitaba cavab yazmağa başladım.

isaaa-1

Evdəki uyğun kitabları bir də oxudum, kitabxanaları ələk-vələk etdim, Akademiyadakı savadlı, mütaliəli dostlarla məsləhətləşdim, onalr da mənə bəzi mənbələri tövsiyyə etdilər. Cavabı rus dilində yazırdım, çünki məqsədim cavabımın Moskva mətbuatında nəşr edilməsi idi. Çalışırdım ki, yazdığım hər bir cümləmin arxasında konkret və əsaslı istinad olsun. Kimlərə qarşı çıxdığımı başa düşdüyüm üçün ilk növbədə erməni, sonra rus, daha sonra qərb, ən sonda Azərbaycan mənbələrinə istinad edirdim. Yalnız heç bir mənbə tapmayanda, əmin olduğum fikir və arqumentləri öz adımdan yazırdım. Dekabrın sonunda cavabı tamamladım və əməkdaşı olduğum Şərqşünaslıq institutunun makinəçi xanımların birindən xahiş etdim ki, çap etsin.

isaaaaa

İSAA-3

Və 1985-ci ilin 5 yanvarında cavabım 4 makinə nüsxəsində əlimdə idi!
Nüsxələrin birini özümdə saxlayıb üçünü oxumaq və qiymətləndirmək üçün institutdakı həmkarlarıma verdim. 
3 gün keçməmiş iki xəbər aldım, bir yaxşı, bir pis.
Yaxşı xəbər bu idi ki, cavabımın surəti çıxarılaraq ziyalılar arasında yayılmağa başlayıb.
Pis xəbər bu idi ki, institutumuzun kadrlar şöbəsinin müdirə xanımı məni otağına dəvət etdi, dedi ki, filankəs müəllim səninlə danışmaq istəyir və özü otaqdan çıxdı. Filankəs müəllim KQB-nin (DTK) şərqşünaslıq institutuna nəzarət edən zabiti idi. Müəllimin əsas mesajları belə idi:

1. Yaxşı cavab yazmısan, yuxarılarda da çox bəyəniblər.
2. Bu cavab nə Moskvada, nə də Bakıda heç bir mətbuat orqanında, heç bir nəşriyyatda çap edilməyəcək.
3. Sən bu işlərə qarışma, çünki Moskva Azərbaycanı millətçilikdə ittiham edə bilər.
4. Rəhbərlik özü bu məsələni nəzarətdə saxlayacaq və həll edəcək.

Əlbəttə mən etiraz etdim, arqumentlərimi söylədim, bu məsələnin Azərbaycan üçün çox pis nəticələr verə biləcəyini izah etməyə çalışdım.
Təəssüf ki, zabitin 2-ci mesajı düz çıxdı: bütün səylərimə baxmayaraq cavab həmin dövrdə heç bir yerdə nəşr edilmədi. Amma bu çox da önəmli deyildi, cavab onminlərlə nüsxə çoxaldılaraq geniş yayıldı və erməni yalan və böhtanlarına qarşı Azərbaycan ziyalılarının istinad mənbəyinə çevrildi. Bir çoxları istinad edərkən mənim adımı çəkməsələr də…

Çox təəssüf ki, mənim xəbərdarlığım da düz çıxdı: Ermənistanın öncə təbliğatı, sonra təcavüzü, ermənipərəst Sovet rəhbərliyi və çəsarətsiz Azərbaycan rəhbərliyinin fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində proses çox mənfi nəticələrə gətirib çıxardı. Sözümün canı odur ki, ziyalıların, mütəxəssislərin, analitiklərin yazdığına vaxtında diqqət yetirilməlidir.

İsa Qəmbər,

Müstəqil Strateji Düşüncə Mərkəzinin rəhbəri, eks-spiker

Etikxeber.az

Read Previous

110 YAŞLI GƏNC – Akademik yazır

Read Next

2018-ci ildə turizm üçün ən yaxşı məkan hansı türk cümhuriyyətidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir