“Sənayesi olmayan ölkə mədəni ölkə sayıla bilməz” – VAHİD ƏHMƏDOV YENƏ SƏRT DANIŞDI – YENİLƏNİB – (1)

ZİYAD SƏMƏDZADƏ: 2018-ci ilin büdcəsi 100 illiyin büdcəsi və tarixdə qalan bir büdcədir 

Vahid Əhmədov: Tikintidə ciddi geriləmə var

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasda çıxış edən millət vəkili Vahid Əhmədov ilk müzakirələrdən sonra hələ də bəzi qaranlıq, aydınlıq gətirilməsi lazım gələn məqamların olduğunu deyib.

vahid-1

V. Əhmədov xüsusilə, tikinti sektorunda geriləmənin səbəbləri ilə maraqlanıb. Qeyd edib ki, bu sektorda xeyli gerilimə müşahidə olunur: “Hansı ki, tikinti sektorunun inkişafının Azərbaycan iqtisadiyyatın, ölkə büdcəsinin inkişafına çox böyük müsbət təsirləri var. Biz də bilmək istəyirik ki, bu qədər dövlət dəstəyi olduğu halda tikintidə geriləmə nədən baş verib”. Millət vəkili eyni zamanda, idxal vergilərinin çox olmasından narazılığını bildirib: “Biz, ümumiyyətlə, Əlavə Dəyər Vergisinin (ƏDV) diferensiallaşmasını tələb edirik. Üst-üstə götürəndə idxal-əlavə dəyər vergiləri 36-38 faiz təşkil edir. Hesab edirəm ki, bu, yolverilməzdir. Xüsusilə də, hər bir məsələyə 18 faizlik ƏDV tətbiq etmək olmaz. Ona görə  hesab edirik ki, ƏDV-nin diferensiallaşması lazımdır, bu, çox vacibdir”. Millət vəkili həmçinin, bəzi MDB ölkələri ilə müqayisədə, Azərbaycanda avtomobil zavodunun olmamasından təəssüfünü ifadə edib: “Bizdə də avtomobil zavodunun olmasına ehtiyac var. Ümumiyyətlə, sənayesi olmayan ölkə mədəni ölkə sayıla bilməz. Bizdə sənayenin inkişafına ciddi diqqət yetirmək lazımdır. Bizdə ən azı iki neft-maşınqayırma zavoduna ehtiyac var. Hansı ki, sovetlər dövründə bu yöndə 20-yə yaxın müsəssisə vardı. Bununla yanaşı, neft-maşınqayırma sənayesi ilə bağlı ayrıca ali təhsil ocağına ehtiyac var. Bizdə peşəkar mütəxəssislər olmalıdır”.

***

1488451229_ziyad-s-str-7-8

Adıçəkilən komitənin sədri Ziyad Səmədzadə öncə 2018-ci ilin büdcəsinin 100 illiyin büdcəsi və tarixdə qalan bir büdcə olduğunu bildirib.

Komitə sədr həmçinini qeyd edib ki, ötən il bir sıra dünyəvi, transmilli layihələrin icrasına nail olunub. Z. Səmədzadə sonra millət vəkili V. Əhmədovun sənayeləşmə məsələsi ilə bağlı fikirlərinə toxunaraq, son illər bu istiqamətdə böyük  addımların atılmasına başlanıldığını, ölkədə metallurgiya sənayesinin, neft-kimya sənayesinin yeni inkişaf mərhələsinin yaşandığını bildirib: “Bizdə yeni-yeni neft-sənaye kompleksləri,texnoparklar, sənaye parkları yaradılır. Əvvəllər texnoparkların yaradılmasına vəsit qoyulanda, bəzən qınaqalar səslənirdi. Deyilirdi ki, niyə bu qədər vəsait ayrılır. Amma indi görürsünüz ki, bunlar nə qədər vacib addımlar imiş. Texnoparkların, sənaye parklarının yaradılması yeni iş yerlərinin açılması, büdcənin gəlirlərinin artması deməkdir. Amma mən də belə hesab edirəm ki, sənayeləşmə məsələsində addımların daha da sürətləndirilməsi, daha yeni-yeni sənaye müəssisələrinin, sənaye komplekslərinin yaradılması vacibdir”.

Millət vəkili Aydın Hüseynov öz növbəsində Azərbaycanda sürətli, dinamik inkişafın davam etdiyini və bunun ötən ilin dövlət büdcəsinin uğurlu icrasından bir daha məlum olduğunu bildirib.

***

ali-masimli

Əli Məsimli: Bakı və Abşeronun yaşıllaşdırılması ilə bağlı Dövlət Proqramı olmalıdır

Millət vəkili Əli Məsimli də çıxışında bildirib ki, Bakı və Abşeronun yaşıllaşdırılması ilə bağlı Dövlət Proqramına ehtiyac var.

Onun sözlərinə görə, bir sıra tədbirlərə rəğmən, hələ də  Bakıda və Abşeronda ekoloji durum kifayət qədər ağırdır: “Ona görə həm Bakıda, həm də Abşeronda ekoloji durumun yaxşılaşdırılması ilə bağlı yaşıllaşdırma yönündə xüsusi Dövlət Proqaramının hazırlanmasına və qəbuluna ehtiyac var. Əgər belə bir proqram hazırlanıb qəbul olunursa, bunun həm bu bölgələrin daha da gözəlləşməsinə, həm də ekoloji durumun daha da yaxşılaşmasına müsbət təsiri olacaq”.

Müzakirələrin sonunda qanun layihəsi plenar iclasın ikinci oxunuşuna tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kommersiya məhkəmələri yaradılır…

Read Next

“Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin…” – ARİF RƏHİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir