Şərəf tariximiz – BDU-NUN YARANMASINDAN 100 İL ÖTÜR

Bu gün Bakı Dövlət Universitetinin (BDU) yaranma günüdür, onun 100 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olundub – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb.

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Juze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib.

İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

BDU_OXU

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.

Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil alıblar.

Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilib və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb.

Bu sərəncamın tətbiqi ilə əlaqədar Bakı Dövlət Universitetinin özünüidarə statusu ləğv edilib.

BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulub.

Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.

Etikxeber.az

Read Previous

Modern.az-10!

Read Next

Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər – BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir