“Şərəfli alim ömrü”-SİFARİZ SƏBZƏLİYEV YAZDI

Azərbaycan iqtisad elminin fədakar alimlərindən olan iqtisad elmləri doktoru, professor Fazil Hacıyevin 65 yaşı tamam olur.

Fazil Hacıyev iqtisadi təhlil, uçot və audit sahəsində  apardığı tədqiqat və araşdırmaları ilə elmi ictimaiyyətə çox yaxşı tanışdır.

Ömrünün böyük bir hissəsini gənc iqtisadçı kadrların hazırlanması işinə həsr etmiş F.Hacıyevin 30 ildən çox pedaqoji təcrübəsi var.    

Hacıyev Fazil Şöhlət oğlu 11 yanvar 1956-cı ildə Füzuli rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra, çox gənc yaşında əmək fəaliyyətinə başlayan F.Hacıyev 1973-1974-cü illərdə Füzuli rayonunun “Araz” üzümçülük sovxozunda fəhlə işləyib. 1974-1976-cı illərdə keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətini yerinə yetirib.

O, 1978-ci ildə iqtisadiyyat sahəsində ali təhsil almaq arzusuna çatmaq üçün Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) üz tutub, institutun Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə qəbul olunub.

yüksək nəticələr qazanan, iqtisad elminə böyük maraq göstərən F.Hacıyev 1982-ci ildə “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali təhsilli mütəxəssis kimi rayona qayıdaraq, “Araz” sovxozunda mühasib işləməyə başlayıb.

1983-1985-ci illərdə Füzuli Rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Ancaq elmi-tədqiqat işinə marağı Fazil Hacıyevi məzun olduğu ali məktəbin aspiranturasına gətirib, 1985-1988-ci illərdə istehsalatdan ayrılmaqla əyani aspirant olub.

Fazil Hacıyev 1988-ci ildə vaxtından əvvəl yazdığı dissertasiya işini M.B. Lomonosov adına Moskva Dövlət Universitetində ixtisaslaşmış şurada müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

Fazil Hacıyev 1988-ci ildən gənc mütəxəssis kimi universitetin “Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasının nəzdində laboratoriya müdiri, 1989-cu ildə isə həmin kafedranın müəllimi, baş müəllim vəzifəsində işləyib, 1996-cı ildə müsabiqə yoluyla dosent seçilib. 2001-2005-ci illərdə “Uçot-iqtisad” fakültəsində əyani tədris üzrə dekan müavini işləyib.

Fazil Hacıyev 2010-cu ildə “Mühasibat uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi elmi adına layiq görülüb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professorudur.

Professor Fazil Hacıyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-tədqiqat və Tədrisi Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə doktorontura qəbul komissiyasının üzvü olub.

Həmçinin, “Azərbaycanın vergi jurnalı”nın resenzenti olub. Hazırda, Azərbaycan İqtisadçılar İttifaqının və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən FD 1.11 Dissertasiya Şurasının üzvüdür.

F.Hacıyev 2017-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə Bakı Biznes Universitetinin bakalavriat səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının “Mühasibat uçotu və audit” ixtisası üzrə sədridir.

İstedadlı alim pedaqoji fəaliyyəti dövründə 150-dən çox elmi-metodiki əsər yazıb. Onlardan 3-ü monoqrafiya, 1-i dərslik, 4-ü dərs vəsaiti, 12-si metodik göstəriş, 18-i tədris proqramıdır. Professor Fazil Hacıyevin xarici ölkələrdə 15 elmi məqaləsi çap olunub. 10-dan çox beynəlxalq konfransın materialları içərisində onun da elmi işləri var.

Professorun kitabları bu gün də tələbələrin böyük həvəslə istinad edib, iqtisad elminə yiyələndikləri tədris vəsaitlərindəndir. “İdarəetmə təhlili” dərsliyi, “Audit”, “Auditdə iqtisadi təhlil”, “Müasir şəraitdə milli iqtisadiyyatın təhlili” dərs vəsaitlərii və “Sənayedə istehsal gücündən istifadənin təhlili metodikası və onun təkmilləşdirilməsi istiqamətləri” monoqrafiyası F. Hacıyevin elmi ictimaiyyətə yaxşı tanış olan əsərlərindəndir.

F. Hacıyevin respublikamızın iqtisadi həyatı ilə bağlı dövri mətbuatda 25-dən çox elmi məqaləsi çap olunub. Kafedranın professoru kimi Fazil Hacıyev magistrların və doktorantların hazırlanmasında yaxından iştirak edir.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Fazil müəllimi 65 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatın ən gözəl neməti olan can sağlığı, uzun ömür, elmi-pedoqoloji fəaliyyətində yeni uğurlar arzulayırıq.

Sifariz Səbzəliyev,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri,

iqtisad elmləri doktoru,  professor

Etikxeber.az

Read Previous

“İstəyirəm onları hamı tanısın, bütün Azərbaycan, bütün dünya bilsin ki…”-JALƏ ƏLİYEVA BƏRGÜŞAD VƏ LƏK ŞƏHİDLƏRİNDƏN YAZDI

Read Next

Bu rayonda İkinci Vətən Müharibəsi iştirakçıları və Qazilər-ZİYARƏT EDİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir