Sərvət Gürcan-özü boyda Azərbaycan… – FİRUZ MUSTAFA YAZDI

Onunla tanışlığımın tarixi ötən əsrin sonu, bu əsrin əvvəllərinə təsadüf edir.

Yadımdadır, biz tanış olan zaman Sərvət bəy qaraqaş-qaragöz, qətran saçlı, gülərüz, çevik, zarafatcıl bir adamdı. Aradan illər keçsə də, mənim köhnə dostum, sözün müsbət mənasında, çox az dəyişib. Zaman onun yalnız siyah saçlarına öz bəyaz əlini çəkib. Yəni indi Sərvət vəyin başı uca, qarlı zirvəyə bənzəyir. Əslində elə dostumuzun üzü, yolu, yönü, yəni yaradıcılıq fəaliyyətinin istiqaməti də zirvəyə doğrudur.

Sərvət bəy Türkiyədə, İğdır mahalında dünyaya göz açıb. Qəribə və xoş bir təsadüfdür ki, mən İğdırda ilk dəfə Sovetlər Birliyi dönəmində olmuşam. Bu, mənim qardaş məmləkətə ilk səfərim idi. Elə Sərvət bəy haqqında da ilk dəfə iğdırlı dostlardan eşitmişəm.

Sərvət Gürcan uzun illər Türkiyədə məsul vəzifələrdə çalışıb. O, Mədəniyyət nazirinin, habelə Turizm nazirinin müşaviri olmuş, TRT-də genəl müdirlik uzmanı-strateji uzman vəzifəsində çalışmış, TİKA Eyitim Kültür qurumunda fəaliyyət göstərmişdir.

Sərvət bəy 1991-ci ildə Azərbaycan Araşdırmalar mərkəzinin əsasını qoymuşdur. O, bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyətini və ədəbiyyatını təqdir və təbliğ etmişdir. Onun şəxsi təşəbbüsüynən Türkiyədə vətənimiz və onun şanlı övladları ilə bağlı bir sıra nəşrlər işıq üzü görmüşdür.

Sərvət Gürcanın məmləkətimizə olan sevgisi həm də onun kökündən qaynaqlanıt. O, əslən Azərbaycan kökənlidir. Babası erməni qətliamı zamanı Yerevandan çıxmalı olmuşdur.

Sərvət bəy istedadlı bir adamdır. O, bir sıra poetik kitabların müəllifidir.  Ötən əsrdə onun iki kitabı nəşr edilib. 1971-ci ildə “Kavğaya şiirlər”, 1974-cü ildə “Maviye çağrı” adlı şeirlər kitabı hələ o zaman oxucuların və ədəbi ictimaiyyatın diqqətini çəkib.  Məsul dövlət işlərində çalışdığı zaman Sərvət Gürcan öz kitablarının nəşrinin qayğısına çox da qalmayib. Amma bütün bu ötən illər ərzində o, daim ədəbiyyatla, poeziya ilə nəfəs alıb.

Mərhum şairimiz İlyas Tapdıq Sərvət bəyin yaxın dostlarından biri idi. Şair bir müddət Ankarada yaşayarkən Sərvət Gürcanın səyi və dəstəyi ilə türk mətbuatında və televiziyalarında çıxışlar etmişdir.

gurcan

Dostumuz  Sərvət bəy hələ ilk gəncliyində, tələbəlik illərində Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanış olmaq məqsədi ilə kiril əlifbasını da öyrənib. Bizim üzdə olan elə bir söz adamımız, elə bir ziyalımız yoxdur ki, Sərvət Gürcan onun yaradıcılıq fəaliyyəti ilə tanış olmasın.

Artıq qeyd etdiyim kimi, Sərvət bəyin ilk ədəbi-poetik yaradıcılıq nümunələri ötən əsrin 70-ci illərində nəşr olunub. Və yenə yuxarıda dediyim kimi, bu ötən illər ərzində Sərvət Gürcan qətiyyən ədəbiyyatdan uzaq olmayıb. Bir neçə il öncə, daha dəqiq desəm 2010-cu ildə, Türkiyədə onun növbəti kitabı nəşr edilib. Kitabın adı çox rəmzi məna kəsb edir- “Aşk imiş”. Məcmuədə gedən şeirlərdə onun insana, torpağa, vətənə, dostlara, doğmalara sevgisi şirin poetik dillə əks olunub.

Lap bu yaxınlarda 2018-ci ilin ilk günlərində Bakıda Sərvət Gürcanın yeni bir kitabı nəşr olundu. “Sən eşqsən” adlanan bu kitab Azərbaycan Yazıçılar Birliyi Bədii tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ulu Çinar” jurnalının nəşridir. Kitabın redaktoru Elxan Zal, şeirləri dilimizə çevirənlər isə İbrahim İlyaslı, Əfqan Nəsirli və Elvin Rüstəmovdur. Kitab “Ekoprint” nəşriyyatında basılıb.

Yeni kitabda gedən şeirlər “Eşq imiş hər nə var aləmdə”(Füzulidən iqtibas), “Niyə böylə dəlicə sevdim bilmədim”, “Bir ikindi vaktıbir zaman”, “İmkansız bir aşkdı bizimki”, “Ki ürəgim tutuşub-tutuşub yanmaqdadır”, “Aşk denilən bir tükənməz dil buldum”, “Sevinc doğsun gündüzünə”, “Hər şeyi var edən O-nun nəfəsi” başlıqlı bölümlərdə toplanıb.

Sərvət bəy kəm klassik, həm folklor, həm də modern formada şeirlər yazır. Onun üçün “forma” bir növ formal səciyyə daşıyır. Bu şeirlərdə daxili dinamika, məna, mahiyyət daha önəmli xarakterə malikdir.

Sərvət Gürcanın şeirləri onun özü kimi səmimi, isti, həssas və doğmadır.

Onun “Yollar” şeirində oxuyuruq:

Yollar necə çəksin yaxamızdan əl,

Get-gəl olmayanda tikanlar dolur.

Yollar sərhəd qoymur, olmayır əngəl,

Ürəksiz yollara sərhəd qoyulur.

Zənnimcə, çox gözəl ifadədir: “Ürəksiz yollara sərhəd qoyulur”. Bu, həqiqətən belədir; yalnız ürəksiz gedilən yolların səddi-sərhəddi olur.

Bu yaxınlarda, yəni yeni ilin ilk günlərində AYB-də Sərvət Gürcanın yeni kitabının təqdimat mərasimi keçirildi. Bu maraqlı tədbirdə ölkəmizin bir sıra ədəbiyyat, siyasət və sənət adamları ilə yanaşı, qardaş ölkədən gələn aydınlar da iştirak edirdi. Türkiyədən məxsusi olaraq kitabın təqdimat mərasiminə gəlmiş əski Turizm naziri İlhan Aküzüm öz dostu, həmkarı və məsləkdaşı Sərvət Gürcanın fəaliyyəti barədə söhbət açarkən yadıciddi-yarızarafat şəklində dedi: “Mən dosum Sərvət bəyin şair olduğunu və belə maraqlı əsərlər” yazdığını bilməmişəm”. Bu, həm də Sərvət Gürcanın təvazökarlığına bir işarə idi.

Mən dostumuz  Sərvət Gürcanı bir daha təbrik edirəm. Və həmişə görüşəndə qəlbimdən keçən bir sözü indi ucadan deyirəm:

“Sərvət Gürcan-özü boyda Azərbaycan…”

Firuz Mustafa

Etikxeber.az         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read Previous

Bolqarıstanın baş naziri Azərbaycana gəldi və… – FOTOLAR – YENİLƏNİB- (1)

Read Next

Borisovun Azərbaycana səfəri başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir