“SƏYAVUŞ, SƏNƏ HÜRSƏM, ZATIMA LƏNƏT…” – İLHAM RƏHİMLİ

Səyavuş Aslanın Musiqili Komediya Teatrında işləyən vaxtları imiş. Bir gün növbəti təzə tamaşanın premyera günü onun Gürcüstandan qonaqları gəlir. O, premyeraya azacıq içgili gəlir. Səhnə maşinisti Qulu həmişə təzə tamaşa olanda Səyavuşdan şirinlik istəyir, o da onu heç vaxt əliboş qaytarmır. Bu dəfə necə olursa Səyavuş ona pul vermir. Fikirləşir ki, Qulunun araq pulunu tamaşanın axırında verərərm. Tamaşadan sonra təbriklər, alqışlar, şəkil çəkdirmək və sair… Bir söznən, aləm yaxşı mənada dəyir bir-birinə…
Qulu gəlir Səyavuşun qirim otağına. Üzünü qrimini silib, paltarını dəyişən aktyora tutub pul istəyir. Nəyə görəsə hirsəlnmiş Səyavuş onu acılayır. Hətta yüngülvari söyür də. Qulu da, eləmə tənbəllik, qalxır direktor Şəmsi Bədəlbəylinin otağına. Şikayət edir ki, Səyavuş Aslan onu təhqir edib söydü. Otaqda təzə tamaşanın libretto müəllifi, bəstəkarı, quruluşçu rejissor, mədəniyyət nzirinin müavini Məmməd Ziyadov söhbət edirmişlər. Səyavuşun xətrini çox istəyən Şəmsi Bədəlbəyli əlacsız qalıb səhərisi gün Səyavuş Aslana töhmət elan edir. Həmin töhməti də asırlar elanlar lövhəsindən.
İşə gələn kimi bu məsələni Səyavuşa çatdırırlar. O, özü gəlib elan lövhəsindəki töhmət əmrini oxuyur. Oxuyub pərt olur və dilxor-dilxor gəlir Şəmsi Bədəlbəylinin yanına. Salamsız-kəlamsız deyir:
– Şəmsi müəllim o töhməti mənə…
Şəmsi müəllim yerindən qalxıb irəli gəlir, onu bağrına basıb gülə-gülə deyir:
– Ay Səyavuş, zalım oğlu Ziyadovun yanında az qaldı ağlaya… Əlacım yoxdu… Fikir eləmə, tapşırmışam, bir saatdan sonra o elanı lövhədən çıxardacaqlar. Beş-on günə Bakı kəndlərindən birində tamaşa oynayarsınız, sənin bu töhmətini ləğv edib, əvəzinə təşəkkür verərik.
Səyavuş yarı incik halda:
– Görək də… – deyib, otaqdan çıxır.
Beş-on gündən sonra başqa tamaşa oynanılır. İkinci pərdədə hadisələr kənd evinin həyətində baş verir. Həmin epizodda tamaşaçı salonu ilə səhnənin yarısının arasında çəpər var. Bu, üç metr uzunluğunda, bir metr yarım hündürlüyündə olan ağac şivlərindən hörülmüş təbii çəpər idi. Həmin çəpər iki yerdən dayaqlara bərkidilir və həmin dayaqlar da səhnəyə mıxlanırdı. Bu işi də Qulu görürdü.
Səyavuş tamaşanın başlanmasına iki-üç saat qalmış gəlir Qulunun çəkic-mismarını daşıyan fəhlənin yanına. Cibinə iki üç manatlıq basıb tapşırır:
– Bu üçlüyün birinə araq alıb tamaşadan əvvəl Quluynan içərsən. O biri üçlüyü saxlayarsan özünə. Amma əvəzində ikinci pərdədə çəpərin dayaqlarını Quluya gec apararsan. Soruşsa ki, niyə gec gəldin, denən dayaqlar dekorların altında qalmışdı, gücnən çıxartdım. Başa düşdün?

Sayavus Aslan
Fəhlə:
– O nə sözdür Səyavuş müəllim. Necə lazımdır, elə də olacaq.
Səyavuş:
– Onda işində ol.
Həmin fəhlə də «baş üstə» deyib, gedir mağazadan araq almağa. Arağı, kolbasa çörəyi alb gəlir. Arağın yarısını tamaşadan əvvəl Quluynan içirlər, yarısını da saxlayırlar tamaşadan sonraya.
Bəli, birinci pərdə sona çatır. Səyavuş gəlir radistin yanına və ona deyir:
– Rejissor tapşırıb, bu gün itin hürməsini çox verərsən, sonuna da zingilti əlavə edərsən.
Sonra gəlir tamaşanı idarə edən rejissor köməkçisinin yanına. Başlayır özündən söz uydurmağa.
– Bilirsən də, rejissor bəzi mizanları dəyişib. Mən səhnənin o biri tərəfindən çıxacam. Sənə əl edən kimi pərdəni açarsan.
Rejissor köməkçisi:
– Oldu, Səyavuş müəllim.
Tamaşada harayladığı obrazı oynayan aktyora da deyir ki, mən səni çağıranda səhnəyə bir-iki dəqiqə gec çıx. Yəni, itin zingiltisi kəsiləndən sonra. O da razılaşır.
İkinci pərdədə dekorların dəyişməsi Səyavuşun «ssenarisi» üzrə gedir. Qulu aşağı əyilib gecikən fəhlənin qarasına deyinə-deyinə cəpərin dayağının birini döşəməyə mıxlayır. İkincisini mıxlamaq istəyəndə Səyavuşun işarəsi ilə pərdə açılir. Orkestr musiqini başlayır. Bədəncə sısqa olan Qulu çəpərin dalndan çıxa bilmir. Əgər çıxsa, tamaşaçıların gülüşünə səbəb olacaq, onda da zavallını ya işdən çıxaracaqlar, ya da səhnə maşinstliyinin rəhbərliyindən endirəcəklər adi fəhləliyə. Həm də ayağa qalxasa, dayağı mıxlanmamış çəpər aşacaq. Buna görə əlacsız qalır, büzüşüb oturur çəpərin dibində. Həm də çəpərdən bərk-bərk yapışır ki, aşmasın.
Həmin pərdə Səyavuşun oynadığı epizodla başlayır. Onun əlində ağac var, guya kimisə haraylayır, onun səsinə çəpərin dalında it hürür. Səyavuş da ağacla özünü qoruyub «ay it, hürmə» deməlidir.
Fanoqramada it hürüşü verilir. Səyavuş da ağacla Qulunun harasına gəldi vurur, amma tamaşaçı Qulunu görmür. Səyavuş hər Qulunu vurduqca özündən əsərdə olmayan mətn uydurub deyir:
– Köpək oğlunun qudurmuş tulası, yadında qalsın ki, hər yoldan ötənə hürmək olmaz. Nə qədər çox hürsən, o qədər də çox kötək yeyəcəksən. Üstəlik də yeməksiz-içməksiz qalacaqsan.
Tamaşaçılar bu səhnəni təbii qəbul edib, alqışlarla qarşılayırlar. Səyavuşun epizodu bitir və o, səhnədən çıxır. Başqa epizodlar oynanılır və Qulu də hələ çəprin dalındadır. Nəhayət, vaxt çatır, pərdə bağlanır. Aktyor bufetində çay içən Səyavuş düşür səhnəyə. Gəlib görür ki, Qulunu uzadıblar səhnənin qırağna, kimi onun bədəninin zərbədən zol düşən yerinə yod çəkir, kimi göyərən göynərtiyə buz qoyur, kimi ona su içirdir…
Səyavuş acı təbəssümlə ona baxır, o da yazıq-yazıq altdan yuxarı Səyavuşa.

İmamverdi Bağırov onu tənbeh edir:
– Utanmırsan, ay Səyavuş, gör bu yazığı nə günə qoymusan?
Səyvuş Aslan coşur:
– Bəs o utanmır, hər dəfə məndən pul alıb sağ ol deyir, sonra da gedib mənim verdiyim pula araq alıb içir. Bir dəfə pul verməmişəm, qaçıb Şəmsi Bədəloviçin yanına şikayətə ki, Səyavuş içkilidi. (üzünü Quluya tutur) Necəsən, indi mən də gedim Şəmsi müəllimə deyim ki, Qulu piyandı. Dekorasiyanı gec qurdu, az qaldı tamaşanı proval eləyə. Gedim deyim? Yoxas day bir də xəbərçilik edib hürmüyəssən ki?
Qulu yazıq-yazıq dillənir:
– Demə, Səyavuş… Sənə qurban olum, demə… Bir də sənə hürsəm mənim zatıma lənət…

 İlham RƏHİMLİ
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor 
Etikxeber.az

Read Previous

“Bu, birinci cinayətdir ki, özləri bunu etiraf etdilər…” – MİLLƏT VƏKİLİ

Read Next

XİN: “Ermənistan bununla dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyir…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir