Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah-24 yanvar tarixində daha bir neçə Şəhidimizin Cənnətdəki doğum və Anım günləridir.
Əslən Naxçıvan Muxtar Respublikasından (NMR) olan Antiterror Şəhidi Vüqar Eyvazovun sabah 36 yaşı tamam olur.
Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Cənnətdəki ikinci doğum günü ilə bağlı sabah tezdən Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Məzarını ziyarətdən sonra isə məclis düzənlənəcək, Şəhidin adına ehsan süfrəsi təşkil olunacaq.
Etikxeber.az xəbər verir ki, Vüqar Eyvaz oğlu Eyvazov 24 yanvar 1989-cu il tarixində NMR-in Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
Sonra ailələri ilə birlikdə Bakı şəhərinə köçüblər.
Binəqədi rayonunda yerləşən 205 saylı tam orta məktəbdə orta təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Aqrar Universitetində ali təhsilə yiyələnib.
Ali məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edib.
Hərbi xidməti dövründə Təlim-Tədris Mərkəzində zabit hazırlığı kurslarında iştirak edib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrində Leytenant hərbi rütbəsində xidmətə başlayıb.
Kapitan hərbi rütbəsinəcən yüksəlib
27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Vətən Müharibəsində iştirak edib.
Müharibədən sonra “Vətən müharibəsi iştirakçısı” və“Cəsur döyüşçü” medalları ilə təltif edilib.
2023-cü ilin 19 sentyabr tarixində isə Antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində qəhrəmancasına Şəhid olub.
Nəşi İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra daha bir medal və ordenlə təltif olunub.
İki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.
***

Sabah eyni zamanda, Aprel döyüşlərinin, o cümlədən İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Gizir və İkinci Qarabağ Savaşından bir müddət sonra iş başında ürəktutmasından dünyasını dəyişən Elvin Ramiz oğlu Cəfərzadənin torpağa tapşırıldığı gündür.
Elvin Cəfərzadənin Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Qeyd edək ki, Elvin Cəfərzadə 8 noyabr 1996-cı il tarixində Bərdə rayonunun Köbər kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 övladından, 3 qardaşdan biri və evin kiçik oğlu, sonbeşiyi olub.
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra həyatını hərblə bağlayıb, hərbi polis-taqım komandiri, Gizir olub.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Eyni zamanda, hərbi polis-taqım komandiri, Gizir kimi İkinci Vətən Müharibəsinə qatılıb, Tərtət-Ağdərə istiqamətlərində, Suqovuşan və Talışda olub.
İkinci Vətən Müharibəsindən az bir müddət sonra, 2021-ci ilin yanvarın 24-də isə Ağdamda postu dəyişərkən ürəktutmasından, cəmi 25 yaşında dünyasını dəyişib.
Nəşi, tabutu üç rəngli bayrağımıza bürünərək, yüzlərlə, minlərlə hərbçinin, iş yoldaşlarının iştirakı ilə Mirzəxan kənd qəbiristanlığında dəfn olunub.
İkinci Vətən Müharibəsindən sonra iki medalla təltif olunub.
O, həm də subay olub.
Həmçinin, hərbçi qardaşının övladı-balaca Elvin Onun adını daşıyır.
Yeri gəlmişkən, dünyasını dəyişməsindən dörd il keçsə də, hələ də Elvin Cəfərzadənin Şəhidlik Haqqı tanınmayıb.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az