Sabah tək övlad, İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Ələkbərovun Cənnətdəki dördüncü doğum günü, “Qisas” əməliyyatı Şəhidləri-NAMİQ MƏMMƏDLİ, SƏFİYAR MƏMMƏDOV VƏ ÜMİD İMAMQULİYEVİN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMALARININ İKİNCİ İLİ, ANIM GÜNLƏRİDİR… – FOTOLAR

Sabah Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Rəşad İlqar oğlu Ələkbərovun Cənnətdəki dördüncü doğum günü, “Qisas” əməliyyatı Şəhidlərindən isə Xüsusi Təyinatlılar-Bərdəli Namiq Ağəmməd oğlu Məmmədli, Goranboylu Səfiyar Elşən oğlu Məmmədov və Ümid Vüqar oğlu İmamquliyevin Anım günləridir.

Rəşad Ələkbərovun sabah-15 sentyabr 2024-cü il tarixində 27 yaşı tamam olur.

Digər üç Şəhid-Namiq Məmmədli, Səfiyar Məmmədov və Ümid İmamquliyev isə 2022-ci ilin sentyabr ayının 15-də dəfn ediliblər və sabah onların Əbədiyyətə uğurlanmalarının ikinci ilidir.

Etikxeber.az xəbər ki, sabah-15 sentyabr 2024-cü il tarixində, səhər saatlarında hər üç “Qisas” əməliyyatı Şəhidinin Əbədiyyətə uğurlanmalarının ikinci ildönümü, Anım günləri ilə bağlı öz rayonlarında-dəfn edildikləri qəbiristanlıqlarda məzarları ziyarət olunacaq.

Hər üçünün də məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq.

Hər üç Şəhidin məzarlarını ziyarətdən sonra Bərdənin Təhlə kəndində Namiq Məmmədlinin, Goranboyun Qızılhacılı qəsəbəsində Səfiyar Məmmədovun, Qaradağlı kəndində isə Ümid İmamquliyevin Anım mərasimləri keçiriləcək, adlarına ehsan veriləcək.

Eyni zamanda, sabah Gəncə şəhərinin Səbiskar qəbiristanlığında Rəşad Ələkbərovun məzarı ziyarət ediləcək və ziyarətdən sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı “Səbiskar” mərasim zalında məclis düzənlənəcək, ehsan süfrəsi açılacaq.

***

Qeyd edək ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 

O, həm də evin-ailənin tək oğlan övladı olub.

Anası, Birinci Qarabağ Savaşının iştirakçısı Nailə xanım tərəfindən yataqxanada və təkbaşına böyüdülüb.

Rəşad 2012-ci ildə  Gəncə şəhər 44 nömrəli məktəb-liseyin  9-cu sinfini  bitirib. 

2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.  

Hərbi xidmətdən əvvəl və sonra video-operator işləyib.

2020-ci ilin iyul ayında, Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib. 

27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad  Ələkbərov yenidən hərbi xidmətə çağrılıb.

O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib, Şuşa fatehlərindən olub. 

Rəşad Ələkbərov Şuşanın azad edilməsindən bir gün sonra və Qələbənin qazanılmasına cəmi saatlar qalmış, 9 noyabr 2020-ci il tarixində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb. 

Nəşi 3 gün sonra, 12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. 

Rəşad Ələkbərov Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad eyni zamanda, subay olub.

***

Ümid İmamquliyev 2023-cü ilin 28 avqust tarixində Goranboy rayonunun Qaradağlı kəndində, çox kasıb və çox sadə bir ailədə dünyaya gəlib.

Ailənin 4 övladından biri olub.

Böyük qardaşları hələ körpəykən dünyasını dəyişib.

Ailədə 3 üşaq-2 qardaş, 1 bacı qalıblar.

İki yaş ondan böyük olan qardaşının da səhhətində ciddi problemlər var.

Ümid orta məktəbi bitirdikdən bir müddət sonra, 2021-ci ilin oktyabr ayında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb, “052”-də qulluq etməyə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub.

Axırıncı dəfə də ailəsi ilə ötən ilin sentyabr ayının 4-də danışıb və valideynlərinə Bakıda olduğunu deyib.

Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Və 9 gün sonra, Əsgərliyinin bir ilinin tamamına yaxın, sentyabr ayının 13-də qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Sentyabrın 13-də Kəlbəcər istiqamətində Şəhidlik məqamına yüksələn Ümidin nəşi 15 sentyabr tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ümid də subay olub.

***

Namiq Məmmədli 1996-cı ilin may ayının 2-də Bərdənin Təhlə kəndində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Hər iki qardaş-həm Namiq, həm də ondan 4 yaş böyük olan-1992-ci il təvəllüdlü qardaşı Natiq hərb sənətini, hərb yolunu seçiblər.

Hər iki qardaş həm tarixi 44 günlük İkinci Vətən Müharibəsində, həm də qanlı sentyabr döyüşlərində iştirak ediblər.

Namiq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

2018-ci ildən hərb yolunu seçən Natiq isə Azərbaycan Ordusunun Giziridir.

Namiq Murovdan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.

Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Natiq də Suqovuşan və Ağdam istiqamətlərində döyüşüb.

“Qisas” əməliyyatı zamanı isə Namiq Kəlbəcər, Natiq isə Laçın istiqamətində döyüşüb.

Və sentyabrın 12-dən 13-nə keçən gecə Namiq Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi iki gün sonra-15 sentyabr tarixində Bəcirəvan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Namiq İkinci Vətən Müharibəsindən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2022-ci ilin noyabr ayında isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Eyni zamanda, xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə təltif olunub.

Natiq isə İkinci Qarabağ Savaşından sonra iki medalla-“Suqovuşanın azad olunmasına görə”  “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Namiq də Ümid və Rəşad kimi subay idi.

Natiq isə ailəli, iki övlad atasıdır.

***

 Ailənin 4 övladından, 3 qardaşdan biri olan Səfiyar Məmmədov isə 2002-ci ilin yanvar ayının 1-də, Yeni ilin ilk günündə Goranboyun Qızılhacılı qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib.

Anaları Narıngül xanım onları təkbaşına böyüdüb boya-başa çatdrıb.

Səfiyar orta məktəbi bitirdikdən az sonra Əsgərliyə, Vətənin keşiyinə yollanıb və həqiqi hərbi xidmətdə olarkən İkinci Vətən Müharibəsinə qatılıb.

Müxtəlif istiqamətlərdə döyüşüb və müharibədən sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb.

Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyətə başlayıb.

Və “Qisas” əməliyyatı zamanı Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ayın 12-də Şəhidlik məqamına yüksələn Səfiyarın nəşi sentyabrın 15-də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Səfiyar da bu həyatdan subay köçüb.

Hər dördünün də məkanları cənnətlik, ruhları şad, məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç oğlan övladından biri, ali təhsilli, Leytanant, “Azərbaycan Bayrağı” ordenli-“QİSAS” ƏMƏLİYYATI ŞƏHİDİ ÖMƏR ŞİRİNOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Read Next

Həm Goranboylu, həm də Kəlbəcərli-“QİSAS” ƏMƏLİYYATI ŞƏHİDİ ÖMƏR ŞİRİNOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir