Sabiq deputatdan jurnalistə sərt ittihamlar…

Mən bu yazını yazmaq istəmirdim, ancaq, təəssüf ki, jurnalist Kamran Mahmudov mənə başqa yol buraxmadı.

İki gün öncə jurnalist, daha öncə “Azadlıq” radiosunun və Kanal 13-ün əməkdaşı kimi mənimlə sıx əməkdaşlıq edən, REAL Hərəkatının media blokunun aparıcısı kimi son iki ildə mənimlə hansısa bir əməkdaşlığı olmayan, ancaq həmişə hörmətlə yanaşdığım jurnalist Kamran Mahmudov səhifəmin inboxuna 7 sual göndərdi və bu suallara axşamadək, yəni bir neçə saat ərzində cavab verməli olduğumu bildirdi. Sualları hansı media orqanı üçün istədiyini bildirmədi.

Mən zaman məhdudiyyətini, sualların mahiyyətini, bu müsahibəni yayımlayacaq media orqanının adının gizli saxlanıldığını və xüsusilə də, bu suallara dəfələrlə daha böyük auditoriyalar qarşısında cavab verdiyimi və AŞPA-nın məlum qərarından sonra onların öz aktuallığını itirdiyini nəzərə alıb Kamran bəyə imtina etdiyimi yazdım. Təkid etdi, sualları ictimailəşdirəcəyi ilə təhdid etdi, “öz işinizdir, sizə yol göstərə bilmərəm” dedim. Kamran bəy sualları fb profilində paylaşıb, məni suçlayıb, mütəxəssis rəyi istəyib. Rəy bildirən insanların yalnız üçü media hüququ üzrə mütəxəssisdir. Onların ikisi- hörmətli hüquqşünaslar Ənnağı Hacıbəyli və Rəşid Hacılıya təşəkkürümü bildirirəm, çünki məsələnin mahiyyətinə düzgün nüfuz ediblər, olayı obyektiv dəyərləndiriblər. Hörmətli Ələsgər Məmmədlinin yanaşması ilə razı deyiləm, ancaq bəzi faktlar açıqlanandan sonra onun da məni imtinamda haqlı biləcəyinə ümid edirəm. Keçək faktlara.

1. Özünə hörmət edən heç bir siyasətçi adı, ünvanı bəlli olmayan, Kamran bəyin statusunda da qətiyyətlə adını gizlətdiiyi, (hətta bu barədə suala cavabdan yayınıb) bir sayta müsahibə verməz. Məsələn, mən hakimiyyət və yandaş saytlara müsahibə vermirəm. 

2. Kamran Mahmudovun saytla bağlı açıq sualdan niyə yayındığının səbəbini izah edim. Mən müsahibədən imtina edərkən eyni, özü də mətbuatda çox geniş dartışılmış, artıq AŞPA qərarı ilə həllini tapmış və aktuallığını itirmiş bir mövzu və şəxsimlə bağlı 7 sualın çox artıq olduğunu, Azərbaycan cəmiyyətində müzakirə edilməli daha önəmli problemlərin mövcudluğunu bildirəndə Kamran bəy sualların “Turan” İnformasiya Agentliyinin Analitik İnformasiya saytı üçün hazırlandığını, müsahibənin üç dildə beynəlxalq arenaya çıxacağını (sanki ölkənin beynəlxalq müstəviyə çıxarılacaq daha önəmli problemləri yoxmuş kimi və məsələ aktuallığını itirəndən sonra!) və məhz buna görə də sualların tərtibində belə ifratçılığa yol verilməsini əsaslandırdı. “Turan”-ın peşəkar, tərəfsiz və dərin analitikasının daimi oxucusu kimi mən Kamran Mahmudovun yanlış informasiya verdiyini dərhal anladım. Çünki, bu “Turan”ın üslubu deyil. Ertəsi gün bu məlumatı dəqiqləşdirmək imkanım oldu və bəlli oldu ki, “Turan” heç kimə AŞPA-nın mənimlə bağlı qərarı haqqında yazı hazırlamağı, müsahibə almağı tapşırmayıb, istiqamət verməyib. 

3. Jurnalistin siyasətçidən aldığı müsahibə müəyyən peşə standartlarına uyğun olmalıdır. Məsələn, bu müsahibə küçədə keçirilən rəy sorğusundan fərqlənməlidir. Jurnalist siyasətçini az-çox tanımalı, öyrənməli, heç olmasa müsahibənin predmetini az da olsa bilməlidir. Məsələn, mənim dəfələrlə məsələyə aydınlıq gətirməyimdən, fb səhifəmdə AŞPA-dan aldığım məktubları paylaşıb onlara geniş şərhlər yazmağımdan, Qənimət Zahidin, Azadlıq qəzetinin, Sevinc Osmanqızının, Obyektiv Tv-nin, Azər Kazımzadənin, Meydan TV-nin efirində dəfələrlə bu məsələyə saatlarca aydınlıq gətirməyimdən, hətta Səməd Seyidovun APA-da yayımlanan və KİV-də geniş tirajlanan “Biz göndərməmişik” etirafından sonra jurnalist “Sizi istintaq orqanına ifadə verməkdən imtina etdiyinizə görə siyahıya daxil etmişdilər. Ancaq siz deyirdiniz ki, əslində AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ifadə vermək üçün çağırış faktını sizdən gizlədib. Hardan bilirdiniz bunu? ” sualını qoyursa, demək o ya tam məlumatsızdır, yaxud da müsahibəyə heç hazırlaşmayıb, mövzudan anlayışı yoxdur. Və bir siyasətçidən bütün işlərini atıb bir neçə saat ərzində həmin jurnalistə adı, ünvanı bəlli olmayan saytda yayımlanacaq müsahibə verməsini və bu zaman ən azı on dəfələrlə böyük auditoriyaya qarşısında dəfələrlə səsləndirdiyi fikirləri təkrarlamağı tələb etmək, zənnimcə, məntiqli və ədalətli bir iş deyil. 

4. Media hüququndan anlayışı olan hər kəs bilir ki, söhbət kiməsə qarşı açıq korrupsiya ittihamından gedirsə, bu sahədə yaranan ictimai münasibətlər, ilk öncə, cinayət hüququ ilə tənzimlənir. Hüquqa görə, kimisə cinayət törətməkdə ittiham etmək üçün ortada konkret fakt olmalıdır. Cinayət işi məhz fakta görə açılır. İstintaq tərəfi şübhələndiyi şəxslə bağlı sübutlar toplayır, əlində yetərincə dəlil, fakt, sübut varsa, ona qarşı ittiham irəli sürür. Cinayəti sübuta yetirmək istintaqın- ittiham tərəfinin öhdəliyidir! Təqsirləndirilən şəxsin üzərində, hətta, ortada konkret cinayət faktı olsa belə, hətta onun təqsirini təsdiq edən onlarla əsas olsa belə, təqsirsizliyin sübutetmə vəzifəsi və öhdəliyi yoxdur! Bu, hüququn və insan haqlarının əlifbasıdır! Bu təqsirsizlik prezumpsiyası adlı hüquqi müdafiə mexanizminin təməlidir! İndi gəlin görək Kamran bəy mənə hansı sualı verir: “Siz mətbuata sanksiya məsələsi ilə bağlı açıqlamalar versəz də, ancaq cəmiyyətdə sizinlə bağlı hələ də şübhələr qalmaqda idi. Bunu da sizin siyasi keçmişinizlə əlaqələndirirdilər. Siz necə sübut edə bilərsiniz ki, siyasi keçmişinizdə hökumətin maraqları üçün bu addımlardan çəkinmisiniz? Yəni bunu ictimaiyyətə necə sübut edəcəksiniz?”.

gultekin-6

Fikir verin, AŞPA-da biri Avropa Məhkəməsinin keçmiş sədri, ikisi keçmiş hakimi, biri İsveçin keçmiş ombudsmanı olan nüfuzlu ekspertlər bir ildən çox çalışıb və mənə qarşı heç bir korrupsiya ittihamını nə əvvəl, nə sonra irəli sürməyiblər, AŞPA yol verdiyi texniki yanlışlığı da artıq düzəldib və məndən üzr istəyib. Ancaq mən Kamran bəyin tələbi və təkidilə hansısa abstrakt, onun özünə də bəlli olmayan cinayəti törətmədiyimi ictimaiyyət qarşısında sübut etməliyəm! Bilmirsən burada qeyri-peşəkarlıq daha çoxdur, yoxsa qərəz! Müstəntiq hətta cinayət törətmiş şəxsdən sübut tələb edə bilməz, sübutları özü əldə etməli və müttəhimi fakt qarşısında qoymalıdır, ancaq jurnalist məndən açıq mətnlə sübut tələb edir! Mən təqsirləndirilən şəxs deyiləm, istintaq altında deyiləm və mənə ünvanlanan bu sual nəinki peşə etikasının, hətta insan hüquqlarının pozulmasıdır! Siyasətçini məqsədli şəkildə cəmiyyətin gözündən salmaq cəhdidir! Meydan Tv-nin daha öncə mənə qarşı törətdiyi efir provakasiyasının davamıdır!

Bəs ictimaiyyət adından mənə qarşı belə ağır ittiham irəli sürüb hətta israrla sübut tələb etmək haqqını jurnalistə kim, nə zaman və hansı şəraitdə verib?!..

5. Bütün yuxarıda sadalananlar bir yana, ancaq Kamran bəyin bir hərəkəti mənə lap çox təsir etdi. Nə yazıq ki, o bunu da etdi. Bizim şəxsi inbox yazışmalarımızın bir hissəsini fb-da paylaşdı. Mənə görə, bu addım, nəinki peşə etikasına, hətta elementar insani ünsiyyət qaydalarına ziddir. Əlimdə keçmiş həmkarlarımla, vəzifəli şəxslərlə bağlı çox belə faktlarım olub, ancaq bunu heç vaxt özümə yaraşdırmamışam. Bəlkə də, yanılıram. Bəlkə də köhnəfikirlilikdir, ancaq mən bunun əksini təsəvvür edə bilmirəm. 

6. Mən bu yazını axşam yazdım, ancaq, “ölkə gündəmini zəbt edəcək daha önəmli mövzular var, daxili intriqalar cəmiyyət üçün faydalı deyil” deyib, vaz keçdim. Sildim. Nə yazıq ki, Kamran Mahmudov usanmadı, “Ayna”-da yenə məndən yazdı. Və məni yenə də çox ədalətsizcəsinə etmədiyim əməllərdə suçladı. Məsələn, mənim onun suallarından qorxduğumu yazdı. 8 ildir rejimin təzyiqi altında olub, övladı ilə təhdid olunub da qorxmayan şəxs niyə jurnalistin suallarından qorxmalıymış, anlamadım.

Özü də AŞPA operativ qaydada qərarını ləğv edəndən sonra! Və ya Kamran Mahmudovu hakimiyyətə işləməkdə suçlamaq heç vaxt ağlımın ucundan keçməyib, ancaq o bunu da mənim “delo”ma tikməyə, mənə qarşı ifşa olunmuş təxribatı yenidən gündəm mövzusu etməyə çalışır.

kamran

Niyə?! Məqsədi nədir?! Bir halda ki, Kamran bəy şəxsi yazışmalarımızı yaymağı özünə yaraşdırır, qoy özünə sərf edəni yox, bütün dialoqu yaysın, görək həqiqət haradadır.

Gültəkin Hacıbəyli,

Sabiq deputat

Etikxeber.az

http://ayna.az/2018/daha-bu-olkede-jurnalist-islemek-olmur/

Read Previous

Rusiyada vahid seçki başa çatdı- SOBYANİN YENİDƏN MER OLUR…

Read Next

Zəlzələ qurbanlarının sayı durmadan artır… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir