“Şagirdlərimizin ADA-nın tələbələrinə qibtə hissi ilə yanaşdığını gördüm və…” – İLAHƏ HƏMİDOVA – FOTOLAR

“Şagirdlərin  tələbəlik həyatını,  universitet mühitini, burada  keçirilən dərsləri və tədbirləri  gözləri ilə görmələri, onların gələcək həyatlarının, daxili həvəslərinin doğru yönləndirilməsi üçün belə bir  layihəyə start verdim…” 
Emil ABBASOV: “Başqa fakültələrdən olan tələblərə rast gəlmişəm ki, onlar seçimlərindən bir növ narazılıq ediblər, loru dillə desəm, az qala dizlərinə döyələr ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik…”
ada-1

Mayın 25-də Azərbaycan Diplomatiya Akademiyası (ADA) Universitetində Bakı şəhər Xətai rayon 221 saylı orta məktəblə birlikdə “Məktəbdən universitetə gedən yol “adlı layihə çərçivəsində görüş-tədbir keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə adıçəkilən məktəbin 10-11-ci siniflərində oxuyan 32 şagird və 6 müəllim, o cümlədən, ADA-nın əməkdaşları iştirak edib.
Tədbiri aparan ADA-nın əməkdaşı Şəbnəm Qəhrəmanova şagirdləri müzakirələrdə fəal olmağa səsləyib.

ADA-nın informasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Emil Abbasov isə deyib ki, bu gün Azərbaycanda və bütövlükdə dünyada ən böyük önəm verilən və prioritet seçilən sahələrdən, məsələlərdən biri informasiya texnologiyalarıdır. O, xüsusilə, Azərbaycanda bu sahədə güclü və peşəkar mütəxəssislərə ehtiyac duyulduğunu deyib:
“Elə bizim Universitetin tələbələrini götürək. Dəfələrlə başqa fakültələrdən olan tələblərə rast gəlmişəm ki, onlar seçimlərindən bir növ narazılıq ediblər. Loru dillə desəm, az qala dizlərinə döyələr ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik. Hətta, bəzən qarşılıqlı mübadilələr zaman digər falkütələrin tələbələrinin bu məsələdə göstəriciləri bizim fakültənin tələbələrinin göstəricilərindən yüksək olub. Ümumiyyətlə, bizim fakültəni oxuyub bitirənlər üçün, bütövlükdə informasiya texnologiyaları və mühəndislik isxtisası üzrə mütəxəssislərə dünyanın hər bir yerində yüksək məvacibli iş tapmaq mümkündür, bəzən də daha asandır. Ona görə də sizlərdən arzum və istəyim odur ki, seçim məsələsində çox diqqətli olasınız”.
ada-2
Adıçəkilən layihənin rəhbəri, Xətai rayon 221 saylı orta məktəbin informatika müəllməsi İlahə Həmidova da öz növbəsində bildirib ki, dərs dediyi məktəbin kollektivi, onun şagirdləri ilə daim fəxr edir:
 “Çünki bizim məktəbin şagirdləri çox bilikli, çox hazırlıqlı, elmə, təhsilə çox həvəsli uşaqlardır. Bu gün burada əyləşən şagirlərin tam yarısı 11-ci sinif şagirdləridir və onların hamısı ali məktəblərə ilkin qəbul imtahanında 500-dən çox bal toplayanlardır. Hətta, şagirdlərimizdən birinin balı 600-dən də yuxarıdır, amma, o, nəticəsindən narazıdır, deyir ki, ikinci imtahanda gərək 700 bal toplayım və Heydər Əliyev təqaüdçüsü olum. Bizim də bu layihəni təşkil etməkdə məqsədimiz şagirdlərimizin öz bilik və baçarıqlarını, hazırlıq səviyyələrini nümayiş etdirmələrinə, dünyagörüşlərini formalaşdırmalarına köməklik göstərmək və buna nail olmaqdan ibarətdir”.
O, eyni zamanda bildirib ki, “Məktəbdən universitetə gedən yol” adlı layihə mahiyyət  etibarı ilə  məktəbin ən fəal və əlaçı yuxarı sinif şagirdlərinin başqa-başqa universitetlərə ekskursiyasının  təşkil edilməsidir. İ. Həmidova düşünür ki, layihənin köməyi ilə şagirdlərin universitetlərə marağı artır,  sərbəst  seçim etmək imkanı yaranır:
 “İnsan həmişə yüksəlişə, irəliyə can atır. Təbii ki, orta məktəb illərində bu yüksəklik, zirvələrin fəthi  arzusu  yeniyetmələrdə daha  çox olur. Onların əlçatmaz  arzuları  məhz bu  dönəmdə pərvaz edir, gələcək xəyallarını qururlar.Şəxsən mən hər  zaman xəyallarımda özümü  müəllim obrazında  görmüşəm.  Sonradan bu arzuma çatdım.  Amma mən  bir  müəllim olaraq yalnız  tədris  etdiyim fənni onlara  çatdırmaqla  kifayətlənmək istəməmişəm. Onların gələcəyini doğru yönləndirməsi  üçün  əlimdən gələni  etməyə çalışıram.  Bu layihənin araya-ərsəyə  gəlməsi də məhz bu istəyimin  nəticəsidir.

Mən  informatika  müəlliməsiyəm. Buna görə bilirəm ki, insan gün ərzində qulaqları ilə, oxuduqları ilə çoxsaylı informasiyalar qəbul edir. Amma şagirdlər və gənclər həyatlarının bu vədəsində məhz vizual olaraq qəbul etdikləri, gördükləri informasiyanı daha  etibarlı hesab edirlər.  Şagirdlərin  tələbəlik həyatını,  universitet mühitini, burada  keçirilən dərsləri və tədbirləri  gözləri ilə görmələri, onların gələcək həyatlarının, daxili həvəslərinin doğru yönləndirilməsi üçün belə bir  layihəyə start verdim. 

 
Bu vasitə  ilə onlar özlərini bu  tələbələrin  yerində hiss  edir, tələbə adını qazanmaq  üçün  daha  artıq  həvəs  və qətiyyətlə addımlayır,  dərslərinə marağı artır, zərərli  vərdişlərdən uzaq  dururlar.  Bu motivasiya  xarakterli bir  addımdır.
 

 Azərbaycan Diplomatiya  Akademiyasında  keçirdiyimiz bu  təbir də bir ilkdir.  Bunun da  səbəbləri var. Məktəbimizin yuxarı sinif  şagirdlərı  arasında  apardığımız sorğuda onlar  ən çox bu ali təhsil ocağına maraq  göstərdiklərini bildirmişdilər. Bu Akademiyanı yaxından  tanımaq  istəyirdilər. Təbii ki, bu da  səbəbsiz deyil.  ADA ölkəmizin ən nüfuzlu  təhsil ocaqlarından biridir.  Burada  yetişən  kadrlar  sonradan çalışdıqları  istənilən sahədə, xarici ölkələrdə  Azərbaycanın  tarixinə  layiqli  səhifələr  yazırlar. Buranın məzunlarında  və  tələbələrində  savad, təhsil göstəriciləri ilə yanaşı həyata sevgi, insansevərlik, vətənpərvərlik hissi, ən başlıcası isə  özünəinam çox qüvvətlidir.  Bura  addımını qoyan andan  insanda bu Akademiyanın tələbəsi olmaq  arzusu  yaranır.

 
 Şagirdlərimin bu  tələbələrə qibtə hissi  ilə yanaşdığını  aydın  gördüm.  Dərslərin gedişini olduqca  olduqca  həvəslə  izləyirdilər. Elə mənim istəyim də bu idi – şagirdlərdə tələbə adını qazanmaq uğrunda  mübarizəni dərinləşdirmək… Mən bu layihənin uğurla  nəticələnəcəyinə, sevimli şagirdlərimin məktəb yolunu universitet yolu ilə  əvəzləndirmələri  üçün  işimizin  böyük köməyi olacağına ürəkdən  inanıram…”

 Etikxeber.az

Read Previous

“Kimya Sənaye parkında bu il 4, gələn il isə 3 müəssisə fəaliyyətə başlayacaq” – NAZİR MÜAVİNİ – YENİLƏNİB (2)

Read Next

Topbaş “FETÖ”-cü olduğu söylənilən kürəkəni ilə bağlı Baxçalıya sual ünvanladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir