“Şagirdlərin tələbəlik həyatını, universitet mühitini, burada keçirilən dərsləri və tədbirləri gözləri ilə görmələri, onların gələcək həyatlarının, daxili həvəslərinin doğru yönləndirilməsi üçün belə bir layihəyə start verdim…”
Emil ABBASOV: “Başqa fakültələrdən olan tələblərə rast gəlmişəm ki, onlar seçimlərindən bir növ narazılıq ediblər, loru dillə desəm, az qala dizlərinə döyələr ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik…”
Mayın 25-də Azərbaycan Diplomatiya Akademiyası (ADA) Universitetində Bakı şəhər Xətai rayon 221 saylı orta məktəblə birlikdə “Məktəbdən universitetə gedən yol “adlı layihə çərçivəsində görüş-tədbir keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, tədbirdə adıçəkilən məktəbin 10-11-ci siniflərində oxuyan 32 şagird və 6 müəllim, o cümlədən, ADA-nın əməkdaşları iştirak edib.
Tədbiri aparan ADA-nın əməkdaşı
Şəbnəm Qəhrəmanova şagirdləri müzakirələrdə fəal olmağa səsləyib.
ADA-nın informasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Emil Abbasov isə deyib ki, bu gün Azərbaycanda və bütövlükdə dünyada ən böyük önəm verilən və prioritet seçilən sahələrdən, məsələlərdən biri informasiya texnologiyalarıdır. O, xüsusilə, Azərbaycanda bu sahədə güclü və peşəkar mütəxəssislərə ehtiyac duyulduğunu deyib:
“Elə bizim Universitetin tələbələrini götürək. Dəfələrlə başqa fakültələrdən olan tələblərə rast gəlmişəm ki, onlar seçimlərindən bir növ narazılıq ediblər. Loru dillə desəm, az qala dizlərinə döyələr ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik. Hətta, bəzən qarşılıqlı mübadilələr zaman digər falkütələrin tələbələrinin bu məsələdə göstəriciləri bizim fakültənin tələbələrinin göstəricilərindən yüksək olub. Ümumiyyətlə, bizim fakültəni oxuyub bitirənlər üçün, bütövlükdə informasiya texnologiyaları və mühəndislik isxtisası üzrə mütəxəssislərə dünyanın hər bir yerində yüksək məvacibli iş tapmaq mümkündür, bəzən də daha asandır. Ona görə də sizlərdən arzum və istəyim odur ki, seçim məsələsində çox diqqətli olasınız”.
Adıçəkilən layihənin rəhbəri, Xətai rayon 221 saylı orta məktəbin informatika müəllməsi İlahə Həmidova da öz növbəsində bildirib ki, dərs dediyi məktəbin kollektivi, onun şagirdləri ilə daim fəxr edir:
“Çünki bizim məktəbin şagirdləri çox bilikli, çox hazırlıqlı, elmə, təhsilə çox həvəsli uşaqlardır. Bu gün burada əyləşən şagirlərin tam yarısı 11-ci sinif şagirdləridir və onların hamısı ali məktəblərə ilkin qəbul imtahanında 500-dən çox bal toplayanlardır. Hətta, şagirdlərimizdən birinin balı 600-dən də yuxarıdır, amma, o, nəticəsindən narazıdır, deyir ki, ikinci imtahanda gərək 700 bal toplayım və Heydər Əliyev təqaüdçüsü olum. Bizim də bu layihəni təşkil etməkdə məqsədimiz şagirdlərimizin öz bilik və baçarıqlarını, hazırlıq səviyyələrini nümayiş etdirmələrinə, dünyagörüşlərini formalaşdırmalarına köməklik göstərmək və buna nail olmaqdan ibarətdir”.
O, eyni zamanda bildirib ki, “Məktəbdən universitetə gedən yol” adlı layihə mahiyyət etibarı ilə məktəbin ən fəal və əlaçı yuxarı sinif şagirdlərinin başqa-başqa universitetlərə ekskursiyasının təşkil edilməsidir. İ. Həmidova düşünür ki, layihənin köməyi ilə şagirdlərin universitetlərə marağı artır, sərbəst seçim etmək imkanı yaranır:
“İnsan həmişə yüksəlişə, irəliyə can atır. Təbii ki, orta məktəb illərində bu yüksəklik, zirvələrin fəthi arzusu yeniyetmələrdə daha çox olur. Onların əlçatmaz arzuları məhz bu dönəmdə pərvaz edir, gələcək xəyallarını qururlar.Şəxsən mən hər zaman xəyallarımda özümü müəllim obrazında görmüşəm. Sonradan bu arzuma çatdım. Amma mən bir müəllim olaraq yalnız tədris etdiyim fənni onlara çatdırmaqla kifayətlənmək istəməmişəm. Onların gələcəyini doğru yönləndirməsi üçün əlimdən gələni etməyə çalışıram. Bu layihənin araya-ərsəyə gəlməsi də məhz bu istəyimin nəticəsidir.
Mən informatika müəlliməsiyəm. Buna görə bilirəm ki, insan gün ərzində qulaqları ilə, oxuduqları ilə çoxsaylı informasiyalar qəbul edir. Amma şagirdlər və gənclər həyatlarının bu vədəsində məhz vizual olaraq qəbul etdikləri, gördükləri informasiyanı daha etibarlı hesab edirlər. Şagirdlərin tələbəlik həyatını, universitet mühitini, burada keçirilən dərsləri və tədbirləri gözləri ilə görmələri, onların gələcək həyatlarının, daxili həvəslərinin doğru yönləndirilməsi üçün belə bir layihəyə start verdim.
Bu vasitə ilə onlar özlərini bu tələbələrin yerində hiss edir, tələbə adını qazanmaq üçün daha artıq həvəs və qətiyyətlə addımlayır, dərslərinə marağı artır, zərərli vərdişlərdən uzaq dururlar. Bu motivasiya xarakterli bir addımdır.
Azərbaycan Diplomatiya Akademiyasında keçirdiyimiz bu təbir də bir ilkdir. Bunun da səbəbləri var. Məktəbimizin yuxarı sinif şagirdlərı arasında apardığımız sorğuda onlar ən çox bu ali təhsil ocağına maraq göstərdiklərini bildirmişdilər. Bu Akademiyanı yaxından tanımaq istəyirdilər. Təbii ki, bu da səbəbsiz deyil. ADA ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biridir. Burada yetişən kadrlar sonradan çalışdıqları istənilən sahədə, xarici ölkələrdə Azərbaycanın tarixinə layiqli səhifələr yazırlar. Buranın məzunlarında və tələbələrində savad, təhsil göstəriciləri ilə yanaşı həyata sevgi, insansevərlik, vətənpərvərlik hissi, ən başlıcası isə özünəinam çox qüvvətlidir. Bura addımını qoyan andan insanda bu Akademiyanın tələbəsi olmaq arzusu yaranır.
Şagirdlərimin bu tələbələrə qibtə hissi ilə yanaşdığını aydın gördüm. Dərslərin gedişini olduqca olduqca həvəslə izləyirdilər. Elə mənim istəyim də bu idi – şagirdlərdə tələbə adını qazanmaq uğrunda mübarizəni dərinləşdirmək… Mən bu layihənin uğurla nəticələnəcəyinə, sevimli şagirdlərimin məktəb yolunu universitet yolu ilə əvəzləndirmələri üçün işimizin böyük köməyi olacağına ürəkdən inanıram…”
Etikxeber.az