“Adını dünya siyasətinə töhfələr vermiş lider kimi qızıl hərflərlə yazdırdı” – ZİYAD SƏMƏDZADƏ

Ziyad SƏMƏDZADƏ: “Münasibətlərimizin bu səviyyəyə çatmasının səbəbkarlarından biri xatirəsi daim qəlblərdə, yaddaşlarda qalacaq mərhum Jak Şirak olmuşdur…”

Etikxeber.az  akademik, Milli Məclisin (MM) komitə sədri  Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

-Ziyad müəllim, bugünlərdə Azərbaycanın tarixdə ikinci dəfə müstəqillik əldə etməsinin 28-ci ili tamam olur. Müstəqilliyin ən önəmli məqamlarından və üstünlüklərindən biri də odur ki, hər bir ölkə, o cümlədən Azərbaycan dünyaya inteqrasiya edir, dünyaya açılır, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar, qarşılıqlı səfərlər vasitəsi ilə özünü bir dövlət olaraq təsdiqləyir. İstərdim ki, söhbətimizə elə buradan başlayaq.

-Bəli, müstəqilliyin, müstəqil dövlət kimi özünütəsdiqetmənin və varolmanın bir çox şərtləri var. Müstəqillik üçün təkcə yeraltı və yerüstü sərvətlər, hərbi güc kifayət etmir. Təbii ki, bunlar da çox vacibdir, önəmlidir, amma müstəqil dövlət olmanın digər şərtləri də var. Bunların ən vaciblərindən biri məhz həmin ölkənin müstəqil siyasət yeritmək gücündə və əzmində olması, öz yerini möhkəmlədə bilməsi, bütün ölkələrlə iqtisadi, siyasi, diplomatik münasibətlər qurması, ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməyi bacarması, qarşılıqlı səfərlərlə bu prosesi zənginləşdirməsidir. 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktı qəbul etsək də, 1992-ci ilin əvvəllərində BMT tərəfindən bu quruma müstəqil dövlət olaraq qəbul olunsaq da, məlum obyektiv və subyektiv səbəblərdən müstəqilliyimizin qorunması üçün çox böyük işlər görülməli idi. 1992-93-cü illərdə respublikada vəziyyət o qədər ağır idi  ki, hər an müstəqilliyimizi itirmək təhlükəsi vardı. Amma ulu öndərin hakimiyyətə qayıdışı ilə 1993-cü ilin iyunundan və həmin ilin oktyabrında  keçirilən prezident seçkilərindən sonra Azərbaycanın əsl müstəqillik dönəmi, mərhələsi yaşanmağa başlandı. Azərbaycan qısa zaman ərzində müstəqil dövlət olaraq, özünü tanıda və təsdiqlədə bildi. Bu prosesdə 1994-cü il sentyabrın 20-də imzalanan və bugünlərdə 25 illiyi təntənəli şəkildə qeyd edilən “Əsrin müqaviləsi”nin böyük rolu olub və var. Məhz Heydər Əliyevin ustalığı, məharəti, iradəsi və qətiyyəti nəticəsində imzalanması baş tutan bu müqavilədən sonra Azərbaycan dünyaya açıldı, Günəş kimi doğdu.

Bununla Azərbaycanın uğurlu neft strategiyasının başlanğıcı qoyuldu, nəticə etibarı ilə iqtisadi və siyasi inkişafının fundamental bazası, təməli atıldı. Eyni zamanda, qeyd edim ki, həmin vaxta qədər qət edilən məsafə, 1993-cü ilin iyun-oktyabr aylarından 1994-cü ilin sentyabrına kimi keçilən yol müstəqilliyimizin, müstəqil dövlət kimi ayaq üstə dura bilməyimizin əsas məqamlarından biri oldu. Belə ki, Heydər Əliyev həmin qısa, lakin Azərbaycan üçün çox vacib olan bir mərhələdə uğurlu daxili siyasət yeritməklə yanaşı, həm də gələcəyə, uzağa hesablanmış xarici siyasət kursunu həyata keçirməyə başladı. Həmin  dövrdə Heydər Əliyev dünyanın ən nəhənglərindən, BMT Təhlükəsizlik Şurasının veto qoymaq hüququna malik 5 dövlətindən bir neçəsinə-Fransaya, uzaq Çinə son dərəcə vacib və önəmli rəsmi səfərlərini gerçəkləşdirdi. Dünya müstəqil Azərbaycan dövlətinin gerçəkliyinə şahidlik etdi. Eyni zamanda, istər “Əsrin müqaviləsi”, istərsə də yeridilən düzgün, balanslı daxili-xarici siyasət kursu, Heydər Əliyev uzaqgörənliyi nəticəsində Azərbaycan müstəqil dövlət olaraq tanınmaqda və özünü təsdiqləməkdə davam etdi. Heydər Əliyevin 10 illik hakimiyyəti dövründə dünyanın, BMT-nin üzvü olan əksər ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasına, qarşılıqlı səfərlərin gerçəkləşdirilməsinə nail olundu.

Həmin illərdə Heydər Əliyev dünyanın əksər ölkələrinə rəsmi-işgüzar səfərlərini etdi, eyni zamanda, dünyanın əksər ölkələrinin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri baş tutdu. Həmin illərdə dövlət başçısı ata və oğul Corc Buşlarla, Bill Klintonla, Toni Bleyerlə, Fransua Mitteranla, Jak Şirakla, Süleyman Dəmirəllə,  Vladimir Putinlə, Helmut Kolla və digər tanınmış dövlət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi, Azərbaycanın müstəqilliyi üçün önəmli addımlarla müşayiət olunan səfərlərin gerçəkləşdirilməsinə imza atdı. Bu siyasət 2003-cü ildən ulu öndərin siyasətini uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də davam etdirildi və bu gün də etdirilməkdədir. Bu gün Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. Bu gün Azərbaycan dünyanın sabitlik və təhlükəsizlik adasıdır, siyasi, iqtisadi, mədəni, humanitar, diplomatik, hərbi dialoq məkanıdır və həsədlə baxdığı  milli və dini tolerantlıq mərkəzidir. Bu gün Azərbaycan dünya üçün ən mühüm məsələlərin müzakirə olunduğu bir məkandır. 2019-cu ildə Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük təşkilat olan Qoşulmamaq Hərəkatının növbəti Zirvə toplantısına evsahibliyi edəcək ki, bunun özü də böyük siyasi-diplomatik uğur, ölkəmizə olan  növbəti yüksək etibar və etimaddır.

Bəli, müstəqil dövlət olaraq Azərbaycan xarici siyasətində ən vacib məqamlardan biri kimi dünya nəhənglərindən olan Fransa ilə ikitərəfli və çoxtərəfli əlaqələrə, münasibətlərə də böyük önəm verir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan-Fransa əlaqələrinin, münasibətlərinin yüzilliklərə dayanan bir tarixi, ənənəsi var.  İki ölkə arasında müstəqillik dönəmlərində-həm 1918-20-ci illərdə, həm də 1991-2019-cu illərdə çox önəmli addımlar atılıb, çox böyük məsafə qət edilib. Münasibətlərin bugünkü yüksək inkişaf səviyyəsinə çatmasında mühüm rol oynayanlardan biri isə Fransanın sabiq prezidenti-mərhum Jak Şirak olub…

şirakkkk

şirakkkkk-1

şirak-ilya

Yeri gəlmişkən, bugünlərdə adını xatırlatdığınız, Fransanın sabiq prezidentlərindən olan Jak Şirak dünyasını dəyişdi. Qeyd edək ki, onun vəfatı nəinki Fransada, dünyada üzüntü, kədərlə qarşılandı, hətta bir çox dövlət liderlərinə nəsib olmayan minnətdarlıq hissi ilə anıldı, xatırlandı. Siz Jak Şirakın dünya siyasətindəki rolunu, yerini, ona olan sevgini necə qiymətləndirərdiniz?

-Həqiqətən də, Jak Şirakın vəfatı nəinki Fransa xalqını kədərləndirdi, bütövlükdə dünyanın kədərinə, itkisinə çevrildi. Çünki o, sağlığında adını dünya siyasətinə töhfələr vermiş siyasətçi, dövlət lideri kimi qızıl hərflərlə yazdırdı. İstər Fransanın dünyadakı yerinin və rolunun artırılmasında, istərsə də bir siyasətçi, dövlət rəhbəri kimi, dünyada təhlükəsizliyin və sabitliyin qorunubsaxlanılması istiqamətindəki fəaliyyəti ilə yaddaşlarda dərin iz buraxdı. Heç təsadüfi deyil ki, çox gənc, cavan yaşlarından siyasətə atılan Jak Şirak qısa müddətdə Fransanın və dünyanın ən tanınmış, ən parlaq simalarından, siyasi və dövlət liderlərindən birinə çevrildi. Öz fəaliyyəti ilə Fransa xalqının dərin rəğbətini qazanan Şirak xalqın, seçicilərin etimadı ilə 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçildi. Maraqlıdır ki, məhz Şirakın rəhbərliyi ilə Fransada prezidentlik müddəti 7 ildən 5 ilə endirildi. 7 illik müddətlə son prezident və 5 illik müddətə seçilən ilk prezident oldu.

Ümumilikdə, Şirak 12 ilini Çamps Elyseesdə (Yelisey çölləri) keçirdi və bu,  14 illik Mitterran hakimiyyətindən sonra Fransa tarixində ikinci ən uzun prezidentlik müddəti oldu. Şirakın rəhbərliyi altında Fransa müəyyən şəkildə ABŞ-dan uzaqlaşdı Həmçinin, 2003-cü ildə Fransa NATO-nun İraqdakı hərbi əməliyyatına dəstək vermədi və sair. Yəni, Şirak müstəqil mövqeyi ilə seçilən, fərqlənən dünya liderlərindən biri kimi, dünya tarixinə, siyasət tarixinə adını yazdırmağı bacardı. Bu isə heç də bütün dünya liderlərinə və dövlət rəhbərlərinə nəsib olan xoşbəxtlik deyil. Odur ki, onun ölümü, vəfatı da dünya ictimaiyyətinin dərin kədərinə səbəb oldu.

Qeyd edim ki, AzərbaycanPrezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdilər, matəm kitabına ürək sözlərini yazdılar. Şirakın Azərbaycanın yaxın dostu olduğunu bildirən dövlət başçısı sabiq Fransa liderini hələ atası – ulu öndər Heydər Əliyevlə şəxsi dostluğa başlayan dövrdən tanıdığını, onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulduğunu xatırlatdı.

“Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur“, -deyən Azərbaycan lideri mərhum Şirakın həm də onu rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olduğunu sözlərinə əlavə etdi.

“Bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”, – deyə dövlət başçısı sonra qeyd etdi.

Bütün bunlar bir daha sübut edir və göstərir ki, Jak Şirakın dünya siyasətindəki yeri, rolu, xidmətləri əvəzsizdir və o, daim dünya ictimaiyyəti tərəfindən parlaq bir sima kimi xatırlanacaq, yad ediləcək.

ziyadddddd-2

-Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan-Fransa münasibətlərinin bugünkü inkişaf mərhələsinə gəlib çatmasında Jak Şirakın müstəsna rolu və xidmətləri olub. Elə dövlət başçısının sözlərindən də bu, açıq-aydın sezilir…

-Tamamilə doğrudur. Ümumiyyətlə, bir qədər öncə vurğuladığımız kimi,  Azərbaycan-Fransa münasibətləri çoxəsrlik tarixə və ənənələrə malikdir. Bu əlaqələrin, münasibətlərin kökü lap dərinlərə gedib çıxır. Dünya klassiklərindən olan böyük fransız yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri, böyük ədiblərimizdən biri Xan qızı Xurşudbanu Natəvanla  tarixi görüşü, dialoqu, böyük və dahi mütəfəkkirimiz Mirzə Fətəli Axundovun usta qələmindən çıxan  “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri və sair Azərbaycan-Fransa münasibətlərinin dərinliklərin, ənginliklərindən xəbər verir.  Eyni zamanda, ilk müstəqilliyimiz dövründə – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq mövcudluğu zamanında iki ölkə arasında münasibətlərin yeni mərhələsi yaranmışdır. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır.

Həmçinin, Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı, Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdir. Bununla yanaşı, AXC-nin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş Cümhuriyyət tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil almışdır. Eyni zamanda,  AXC-nin qurucularından və banilərindən olan böyük ziyalılarımız, dövlət adamlarımız – Əlimərdanbəy Topşubaşov, Ceyhun Hacıbəyli sovetlər repressiyasından qorunmaq və Azərbaycanın müstəqillik, istiqlal mücadiləsini davam etdirmək üçün məhz Fransanı özlərinə ikinci vətən seçmişdilər, bu gün də onların məzarları Fransada, Parisdədir.

Necə deyərlər, Azərbaycan-Fransa əlaqələri tarixin bir çox dövrlərində mövcud olmuş və bu mövcudluğunu günümüzədək qoruyub saxlaya bilmişdir. İkinci müstəqillik dövründə isə iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulmuşdur. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq etməkdədir. Həmçinin, 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılmışdır. Ulu öndər Heydər Əliyev  də  yeni seçilmiş ölkə prezidenti kimi, ikinci hakimiyyətinin ilk aylarında birinci rəsmi səfərini məhz Fransaya etmiş, Fransanın sabiq prezidenti Fransua Mitteranla görüşmüşdür. Həmin səfər müstəqil Azərbaycanla Fransanın münasibətlərində, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yeni mərhələ olmuşdur.

Ancaq heç şübhəsiz ki, Azərbaycan-Fransa əlaqələri, əməkdaşlığı Jak Şirakın hakimiyyət dövrü (1995-2002 və 2002-2007-ci illər) ilə bağlıdır. 1995-ci ildə Fransa prezidenti seçilən Şirakla ilk görüşən dövlət başçılarından biri məhz  Heydər Əliyev olmuşdur. 1995-ci il mayın 8-də Parisdə Jak Şirak ilə görüşən Heydər Əliyev onunla tanış olmasından razı qaldığını bildirdi, onu təbrik etdi.  Öz növbəsində Azərbaycan prezidenti ilə tanış olmağından məmnunluq hissi keçirdiyini söyləyən Jak Şirak qeyd etdi ki, o, Heydər Əliyevi yaxşı tanıyır. Heydər Əliyev isə qeyd etdi ki, Fransada yenicə keçirilmiş prezident seçkilərində Şirakın qalib gəlməsi Azərbaycanda da razılıqla qarşılanmışdır.

O, ümidvar olduğunu bildirdi ki, prezident vəzifəsində cənab Jak Şirak xalqlarımızın bir-birinə daha da yaxınlaşması, Fransa-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səyini əsirgəməyəcəkdir. Həmin vaxtdan etibarən Azərbaycan-Fransa münasibətləri daha da sürətlə inkişaf etməyə, yüksək tərəfdaşlıq  münasibətlərinə doğru irəliləməyə başladı. Bu münasibətlərin növbəti inkişaf mərhələsi isə dövlət başçısı İlham Əliyevin ölkə prezidenti vəzifəsinə seçilməsi ilə başladı.  Belə ki, cənab prezidentin özünün də xatırlatdığı kimi,  onu ilk olaraq rəsmi səfərə dəvət edən  məhz Jak  Şirak oldu. Jak Şirakın dəvəti ilə prezidentliyinin ilk aylarında, 2004-cü ilin yanvarında Parisdə rəsmi səfərdə olan İlham Əliyev burada çox maraqlı və vacib müzakirələr apardı, çoxsaylı görüşlər keçirdi.

“Azərbaycan Minsk qrupunun həmsədri olan Fransanın səylərinin artırılmasını istəyir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, beynəlxalq hüquq normalarına əməl olunmalıdır. Azərbaycanın mövqeyi ədalətlidir. Biz bütün ölkələrin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz ərazi bütövlüyümüzün bərpa olunmasını tələb edirik. Minsk qrupunun həmsədrləri kimi Fransa, Rusiya və ABŞ Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərməli, beynəlxalq ictimaiyyət ədalətin bərpasına çalışmalı və ikili standartlara son qoyulmalıdır“, -deyən dövlət başçısı belə bir  əminliyini də ifadə etdi ki, Jak Şirak münaqişənin həlli istiqamətindəki səylərini bundan sonra da artıracaq.  İlham Əliyev, həmçinin Fransa iş adamlarını Azərbaycana daha çox sərmayə qoymağa çağırdı və bildirdi ki, ölkələrimiz arasında təkcə iqtisadi yox, həm də mədəni əlaqələr mövcuddur və bunu inkişaf etdirmək üçün tədbirlər görülməlidir. Bu sahədə geniş imkanlar vardır və qarşılıqlı səfərlərin, bir sıra mühüm tədbirlərin keçirilməsi vacibdir.

Bu səfərdən cəmi 3 il sonra, 2007-ci ilin yanvarında İlham Əliyev yenidən Fransaya səfərini rəsmiləşdirdi,  növbəti dəfə Jak Şirakla görüşdü. Jak Şirak görüş zamanı dövlətimizin başçısına müraciətlə dedi ki, mən çox məmnunam ki, Azərbaycan prezidenti Fransaya dövlət səfəri edir. Qısa müddətdən sonra Jak Şirak Azərbaycan-Fransa münasibətlərində xidmətlərinə görə, Azərbaycanın ən ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olundu. Jak Şirak həm də bu ordenə layiq görülmüş az sayda dövlət rəhbərlərindən, dünya liderlərindən biri idi. Bəli, bunlar bir daha onun əyani təsdiqidir ki, Azərbaycan-Fransa münasibətlərinin bugünkü inkişaf səviyyəsinə çatmasında ən böyük xidmətlərdən biri məhz Jak Şirakın fəaliyyəti və adı ilə bağlıdır.

Məsələn, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməkdədir ki, bu işçi qrupu da 7 mart 1997-ci il tarixində yaradılmışdır. 4 mart 2016-cı il tarixindən 6 mart 2017-ci ilə qədər isə işçi qrupunun rəhbəri ölkənin birinci xanımı, millət vəkili, Birinci vitse-prezident Mehriban Əliyeva olmuşdur. Qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında, bugünkü yüksək səviyyəyə çatdırılmasında da Mehriban xanımın xidmətləri və rolu çox böyük olmuşdur. Heç təsadüfi deyil ki, 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən Bakı Fransız Liseyinin, 2015-ci ildən isə Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri vardır.

Həmçinin, təsadüfi deyil ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Fransanın ən yüksək dövlət ordeni-“Şərəf Legionunun Zabiti” ordeni ilə təltif  edilmişdir. 2011-ci il oktyabrın 7-də Fransanın o zamankı prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması mərasimi keçirilmişdir. Fransa prezidenti  mərasimdə çıxış edərək demişdir ki,  Mehriban Əliyeva dünyada bütün qadınlar üçün gözəl nümunədir.

Eyni zamanda, bu ilin əvvəllərində Azərbaycanın Birinci vitse-prezidenti kimi, Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri olmuş, bu səfər zamanı çoxsaylı vacib və əhəmiyyətli görüşlər, müzakirələr keçirilmişdir. Heç təsadüfi deyil ki, bu səfərin məntiqi nəticəsi olaraq, yəni Azərbaycan-Fransa münasibətlərinin daha da sıxlaşdırılması yönündə bu il iyulun 11-də Bakıda  İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.  Hesab edirəm ki, bu, iqtisadi münasibətlərin inkişafının davamlılığı baxımından çox mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri idi. Belə ki, Forumda Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkarın iştirak etməsi bir daha bu tədbirin önəmindən xəbər verirdi.

Forumda  bir daha Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğu vurğulanmışdır. Həmçinin,  Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə bildirilmişdir ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Yəni, təsadüfi deyildir ki, ötən il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşmüşdür. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb.

Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür.  Eyni zamanda, qeyd edilmişdir ki, hazırda Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir ki, nəticə etibarı ilə Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard ABŞ dolları olan layihələrdə podratçı qismində iştirak etmişdir.

Bununla yanaşı, Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılmışdır. Odur ki, Forum zamanı iki ölkə arasında iqtisadiyyatın bir çox – ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğu bildirilmiş,  fransalı iş adamları bu imkanlardan yararlanmağa dəvət edilmişdir…

Son olaraq, bir daha xatırlatmaq və vurğulamaq istərdim ki, Azərbaycan-Fransa münasibətləri cüzi istisnalarla, bu gün özünün ən yüksək mərhələsinə çatmışdır. Bu isə hər iki dövlətin və xalqın mənafeyinə, maraqlarına cavab verməkdədir. Bundan qazanan yalnız və yalnız dövlətlərimiz, xalqlarımızdır. Münasibətlərin bu səviyyəyə çatmasınının səbəbkarlarından biri isə  xatirəsi daim qəlblərdə, yaddaşlarda qalacaq mərhum Jak Şirak olmuşdur…

Müsahibəni apardı:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İran terrorçu PKK-PYD-YPG-ni dəstəklədi, LARİCANİ TÜRKİYƏ SƏFƏRİNDƏN İMTİNA ETDİ

Read Next

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir