Şahadətin Şəhadəti…Adının Haqqını verən Şəhid Şahadət…Dayısı da, özü də Vətən yolunda canını fəda edən-ŞAMAXILI, XÜSUSİ TƏYİNATLI, ALTI MEDAL VƏ BİR ORDENLİ ŞAHADƏT QALİB OĞLU ÜSÜFOVUN HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Bu gün-28 iyul 2023-cü il tarixində, axşam saatlarına yaxın daha bir Şəhidimizin ailəsini ziyarət etdik…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ocağında olduq…

Mütəmadi olaraq Şəhid ailələrinin yanında olan vətənpərvər ziyalılar-Araz Məmmədov, Hüseyn Xudatov və əslən Şamaxılı Mahir bəylə Şamaxı rayonunun Dağ Göylər kəndinin İkinci Qarabağ Savaşı Şəhidlərindən biri-Xüsusi Təyinatlı, MAXE Şahadət Qalib oğlu Üsüfovun ailə üzvləri-valideynləri ilə bir araya gəlidik…

Şəhidimizin ailə üzvlərinə-anası Zəminə xanıma və atası Qalib kişiyə öncə Allahdan səbr və dözüm arzuladıq…

Sonra “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Şəhidimizin ruhu və onu bu Vətən üçün yetişdirən Qəhrəman valideynləri qarşısında baş əydiyimizi bildirik…

Hər zaman Şəhidlərimizi borclu olduğumuzu və onlara olan borcumuzu ödəyə bilməyəcəyimizi dilə gətirdik…

Şəhidimizin ev-muzeyini ziyarət etdik…

Şəhidimizin valideynləri ilə təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı söhbətləşdik, dərdləşdik, cəmi 20 yaşında Vətən yolunda adı kimi Şəhadəti, Şəhidliyi seçən Şahadətin qısa, lakin şərəfli həyat, hərb və döyüş yoluna birlikdə nəzər saldıq…

Həm təsirləndik, həm kövrəldik, həm də Qürurlandıq, İftixar hissi keçirdik…

Cəmi 20 illik ömür-həyat yolu və hər anı gözəlliklə, vətənsevərliklə, qəhrəmanlıqlarla dolu…

Əsl Qəhrəman yolu, əsl Şəhid ömrü…

***

Qeyd edim ki, Şahadət Üsüfov 2000-ci ilin dekabr ayının 13-də Şamaxı rayonunun Dağ Göylər kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, üç qardaşdan biri olub…

Böyük qardaşına babasının adı-Comərd, kiçik qardaşına Hekayət və tək bacılarına isə Ləman adı qoyulub…

2006-2017-ci illərdə Dağ Göylər kəndində yerləşən Ə.Məmmədov adına tam orta məktəbi oxuyub…

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurar-vurmaz, 2020-ci ilin iyul ayından yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) MAXE kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Kəlbəcər-Füzuli-Hadrut-Xocavənd istiqamətlərində 14 günlük şərəfli döyüş yolu keçib…

Axırıncı dəfə ayın-oktyabrın 7-si axşam və 8-i səhər tezdən ailə üzvləri, valideynləri ilə danışıb…

Atasından halallıq istəyib, deyib ki, “Ata, mən Şəhid olsam, qoyma anam saçını yolsun, üz-gözünü çırsın…Haqqınızı mənə halal edin…”

Ayın 8-dən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb…

Və ayın 10-u günü Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və Şəhidlik xəbəri ailəsinə elə həmin gün-axşam saatlarına yaxın verilib…

Nəşi bir gün sonra-11 oktyabr tarixində kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni, eyni zamanda, Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub…

Eyni zamanda, Dağ Göylər kəndində adına küçə verilib…

Həmçinin, Çöl Göylər kənd orta məktəbinə Şahadət Üsüfovun adının verilməsi ilə bağlı vəsatət qaldırılıb…

Şəhidin dayısı-əslən Sabirabad rayonunun Kovlar kəndindən olan Zaur Balahüseyn oğlu Hüseynov da Şəhiddir…

O, cəmi 18 yaşında, dörd ayının Əsgəri kimi 1993-cü ildə-Birinci Qarabağ Savaşında Şəhid olub, itkin düşüb…

Məzarsız Şəhidlərimizdəndir…

Həm Şahadət Üsüfovun, həm də dayısı Zaur Hüseynovun məqamları uca, dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

5 vitse-prezident getdi, 7 yeni vitse-prezident təyin olundu-SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Sabuncu rayonunun Zabrat qəsəbəsində küçələrdən birinə-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏFQAN NƏSİROVUN ADI VERİLİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir