Sahibə Qafarovanın miqrantların üzləşdiyi radikal münasibətlə bağlı məruzəsi dinləniləcək – AŞPA-DA

Mayın 29-30-da Praqada Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun və daimi komitəsinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, iclaslarda AŞPA-nın yay sessiyasının gündəliyinə baxılacaq, təkliflər dinləniləcək. Sonra Türkiyədə Konstitusiya dəyişikliklərinə dair keçirilmiş referendumun, Serbiyada prezident seçkilərinin və Ermənistanda parlament seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılacaq. Həmçinin Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək heyətin tərkibi formalaşdırılacaq. Tədbirlər çərçivəsində NATO Parlament Assambleyasının prezidenti Paulo Alli ilə də fikir mübadiləsi nəzərdə tutulub.

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Sonra AŞPA-nın monitorinq komitəsinin sədri Sahibə Qafarova komitənin iyunun 2-də keçiriləcək iclasında iştirak etmək üçün Parisə yola düşəcək.

İclasda Aralıq dənizində miqrasiya problemi, Avropada miqrasiya və qaçqın böhranına humanitar və qlobal siyasi cavab, Ukraynadakı müharibənin humanitar nəticələri mövzularında müzakirələr aparılacaq.

Tədbirdə komitənin sədri Sahibə Qafarovanın “Avropaya son dövrlərdə gəlmiş qaçqın və miqrantların üzləşdiyi radikal münasibət” mövzusunda məruzəsi dinləniləcək və komitənin növbəti fəaliyyətinə dair təkliflər nəzərdən keçiriləcək.

Etikxeber.az

Read Previous

Bu gün 28 may-Respublika Günüdür!

Read Next

Qarabağ Parkının açılışı oldu – ANKARADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir