Sahibə Qafarova, Rafael Hüseynov və Sevinc Fətəliyevadan da etiraz gəldi…

Rafael HÜSEYNOV: Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür. Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi nitqlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır. Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil…

Sahibə QAFAROVA: Avropa təsisatları ilə əlaqələrin inkişafına önəm verən Türkiyə dövlətinin mövcudluğu olduqca əhəmiyyətlidir: Çünki Türkiyə təkcə yerləşdiyi regionda deyil, ümumi Avropa üçün strateji əhəmiyyətə malikdir

“Türkiyədə prezident və parlament seçkiləri beynəlxalq standartlara tam uyğun və demokratik şəraitdə keçirilib. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilərin hesabat və rəylərində də seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şəraitin yaradıldığı açıq şəkildə qeyd olunub”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) payız sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S. Qafarova qeyd edib ki, seçkilər beynəlxalq standartlara və müvafiq qanunvericiliyə uyğun şəkildə hazırlanmış, ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün lazımi tədbirlər görülmüşdü:

“Beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə müşahidə edə biliblər. Bütün namizədlər üçün bərabər rəqabət şəraiti yaradılmışdı və hər bir namizəd öz seçki kampaniyasını həyata keçirmək üçün eyni hüquqlara sahib olub. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib. Səsvermə prosesi də şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən aparılıb və tam qanuni şəkildə elan olunub. Mühüm məqamlardan biri də seçkilərin nəticələrinin elan olunmasından sonra prosesə qatılmış namizədlərin seçkilərin nəticələrini tanıması və qalib gəlmiş namizədi təbrik etməsi olub. Bu və sadalanan digər bütün faktlar bir daha seçkilərin tam demokratik, ədalətli və beynəlxalq norma və prinsiplərə uyğun keçirildiyini təsdiqləyir”.

Deputat prezident seçkilərinin demokratik keçirilməsi ilə yanaşı, onun nəticələrinin Türkiyə dövlətinin qarşıdakı illərdə inkişafına və regionda, həmçinin daha böyük coğrafiyada cərəyan edəcək hadisələrə gözlənilən təsirləri baxımından da mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

S. Qafarova Türkiyədəki sonuncu seçkiləri ölkənin inkişafı aspektində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Bildirib ki, Türkiyə iqtisadiyyatının inkişafı, iqtisadi əlaqələrin, ticarətin genişlənməsi Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətlərinin daha da yaxınlaşmasına müsbət töhfələr verir. Həmçinin Türkiyədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mövcud inkişaf səviyyəsi qənaətbəxşdir. Dövlət siyasətinin həyata keçirilməsində ardıcıllığın təmin olunması isə bu müsbət tendensiyaların davam edəcəyini göstərir.

“Əlbəttə, bizim üçün güclü, daha təhlükəsiz və iqtisadi imkanları genişlənən, Avropa təsisatları ilə əlaqələrin inkişafına önəm verən Türkiyə dövlətinin mövcudluğu olduqca əhəmiyyətlidir. Çünki Türkiyə təkcə yerləşdiyi regionda deyil, ümumi Avropa üçün strateji əhəmiyyətə malikdir. Türkiyə hazırda beynəlxalq təhlükəsizliyin təmin olunması və sülhə dəstək verilməsində, inteqrasiya proseslərinin möhkəmlənməsində mühüm rola malikdir. Təbii ki, Türkiyənin regionda daha fəal olması barışa, iqtisadi inkişafa yeni təkan verəcək. O cümlədən regionda separatizmə və terrorçuluğa qarşı mübarizədə Türkiyənin rolu inkarolunmazdır. Ona görə də mən hesab edirəm ki, avqust seçkilərini dəyərləndirərkən sadaladığımız bütün nüanslar nəzərə alınmalıdır” – deyə Azərbaycan nümayəndə heyətinin üzvü bildirib.

SAHIBA-YENI

rafaelllooo

SEVINC-5

“Əlamətdar tarixi hadisə ilə aramızdakı məsafə bir az da qısalır. Düz 6 ay sonra biz buraya Avropa Şurası Parlament Assambleyasının 70 yaşını bayram etməyə toplaşacağıq. Həmin mühüm ildönümü ərəfəsindəki bu sessiyaya az qalmış – iyun ayında Assambleya belə bir məlumat yaydı ki, 70 illik dövr ərzində burada çıxış etmiş bütün dövlət və hökumət başçılarının 263 nitqini öz saytında yerləşdirəcək”.

Bu fikirləri isə Azərbaycanın qurumdakı nümayəndə heyətinin digər üzvü, akademik Rafael Hüseynov bildirib.

R. Hüseynov qeyd edib ki, bu, çox yaxşı bir ideyadır və keçilmiş böyük yolu bir daha yaxından seyr etmək üçün əlavə imkan yaradır. Lakin burada ciddi suallar doğuran və xoş olmayan vəziyyət də ortaya çıxır:

“Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir. Bu, həqiqətən təşkilatı içəridən yeyən, eroziyaya uğradan ağır bir xəstəlikdir. İkili standartlar olan yerdə heç vaxt nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür. Lakin artıq Assambleyanın üzərində işlədiyi və hazırladığı, fəlsəfəsi etibarilə nəcib layihədəki bir məqam istər-istəməz ikili standartlar xəttini davam etdirir, hətta həmin çərçivədən də kənara çıxır. Bəlkə də bu yanaşmaya yeni ad tapmaq, yaxud onu “üçlü standart” adlandırmaq lazım gələcək”.

Deputat bildirib ki, AŞPA-da nitq söyləmiş 216 prezident arasında Ermənistanın iki sabiq prezidentinin də çıxışları var.

“Biz burada son 18 il ərzində konkret faktlara və sübutlara əsaslanaraq mütəmadi olaraq işğalçı Ermənistanda cinayətkar rejimin mövcudluğunu, orada terrorizmin dövlət siyasətinə çevrildiyini vurğulamışıq. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləmişik, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan etmişik. Burada səslənən inkişaf haqqında hesabatlarda isə hər dəfə həqiqətin əksinə olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib”– deyə R.Hüseynov diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü deyib ki, Ermənistanda xalq ayağa qalxdı, deyilənləri təsdiq edərək sabiq prezidenti diktator elan etdi və devirdi. Avropa Şurası da Ermənistanda demokratik proseslər baş verdiyini təsdiqlədi, yeni hakimiyyətin qələbəsini məhz demokratiyanın təntənəsi kimi dəyərləndirdi. Ermənistanın yeni rəhbərliyi isə hər iki sabiq prezidenti cinayət məsuliyyətinə cəlb etmək istiqamətində qəti addımlar atır.

“Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür. Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi nitqlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır. Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil. Avropa Şurası indi Ermənistandakı yeni hakimiyyəti demokratik sayır və lap az öncə elə bu yeni hakimiyyətin devirdiyi Sarkisyanın seçkilərini buradaca necə təqdir və vəsf etdiyini isə sanki unudub. Belə bir çıxılmaz vəziyyətin yaranması qanunauyğundur. Çünki bir ədalətsizlik adətən başqa bir ədalətsizliyi doğurur. İkili standartların tətbiq edilməsi mütləq fəsadlar yaradır və üstündən zaman keçəndən sonra zərbəsi gəlib elə ona tətbiq edənə də dəyir”– deyə, deputat bildirib.

Azərbaycanlı deputat Türkiyə-Avropa Şurası münasibətlərinə toxunaraq deyib:

“Yetmiş yaşa çatanda keçmişə baxmaq, keçilmiş yolu, yaşanmış ömrü təhlil etmək təbiidir. Bir insan üçün də, bir təşkilatdan ötrü də. Avropa Şurası kimi Türkiyənin də bu təşkilatdakı fəaliyyətinin 70 ili tamam olmaq üzrədir. Bu müddətdə Türkiyə bir demokratik ölkə kimi inkişafda çox uğurlara nail olub. Düşünürəm ki, indi-indi özünün arxada qalan illərdəki fəaliyyətlərini təhlil edən Avropa Şurası Türkiyəyə münasibət məsələsinə də bir qədər tənqidi yanaşmalı, müəyyən korrektələr etməlidir. Son dövrdə burada ən müxtəlif məsələlərlə bağlı Türkiyəyə yanaşmalarda ifrat sərt mövqe hiss edilməkdədir. Zənnimcə, Türkiyəyə münasibətdə daha həssas, daha ədalətli olmaq, ikili standartlardan uzaqlaşmaq lazımdır. Türkiyədəki prezident seçkiləri namizədlərin ən gərgin mübarizəsi şəraitində cərəyan edirdi. Yetərincə demokratik, azad, şəffaf, xalqın iradəsinin dolğun ifadəsi olan seçki də keçirildi. Əlbəttə, həqiqəti hər kəs öz arzuladığı kimi görməyə, öz istədiyi kimi yozmağa cəhd edə bilər. Lakin bu, mahiyyəti dəyişməz. Mən inanıram ki, Türkiyə demokratiyanın inkişafı yolunda daim ardıcıl olacaq, yeni nailiyyətlər də qazanacaq. Elə arxada qalan prezident seçkilərinə də bu baxımdan yanaşmaq lazımdır”.

R.Hüseynov qarşıdan böyük yubileyin gəldiyini qeyd edərək bildirib ki, yubileylər yalnız bayram etmək, sevinmək üçün deyil:

“Həm də olub keçənlərə tənqidi gözlə baxmaq, təhlil etmək, buraxılmış acı səhvlərdən dərs almaq fürsətidir. Səhvlərdən ibrət götürmək, dərs almaq, nəticə çıxarmaq isə heç vaxt gec deyil. Nə cavandan ötrü, nə də yetmiş yaşlı ağsaqqaldan ötrü”.

SEVİNC FƏTƏLİYEVA: Türkiyə ciddi iqtisadi çətinliklər və xarici təzyiqlərlə üzləşir…

“Namizədlərə bərabər imkanlar yaradılması, sağlam rəqabətin təmin edilməsi, seçicilərin iştirakı seçkilərin uğurlu olmasının əsas meyarlarıdır. Türkiyədə hər iki seçki bu meyarlara uyğun olub. Türkiyədə seçkilər gərgin rəqabət şəraitində keçib. Prezident seçkilərində altı namizəd iştirak edib. Hazırkı Prezident kifayət qədər güclü və nüfuzlu namizədlərlə rəqabətdə qalib gələrək seçilib. Ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə seçkilərin nəticələrini, yəni, Rəcəb Tayyib Ərdoğanın qələbəsini qəbul edib”.

Bu fikirləri öz növbəsində Azərbaycan nümayəndə heyətinin başqa bir üzvü Sevinc Fətəliyeva bildirib.

Deputat qeyd edib ki, Türkiyədə parlament seçkiləri kampaniyasında da namizədlərə bərabər şərait yaradılmışdı. Parlament seçkilərində 7 partiya iştirak edib.

“Seçkilərdən bir neçə ay öncə Türkiyədə fəal şəkildə koalisiyaların, siyasi qüvvələrin yenidən birləşməsi olub, bölgələrdə çox fəal bir kampaniya aparılıb. Nəticədə iqtidar partiyalarının koalisiyası seçicilərin 50 faizindən çoxunun səsini qazanıb. Seçkilər ərəfəsində keçirilən ictimai rəy sorğusu Rəcəb Tayyib Ərdoğan və iqtidar koalisiyasının reytinqinin rəqiblərindən iki dəfə çox olduğunu göstərib. Bu, bir daha Prezident və onun partiyasının zəfərinə inamı təsdiqləyir.

Türkiyə ciddi iqtisadi çətinliklər və xarici təzyiqlərlə üzləşir. İnanırıq ki, Rəcəb Tayyib Ərdoğanın və onun partiyasının seçkilərdə qələbəsi siyasi hakimiyyətin möhkəmlənməsinə aparacaq. Bu qələbə türk xalqının liderinə inamını əks etdirir. Yeni hökumətin həyata keçirdiyi islahatlar türk cəmiyyətinin əksəriyyəti tərəfindən müsbət qəbul edilib.

Türkiyə regionda stabilizator rolunu oynayır. Əhalinin müdafiəsi, təhlükəsizliyin təminatı, stabilliyin qorunub saxlanması Türkiyənin siyasətinin prioritet məsələləridir. Ölkə rəhbərliyi seçkilərin şəffaf, demokratik və təhlükəsiz şəraitdə keçməsini təmin edib.

Türkiyə xalqının səsini eşitməliyik, ona etibar etməliyik. Türkiyə Respublikasının uğurlu inkişafı Qara dəniz, Aralıq dənizi və Qafqaz kimi böyük bir regionun sülh və stabillik qarantıdır”– deyə, S. Fətəliyeva sonra bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ölkələrə ikili standartlar yenə də davam edir – SƏMƏD SEYİDOV

Read Next

TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir