Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 13-də Milli Gimnastika Arenasında təntənəli bağlanış mərasimi keçirilib.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.
On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra E, D, C, B, A kateqoriyaları üzrə qaliblər mükafatlandırılıb.
Mükafatları şahmatçılara turnirin direktoru Panayotis Nikolopulos və Olimpiadanın baş hakimi Faiq Həsənov təqdim ediblər.
Lövhələr üzrə fərdi mükafatları qadın və kişi şahmatçılara Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.
Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlandırıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında müvafiq olaraq, ilk üç pilləni tutan Çin, Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Qadınların yarışında Olimpiadanın qalibi Çin millisinə Vera Mençik kuboku da təqdim olunub.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ilk üç yeri tutan ABŞ, Ukrayna və Rusiya millilərinə medalları FIDE-nin prezidenti Kirsan İlyumjinov verib.
ABŞ millisi, həmçinin Hamilton Russel kuboku ilə təltif edilib.
Sonra Nona Qaprindaşvili kubokunun qalibləri mükafatlandırılıb. Mükafatı qadınlar arasında şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili təqdim edib.
Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və şal da hədiyyə edilib.
Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.
Mükafatlandırma mərasimindən sonra çıxış edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək deyib: “Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart müəyyənləşdirdilər. Növbəti Olimpiadanın təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox çalışmalıdılar. Biz bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi ilə seçilən Azərbaycana yenidən qayıdacağıq”.
Şahmatın inkişafına davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyumjinov ölkəmizin mötəbər beynəlxalq yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançıların və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Sonra FIDE-nin bayrağı arenaya gətirilib və beynəlxalq şahmat qurumunun himni səsləndirilib.
Növbəti Olimpiadanın keçiriləcəyi ölkəyə FIDE-nin bayrağının təqdim edilməsi üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili səhnəyə dəvət olunublar.
Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdıraraq deyib: “Ümid edirəm ki, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar. 175 ölkədən ən güclü şahmatçıların mübarizə apardıqları dünyanın ən mötəbər şahmat turnirinin yüksək səviyyədə keçirilməsi həqiqətən böyük uğurdur”.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran nazir gələn il ölkəmizdə daha bir irimiqyaslı yarışın – IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. A.Rəhimov növbəti Olimpiadaya ev sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər arzu edib.
Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili növbəti – 43-cü Olimpiadanın Batumidə təşkil olunacağını vurğulayaraq, bu baxımdan azərbaycanlı həmkarlarının təcrübələrindən yararlanmaq üçün səmərəli əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu dostluq və əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən qonaq buna görə Gürcüstan hökuməti adından minnətdarlığını bildirib.
Gürcüstan şahmat məktəbinin uğurlarından danışan T.Xeçikaşvili 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasının Batumidə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, rəhbərlik etdiyi İdman və Gənclərlə İş üzrə Nazirliyin, həmçinin ölkəsinin Şahmat Federasiyasının bu istiqamətdə əlindən gələni edəcəyini bildirib.
Qonaq çıxışının sonunda Gürcüstanda idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi fəal dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib.
Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.
Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.
Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun çıxışı ilə davam edib.
Sonda Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin ifa etdiyi “Sarı gəlin” mahnısı tamaşaçılar tərəfindən yüksək coşqu ilə qarşılanıb.
Etikxeber.az