Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir az öncə Milli Məclisin İntizam Komissiyasının iclası olub.
Etikxeber.az xəbər verir ki, adıçəkilən Komissiyanın sədri, deputat Ağacan Abiyev mətbuata bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.
A. Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub. A. Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb:
“İclasın son qərarı bu oldu ki, A. Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?”
***
Dekabrın 27-də Milli Məclisin Sədri cənab Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin İntizam komissiyasının iclası keçirildi. İclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu söylədi.
Bunu isə Milli Məclisin Mətbuat Xidməti yayıb.
“Bildirildi ki, deputatın məlum çıxışı cəmiyyətin əksər üzvləri tərəfindən birmənalı qarşılanmamışdır. Müsahibədə işlədilən bir sıra ifadələr onların heysiyyatına toxunmuşdur. Komissiyanın sədri qeyd etdi ki, “Deputatın statusu haqqında” qanuna görə, millət vəkilləri söylədikləri fikirlərə görə məsuliyyət daşımasa da, amma hər bir insanın daxili məsuliyyəti də vardır. Millətin ayrı-ayrı üzvləri, o cümlədən xaricdə yaşayan nümayəndələri barədə qeyri-etik ifadələrdən istifadə olunması qətiyyən yolverilməzdir.
İclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söylədi.
İntizam komissiyasının bütün üzvləri çıxış edərək deputat Astan Şahverdiyevin adı çəkilən müsahibəsi ilə əlaqədar son vaxtlar mətbu orqanlarda gedən yazılara öz fikirlərini açıqlayaraq, millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildirdilər.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olundu ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə etdi və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğuladı”-deyə, sonra qeyd olunub.
Etikxeber.az