“Şamaxı rayonunun sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri ilə heç bir bağlılıq daşımır”-KOMİTƏ SƏDRİ – “SAQİYAN” “GÜNƏŞLİ” ADLANACAQ

Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.

Əvvəlcə Siyavuş Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi  adlandırılması  haqqında” qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad  edilən bir  sıra ərazilərimizdə  kənd  və rayon  adlarının dəyişdirilməsi  prosesinə  artıq başlanılıb:

“Şamaxı rayonunun sərhəd  təmas xəttindən kənarda  yerləşməsinə  baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi  dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq  daşımır. Mənfur qonşularımız  tərəfindən bəzən belə  məkanların adları  müxtəlif  məkrli məqsədlərə yozulur, “xülyalarını”  dünya ictimaiyyətinə  çatdırmaqda vasitə kimi istifadə  edilir”.

Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.

Siyavuş Novruzov gündəlikdəki ikinci məsələnin – “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə sənədin də bununla bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Onlayn toplantıda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə üzvləri Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir Əfəndiyev müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət aparılıb. Belə məsələlərin həyata keçirilməsində dövlət mexanizmləri və dünya təcrübəsi barədə danışılıb.

Onlayn iclasda komitə üzvləri Nizami Cəfərov, Cavid Osmanov, Əliabbas Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva da qatılıblar.

İclasın sonunda hər iki məsələnin Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi qərara alınıb.

Etikxeber.az

Read Previous

Ağdamda üç nəfər minaya düşdü, onlardan biri-HƏLAK OLDU…

Read Next

Ermənistanın təcavüzü nəticəsində evi dağıdılan və ya qəzalı vəziyyətə düşən hər ailəyə məişət əşyalarına dəymiş ziyana görə-6 MİN MANAT ÖDƏNİLƏCƏK – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir