Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Ramiz oğlu Ərəbovun doğum günüdür.
Orxan Ərəbovun bu gün 30 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Orxan Ərəbov 1993-cü ilin avqust ayının 24-də Samuxun Qədili kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki qardaş olublar.
Qardaşı ailəlidir.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət edib.
Əsgərliyini başa vurduqdan bir müddət sonra yenə həyatını Ordu, hərb ilə bağlayıb, İkinci Vətən Müharibəsində iştirak edib və Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Axırıncı dəfə ailəsi ilə, anası Gülzar xanımla sentyabrın 25-də, müharibədən iki gün öncə danışıb.
Şəhidliyi xəbəri isə ailəsinə sentyabrın 29-da verilib.
Və nəşi bir gün sonra, sentyabrın 30-da Qədili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Orxan evli, ailəli olsa da, övladı olmayıb.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 30 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az