Seçki ilə gələn və terrorla əlaqəsi olanlar, bunun hesabını verməlidirlər – YILDIRIM

HDP (Xalqların Demokratik Partiyası) üzvləri ilə bağlı bütün prosedurlar hüquq çərçivəsində aparılır.

Etikxeber.az xəbər verir  ki, bunu baş nazir Binəli Yıldırım İstanbulda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir istintaqa ifadə verməkdən boyun qaçıran HDP üzvləri barəsində həyata keçirilən əməliyyata dair suala cavabında bildirib: “Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Prosedurlar qanuna uyğun olaraq aparılır. Məhkəmələr toxunulmazlıq hüququ ləğv edilən 154 deputata çağırış ünvanlayıb. HDP üzvü olan deputatlardan başqa, onların hamısı gedib ifadə veriblər və hazırda hüquqi prosedurlar davam etdirilir. HDP-li deputatlardan isə yalnız biri ifadə verib. Digər 54-ü isə bu müraciətə əməl etməyərək hüququn aliliyini tanımayıb. Bu prosedurlar da onların məhkəmə çağırışlarını yerinə yetirməməsinə görə aparılır”.

Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “Seçki yolu ilə gələnlərin gedişi də seçki yolu ilə olur” sözlərinə münasibət bildirən B. Yıldırım qeyd edib:

“Əlbəttə ki, seçki yolu ilə gələn seçki ilə də gedər. Buna heç kim etiraz edə bilməz. Lakin seçki ilə gələn və terrorla əlaqəsi olanlar, bunun hesabını verməlidirlər. Terrorla siyasəti, milli iradəni qarışdırmamaq lazımdır. Seçilməsinə baxmayaraq, terrorçularla birlikdə olan, terroru təşviq edən, ona dəstək verən və bu mövqelərinə görə Konstitusiya dəyişikliyi nəticəsində toxunulmazlıqları aradan qaldırılan deputatlar barəsində hüquqi prosedurlar aparılır”.

Baş nazir bölgə əhalisini etiraz aksiyalarına sövq etməyə çalışanların niyyətinin baş tutmadığını, insanların bu çağırışlara əməl etmədiyini vurğulayaraq bildirib ki, terrorla heç nəyə nail olmaq mümkün deyil. Türkiyə terrorla mübarizəni qətiyyətlə davam etdirəcək.

Etikxeber.az

Read Previous

Bakıda ağır yol hadisəsində ərəb turistlər ölüb

Read Next

Sabah hava yağmursuz keçəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir