“Seçkilər islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir…” – MƏMMƏDYAROV – FOTOLAR

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT-in Baş katibi Tomas Qreminqer ilə görüşüb. Tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Xarici İşlər Nazirliyindən Etikxeber.az-a bildirilib ki, görüş zamanı Baş katib Qreminqer ATƏT-in Azərbaycanı təhlükəsizliyin hər üç ölçüsü – hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib.

Bu xüsusda Baş katib ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyası göndərdiyini xatırladıb.

Nazir Elmar Məmmədyarov vurğulayıb ki, bu seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqerə bu il yanvarın 28-dən 30-dək ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Baş katib Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensiv təmaslar vasitəsilə əhalinin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

Nazir Məmmədyarov və Baş katib Qreminqer, həmçinin ATƏT-in “Xəzər dənizi bölgəsində yaşıl limanların və bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə ediblər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma, ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət edib.

Bildirib ki, Baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

Etikxeber.az

Read Previous

“Anadan olduğum şəhəri parlamentdə təmsil etmək mənim üçün böyük etimaddır” – AYDIN MİRZƏZADƏ

Read Next

“İranla Azərbaycan arasında münasibətlərin ən güclü dövrüdür”- SƏFİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir