Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ savaşında, birinci Vətən müharibəsində (o cümlədən, 2016-cı ilin Aprel döyüşlərində) 20-dən çox Şəhid verən, 3 Şəhid Milli Qəhrəmanı olan cəbhə bölgəsi Goranboy rayonunun Qızılhacılı qəsəbəsi (kəndi) son günlərdə daha iki Şəhid verib.
Etikxeber.az-ın xəbərinə görə, bu, ikinci Qarabağ savaşı, ikinci Vətən müharibəsi başlayandan (sentyabrın 27-dən bu yana) Qızılhacılının Vətən torpaqları uğrunda verdiyi 4-cü Şəhididir.
Belə ki, sentyabrın 28-də 22 yaşlı Fariz Məhəmməd oğlu Qurbanov və 27 yaşlı, iki övlad atası Elman Mehman oğlu Həsənov Vətən torpaqları uğrunda qəhrəmancasına Şəhid olub, Şəhidlik Zirvəsinə ucalıblar.
Hər ikisi də MAXE olub.
Həmçinin, hər ikisi eyni gündə Qızılhacılı qəbiristanlığında dəfn ediliblər.
Bununla yanaşı, Nofəl Xaliq oğlu Nuriyev və Kənan Müşfiq oğlu Ələkbərov son günlərdəki döyüşlər zamanı qəhrəmanlıqla Şəhid olublar.
32 yaşlı hərbi həkim və 3 uşaq atası olan Nofəl Xaliq oğlu Nuriyev oktyabrın 10-da, Kənan Müşfiq oğlu Ələkbərov isə oktyabrın 11-də Qızılhacılı qəbiristanlığında dəfn ediliblər.
Qeyd edək ki, 24 yaşlı və nişanlı olan Kənan Ələkbərovun əmisi Cabbar Ziyyəddin oğlu Ələkbərov da Şəhiddir.
O, 26 il öncə, 1994-cü ilin qışında, yanvar ayında Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olub.
Eyni zamanda, qeyd edək ki, bir neçə gün öncə təcavüzkar, terrorçu Ermənistanın növbəti vandal əməli, həmin ölkə ərazisindən atılan raket zərbəsi və evinə mərmi düşməsi nəticəsində Qızılhacılı qəsəbə sakini, 1955-ci il təvəllüdlü Raziyə Bayraməli qızı Abbasova dünyasını dəyişib.
Bununla belə, mərminin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş mərminin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
İki evə, o cümlədən, Elşən Camalovun evinə ciddi ziyan dəyib.
Oktyabrın 8-də Ermənistandan atılan növbəti raket zərbəsi nəticəsində iki Qızılhacılı sakininin- Sevda Eminovanın (Şəhid Nəsib Həsən oğlu Məmmədovun) və Qalib Qədimovun evi ziyan görüb.
Bununla yanaşı, son döyüşlər zamanı daha 4 Qızılhacılı sakini (Şəmsi Sahib oğlu Hacıyev də digərləri) ağır yaralanıb, xəstəxanaya yerləşdiriliblər. Hazırda müalicələri davam edir.
Allah Şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az