Sentyabrın 28-də Şəhid Rəşadın dəfnində iştirak etdi…Özü isə 40 gün sonra Şəhid oldu…Evin yeganə övladı-Şəhid Davud Hacıyev…3 bacının tək qardaşı-Şəhid Rauf Babayev…XACMAZ-QARAQURDLU ŞƏHİDLƏRİ…-FOTOLAR

Bu gün, 23 iyun tarixində daha iki Şəhid ailəsi, Xaçmazın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Davud Hacıyevin anası Validə xanımla və Şəhid Rəşad Səfərəliyevin valideynləri ilə görüşdüm…

Görüş yenə Xaçmaz Şəhidlərindən olan Kərəm Veyisovgildə baş tutdu…

Çox səmimi, çox duyğulu, çox təsirli bir görüş oldu…

Xaçmazın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Davud evin, ailənin tək-yeganə övladı olub…

3 yaşından atasız böyüyüb və ona da ata demək mümkündürsə…

Həm körpə övladını, həm də cavan həyat yoldaşını taleyin ümidinə buraxıb, tərk edib, atıb gedib Ukraynaya və orada “ailə” qurub…

Balaca Davudu isə anası Validə xanım təkbaşına, minbir əzab-əziyyətlərlə, çətinliklərlə böyüdüb boya-başa çatdırıb…

1998-ci ilin iyulun 14-ündə Xaçmazda dünyaya gələn Davud 2016-2018-ci illərdə hərbi qulluqda, Vətənin xidmətində olub…

Hərbi xidmətdən sonra geriyə, Xaçmaza, onun üçün saçını süpürgə etmiş, kiprikləri ilə od götürmüş anasının yanına qayıdıb, işləyib, anasına kömək edib…

Davud anası ilə ev adına utanc olan bir kümədə, daxmada yaşayıb həm də (və bu günün özündə də Şəhid anası həmin daxmada yaşayır və bala dərdi çəkir)…

Davud İkinci Vətən Müharibəsindən 6 gün öncə səfərbərliyə, Qusar rayonundakı təlimlərə cəlb olunub…

İkinci Vətən Müharibəsi başlanan gündən də döyüşlərdə olub…

Füzuli-Cəbrayıl istiqamətlərində döyüşüb, vuruşub və oktyabrın ikinci ongünlüyündə Füzuli uğrunda ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Amma uzun müddət ondan xəbər almaq, nəşini əldə etmək mümkün olmayıb…

Nəhayət, noyabrın 25-ində Validə xanım oğlunun nəşini “Papanin” hospitalının meyitxanasından tapıb və bir gün sonra Şəhidin nəşi doğulub boya-başa çatdığı Xaçmazda, Qaraqurdlu kənd qəbiristanlığında, İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərəm Veyisovun, Rauf Babayevin və Rəşad Səfərəliyevin yanında torpağa tapşırılıb…

Davud ölümündən sonra üç medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub…

Övladını minbir əziyyətlərlə, atalı ola-ola atasız böyüdən Validə xanım isə 8 aydan çoxdur ki, Davudsuz yaşayır…

Əgər ona da yaşamaq demək olarsa…

Övlad dərdi illərlə yaşadığı acıları, çəkdiyi dərdləri belə unutdurub…

Hər gün, hər an için-için qovrulur, yanıb-yaxılır övlad dərdindən…

Allah səbrini versin, bu ağır yükü daşımaqda ona kömək olsun!

***

Xaçmazın digər İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Səfərəliyev isə evin, ailənin iki oğlan övladından biri-böyük oğlu olub…

2001-ci ilin oktyabrın 2-sində sadə, zəhmətkeş bir ailədə – Fərman kişinin ocağında dünyaya gələn Rəşad 2019-cu ildə hərbi xidmətə yollanıb…

Tərtər istiqamətində hərbi xidmətə başlayıb və İkinci Vətən Müharibəsi başlayanda da bir ilin Əsgəri olub… Və elə İkinci Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-sində də “Mübariz postu” deyilən istiqamətdə ağır döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalıb…

Və nəşi bir gün sonra gətirilərək, sentyabrın 28-ində Qaraqurdlu qəbiristanlığında torpağa tapşırılıb

Və həyatın, talenin…işinə baxın…

Xaçmazın İkinci Vətən Müharibəsi Şəhidlərindən, həm də Rəşadın idman müəllimi olan Kərəm Veyisov Rəşadın dəfnində iştirak edib… Özü isə düz 40 gün sonra, noyabrın 8-ində Şuşa uğrunda döyüşlərdə Şəhidlik məqamına ucalıb…

Sözün, kəlmələrin yenə aciz, lal qaldığı an…

Nə deyəsən, nə yazasan…

Qeyd edim ki, Rəşad da ölümündən sonra iki medalla təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına qazanıb!

Allah Davud, Rəşad, Kərəm, həm də Qaraqurdlu kənd qəbiristanlığında dəfn olunan 3 bacının tək qardaşı Rauf (Rauf Babayev) daxil olmaqla, cəmi Şəhidlərimizin məzarlarını behiştlik, məkanlarını cənnətlik etsin!

Allah Davud, Rəşad, Kərəm və Rauf daxil olmaqla, cəmi Şəhidlərimizin valideynlərinə səbr və dözüm versin!

Həm Şəhidlərimizin müqəddəs ruhları qarşısında, həm də onları böyütmüş, Qəhrəmanlar kimi yetişdirmiş valideynləri qarşısında ehtiramla baş əyirəm!

Şəhidlər ölməyiblər, Ölməzliyə, Ölümsüzlüyə qovuşublar və daim mənən, ruhən bizimlə, bizlərlədirlər!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

23.06. 2021, Xaçmaz

Etikxeber.az

Read Previous

Rustovda anadan olan, Xaçmazda böyüyən, Şuşa azad olunan gün Şuşada Şəhid olan-İDMANÇI, MƏŞQÇİ, ÜÇQAT DÜNYA ÇEMPİONU, KİÇİK ÇAVUŞ, 5 MEDALLI KƏRƏM VEYİSOV VƏ YA İKİ ŞƏHİD ANASININ DUYĞULU GÖRÜŞÜ…- FOTOLAR

Read Next

“Avro-2020″nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları-MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir