Sevinc…Astronomik təhsil haqları…Düyünə “düşən” təhsil və ya tələbə kreditləri… – KAMİL HƏMZƏOĞLU YAZDI

Həyatda heç vaxt oyun oynamağı, qeyri-səmimi olmağı, riyakarlıq etməyi sevməmişəm, bacarmamışam, alınmayıb da…

Necə varamsa, elə də olmuşam, olacam da…

Xətalarımla, günahlarımla, savablarımla, müsbətlərimlə…bu, mənəm…Bu yaşdan sonra heç dəyişən deyiləm…

Sevincimi, kədərimi də hər zaman insanlarla (həmçinin, onların da) bölüşməyə çalışmışam…Buna görə məni sevənlər də, sevməyənlər də çox zaman üzərimə gəliblər, qınayıblar, “abartdın, abardırsan…” deyiblər…Neyləyim, “yaxşı, ağıllı, toxtaq, müdrik…” görünə bilmirəm…”Qozbeli” qəbir düzəldər məsəli…

Bu günlərdə bir çoxları kimi həyatımın ən gözəl, ən dadlı anını yaşadım təkrarən…Ötən il böyük qızım, bu il isə 7 ildir ən professional müəllimlərdən-rəssamlardan birinin yanında (var olsun deyirəm Sonaxanım müəlliməyə bir daha) dərs alan-hazırlaşan ikinci qızım ali məktəbə qəbul olundu…Xatırladım ki, hər ikisi də pulluya-ödənişliyə düşüb (1600+1800 man)…Hərçənd ki, rəssam qızım pulluya düşməyə bilərdi, əgər ADPİU-nun “rəssamları” onun ballarını aşağıya salmasaydılar…

Heç kim də mənə etiraz etməz ki, keçmiş sovetlər məkanında tət-tük fəaliyyət göstərən peşəkar rəssamlıq ocaqlarından-məbədlərindən biri Əzim Əzimzadə adına RƏSSAMLIQ MƏKTƏBİ olub…Yəni, (müstəqillik illərində təsis edilən) Rəssamlıq Akademiyası da məhz onun bazasında yaradılıb (ADRA)…

Necə olur ki, qızım Əzimzadənin müəllimlərdən iki 5+, bir 5 alır, amma rəssamlığa o qədər də aidiyyatı olmayan ADPU-nun “rəssamları”ndan 6 və 7 bal???…Deməli, ortada məlum olan və sual doğuran məqamlar çoxdur…Nə isə…

Qızım ADRA-dan geri qalmayan ADMİU-nun rəssamlıq (rəsm müəlliməliyi) fakültəsinə daxil oldu, ancaq balları kəsildiyinə görə (bunu ADPU-da qızımla iki gün qabiliyyət imtahanı verən və onu tanımayan abituriyentlər də deyirdilər, təəssüflərini bildirirdilər…) ödənişliyə, pulluya düşdü…

Birinci qızımı necə oxudurumsa, oxutmağa çalışıramsa, təbii ki, öz halal əməyimlə və zəhmətimlə ikinci qızımı da oxutmağa, təhsilini davam etdirməyə çalışacam…Bu, mənim ATAlıq borcum, görəvimdir və heç bir bəhanəyə, filana da yer yoxdur…

xaniskom

Amma qızım təkidlə deyir ki, ailəmizin maliyyə vəziyyətinə görə qoy ADMİU-da yox, Əzimzadədə təhsilimi davam etdirim, hazırda ixtisas seçimidir, qoy orada ixtisas seçimi edim, pulsuzda oxuyum, ailənin yükünü tək çəkdiyinə görə sənə əlavə yük olmayım…Qızımın bu anlayışına görə onunla bir daha fəxr edirəm və bu məni daha israrlı, təkidli edir ki, bu sözlərin qarşlığında onu məhz ADMİU-da təhsil almağa həvəsləndirim, bunu reallaşdırım…

Amma və lakin…Acı reallıq isə öz işini görür istər-istəməz…Mənim kimi halal əməyi və zəhməti ilə iki uşağı-tələbəni pullu oxutmaq nə deməkdir, bunu çəkənlər, yaşayanlar bilər, anlayar…Yenə deyirəm, qızımın 7 illik zəhmətini, Qobu-Nərimanov-Montin- 20-ci sahə-Bayıl yollarındakı 8-9 saatlıq əziyyətlərini yerə vura bilmərəm, buna haqqım yoxdur, o dünyada da özümü bağışlaya bilmərəm…

Ona görə çox istərdim, hətta, minlərlə imkansız valideynlərdən biri kimi tələb və xahiş edərdim ki, heç olmasa, təhsil və ya tələbə kreditləri məsələsi ilə bağlı parlamentimiz artıq addım atsın…Çox hörmətli, dəyərli millət vəkillərimiz tərəfindən illərdir hazırlanan “Təhsil kreditləri haqqında” qanun layihəsi ilə İsa müəllim Həbibbəylinin rəhbərlik etdiyi komitənin hazırlayacağı “Tələbə kreditləri haqqında” sənəd birləşdirilsin, təkmil şəkildə payız sessiyasının elə ilk iki iclasında qəbul edilsin…

Mənim kimi minlərlə valideyn də çox sərfəli və çox güzəştli şərtlərlə bu kreditlərdən yararlanıb, övladlarının elmli, savadlı kadr kimi yetişməsi, Vətənə, millətə xidmət etməsi üçün onları oxuda bilsinlər, övladlarının təhsildən yayınmasına, təhsili yarımçıq buraxmasına imkan verməsinlər…

Çox-çox rica edərdim, biz valideynləri sevindirin, hörmətli parlamentarilər və bank-maliyyə sektoru!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

“525-ci qəzet”-in və Oxu.Az saytının parlament müxbiri
Etikxeber.az

Read Previous

Özünün 385-ci, “Barsa”nın 6000-ci qolunu vurdu… – FOTO

Read Next

İlham Əliyevin təbriki Azərbaycan-Türkiyə qardaşlığının ifadəsidir – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir