Seyid ocağında baş tutan görüş…SAVAB ƏMƏL, BÖYÜK ÜRƏK SAHİBLƏRİ…ŞAMXALLAR, FARİZLƏR, XƏQANİLƏR, ELNURLAR, DİGƏR VƏTƏN SEVDALILARI…ONLARI DİNLƏYƏN, ONLARA QULAQ ASAN OLACAQMI? ONLARA GEC DƏ OLSA, HAQQ ETDİKLƏRİ VERİLƏCƏKMİ? – FOTOLAR

Seyid Şamxal (Şamxal Rəfizadə), Fariz Cəfərov, Xəqani Məmmədov, Elnur Novruzov, Fayiq Səfərov, Faiq Vəliyev, Səbuhi Nəcəfov, Rasim Ağayev, Vüqar Əlizadə və digərləri…

Təmənnasız, minnətsiz, iman əhli olan Vətən sevdalıları, Xalq, Millət, Dövlət, Torpaq cəfakeşləri, Vətən fədailəri…

Tərtərdən, Bərdədən, Füzulidən olan İgid, Qəhrəman, savab əməlli Vətən oğulları…

Qəhrəmanlıq, İgidlik, Vətən sevdalılığı heç də və təkcə əlinə silah alıb Vətəni qorumaqdan, Vətənin keşiyini çəkməkdən keçmir və bununla ölçülmür…

Elə əməllər, elə xidmətlər, elə zəhmətlər, elə savab işlər var ki, onlar da əlinə silah alıb Vətənin keşiyində dayanmağa, döyüşüb-vuruşmağa bərabər olur, bərabər tutulur…

Bəli, adlarını qeyd etdiyim və qeyd etmədiyim bu Oğullar da əllərinə silah alıb birbaşa döyüşlərdə olmayıblar, vuruşmayıblar…

Əslində zamanında hər biri Əsgərlikdə olub, Orduda xidmət edib, vətəndaşlıq borclarını yerinə yetiriblər və döyüşməkdən, vuruşmaqdan da qorxmayıblar, çəkinməyiblər…

Amma onlar elə fədakarlıqlara imza atıb, elə savab işləri görüblər ki, Allah qatında, Tanrı dərgahında Şəhidlik, Qazilik qədər ən Uca mərtəbəyə yüksəliblər…

Bu Oğullar, bu Vətən sevdalıları istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 44 günlük tarixi və müqəddəs İkinci Vətən Müharibəsi zamanı həyatlarını, səhhətlərini hər mənada təhlükəyə, risqə ataraq, ən ağır və ən savablı işi görüblər, Şəhidlərinin yuyulması, dərmanlanması və kəfənlənməsini öz üzərlərinə götürüblər, bunu da çox şərəflə və ləyaqətlə yerinə yetiriblər…

Bəli, bəlkə də bu iş, bu əməl kiməsə və kimlərəsə adı, sıradan bir iş, məsələ kimi gələ, görünə bilər…

Əsla və əsla, xeyr!

Bu iş, bu xidmət, bu savab əməl böyük ürək, böyük cəsarət, dəmir iradə tələb edən bir iş və məsələdir…

Bəli, savab əməldir, Allah qatında ən yüksək mükafata layiq olan işdir, xidmətdir, amma həm də böyük ürəyə, cəsarətə, böyük iradəyə malik olmağı bacarmaq deməkdir…

Çoxları və çoxları öz əzizlərinin, öz doğmalarının nəşini, cəsədini belə yumağa, kəfənləməyə ürək, risq etmədikləri halda, bu Oğullar hər şeyi göz önünə alaraq, onlarla, yüzlərlə (mindən çox) Vətən sevdalısının, Nur üzlü Şəhidlərimizin nəşinin, cəsədinin yuyulması, dərmanlanması, kəfənlənməsində təmənnasız fəaliyyətlərini, xidmətlərini ortaya qoyublar və bu xidməti, bu savab əməli layiqincə yerinə yetiriblər…

Kimsədən də nəsə ummadan, kimsədən də sağ ol, təşəkkür güdmədən!

***

Bugünlərdə bu Vətən sevdalılarından, bu imanlı Vətən oğullarından bir neçəsi ilə Qəhrəman Tərtər rayonunun Qəhrəman Səhlabad kəndində, Seyid Şamxalın evində, ata ocağında görüşdüm…

Seyid Şamxalla bərabər, Farizlə Xəqani də görüşdə iştirak edirdi…

Onlarla bir xeyli, iki saata yaxın söhbət etdim, onlara qulaq asdım, onları dinlədim…

Dinlədikcə də, həm də dəhşətə gəl(ir)dim, həm həyacanlan(ır)dım, həm də Qürur, İftixar hissi keçir(ir)dim…

Dəhşətə gəl(ir)dim, həyacanlan(ır)dım ona görə ki, bu İnsanlar, bu Oğullar nələri görüb, nələri yaşayıb, nələrin şahidi olub, nələrə Şahidlik ediblər…

Qürurlan(ır)dım, İftixar, Fəxarət hissi keçir(ir)dim ki, Xalqımızın, Millətimizin, Vətənimizin belə ürəkli, belə damarlı, belə imanlı, belə təmənnasız Oğulları, Vətən sevdalıları, savab, xeyirxah əməl sahibləri var…

Gerçəkdən və gerçəkdən…onları dinlədikcə, şahidlik etdiklərinə qulaq asdıqca, onlarla Qürur duymamaq, Fəxr etməmək mümkün deyil(di)…

İstər Aprel döyüşləri, istərsə də İkinci Vətən Müharibəsi zamanı onlarla, yüzlərlə (bəzi səbəblərdən dəqiq saylarını qeyd etmirəm, həm də özləri istəmirlər) Vətən sevdalısının nəşinin yuyulub, dərmanlanıb, kəfənlənməsində ürəklərini, həyatlarını ortaya qoyublar…

Həm Tərtərdə, həm Bərdədə, həm Füzulidə…

Bir gün Tərtərdə, bir gün Bərdədə, bir gün Füzulidə olublar…

Oradan-oraya, buradan-buraya yüyürüblər, qaçıblar…

Yorulmaq, usanmaq, çəkinmək, çəkilmək, yarıda dayanmaq nə olduğunu bilməyiblər…

İkinci Vətən Müharibəsi başlayan andan müharibə başa çatana və noyabr ayının sonlarına qədər bu müqəddəs, bu savab işi, xidməti həyata keçiriblər…

Özü də öz şəxsi və cüzi vəsaitləri, qazancları və ən əsası böyük ürəkləri hesabına…

Həm də bununla, bunlarla kifayətlənməyiblər…

Xüsusilə, Azərbaycanın Stalinqradı sayılan Tərtər rayonunun sakinlərinin, hər gün atəş altında olan, müvəqqəti evakuasiya olunan, evlərindən pərən-pərən düşən insanların yeməklə, isti paltarla, qalacaq, daldalancaq, yuyunacaq yerlərlə təmin olunmasında, o cümlədən, təkərlərin boşaldılması və lazımı nöqtələrə çatdırılması, “Qrad” qurğularının yüklənməsində və digər məsələlərində öz təmənnasız fəaliyyətlərini ortaya qoyublar…

Təkcə özləri deyil, həm də ailə üzvləri ilə birlikdə…

Xüsusilə, Tərtərli Elnur Novruzov və xanımı…

Yenə də kimdənsə, kimlərdənsə kömək, yardım, dəstək gözləmədən, ummadan…

Qeyd etdiyim kimi, həm də həyatlarını, səhhətlərini, sonradan nələr yaşaya biləcəklərini fikirləşmədən, düşünmədən…

Atası Birinci Qarabağ Savaşının iştirakçılarından, müharibə veteranlarından olan, öz şəxsi vəsaiti hesabına Birinci Vətən Müharibəsinin Səhlabadlı 8 Şəhidinə Xatirə-abidə kompleksi tikdirən, yəni, Saleh kişinin oğlu Seyid Şamxal-Şamxal Rəfizadə müharibədən sonra, bir il iki ay ərzində çox böyük stresslər yaşayıb, səhhətində ciddi fəsadlar yaranıb…

6 dəfə ağır müalicə və müayinə kursu keçib…

Hələ də səhhətində, xüsusilə, hərəkət etməsində problemlər qalmaqdadır…

Əslən Buruc kəndindən olan Fariz Cəfərovun dizindəki problemlər hələ də qalmaqda, davam etməkdədir…

Belə ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Vətən yolunda canını fəda etmiş Şəhidlərimizdən birini qucağına alarkən, ağırlıqdan müvazinətini itirib, dizi yerə dəyib və o gündən bugünədək hələ də dizi tam sağalmayıb…

Həmçinin, İkinci Vətən Müharibəsindən sonra stresslər yaşayıb və bu gün də bu stresslər səhhətində özünü büruzə verməkdədir…

Eləcə də Xəqani Məmmədovun və digər imanlı Vətən oğullarının səhhətində problemlər yaşanmaqdadır…

Amma onlar buna görə heç bir təəssüf, peşmançılıq hissi keçirmirlər…

Əksinə, bundan Fəxr və Qürur duyurlar…

Amma və lakin…

Onlara müharibə dövründə böyük vədlər edilsə də, ötən müddət ərzində həmin vədlər tamamilə unudulub, yaddan çıxıb, yaddan çıxarılıb, həmin vədlər edənlər sanki görünməz olublar…

Bir ildən artıq bir müddət ərzində kimsə və kimlərsə, heç bir dövlət yetkilisi onlarla, bu xeyirxah və savab əməl sahibləri ilə maraqlanmayıb, onlara Allahın təşəkkürünü, minnətdarlığını belə etməyiblər…

Onlar heç nə olmamış kimi unudulublar, yaddan çıxıb, daha doğrusu, yaddan çıxarılıblar…

Yenə də kimdənsə və nədənsə incimirlər, kiməsə və kimlərəsə minnət qoymurlar və deyirlər ki, onların ən böyük mükafatını Böyük Yaradan öz böyüklüyü xatirinə verib və verəcək…

Sadəcə və sadəcə, onlar da dinlənilmək, eşidilmək istəyirlər…

İstəyirlər ki, onları da dinləyən, eşidən, onlara da qulaq asan tapılsın…

Başqa heç nə istəmirlər, başqa heç nə ummurlar…

Bəli, artıq Şamxalları, Farizləri, Xəqaniləri və digər Oğulları dinləməyin, eşitməyin, onlara qulaq asmağın, onları Haqq etdikləri ilə mükafatlandırmağın zamanıdır, əslində isə zaman çoxdan ötüb-keçib…

Söz, seçim, qərar, konkret addım artıq aidiyyatı dövlət qurumlarının, aidiyyatı səlahiyyət sahiblərinin, yerli icra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “YAŞAT” Fondunun və digər qurum və şəxslərindir.

Yaxşı olar və olardı ki, adları çəkilənlər və çəkilməyənlər…artıq öz üzərlərinə düşənləri həyata keçirsinlər və bu Vətən sevdalılarının Haqq etdiklərini nəhayət, minnətsiz şəkildə onlara versinlər.

Nəhayət ki, onlar Haqqı olanları almalıdır və onlara Haqq etdiklərini verməlidirlər!

Buyurun, cənablar, yoldaşlar, əfəndilər!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Tərtər-Bakı

Etikxeber.az

Read Previous

Şuşa və Ağdama ilk sərnişin avtobusları-YOLA DÜŞDÜ… – YENİLƏNİB

Read Next

Baş Prokurorluq sosial media istifadəçilərinə xəbərdarlıq edib-1 NƏFƏR HƏBS OLUNUB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir