Seyidağa Mösümlü 64 yaşında dünyasını dəyişdi

Tanınmış hərbi teleoperator Seyidağa Mövsümlü dünyasını dəyişib.

Etikxeber.az xəbər verir ki, bu haqda tanınmış telejurnalist Telli Pənahqızı öz “Facebook” statusunda yazıb.

Statusu olduğu kimi təqdim edirik:

“Bu günün bəd xəbəri dostumuz,silahdaşımız, həmkarımız Seyidağa Mövsümlünün ölüm xəbəri oldu.Seyidağa cəsur, mərd, sözübütöv, kişi oğlu kişi idi. Onunla, necə deyərlər, kəşfiyyata getmək olardı. Bilirdin ki, səni yarı yolda qoymayacaq. Seyidağa ilə 20 Yanvar faciəsinin səhərisi günü Səhər Təcili Yardım və keçmiş Semaşko adına xəstəxanalara çəkilişə yollandıq. Onadək bir neçə operatorumuza təklif eləmişdim getməyi,ancaq hərəsinin bir bahənəsi olmuşdu. Ancaq Seyidağa kamerası əlində qapının ağzında dayanıb gözləyirdi.Xəstəxanaların dəhlizlərində yaralıların, itkilərini axtaranların əlindən tərpənmək mümkün deyildi. Mənim göz yaşlarım sel olmuşdu. Əlimdə mikrofon,dilimdə söz titrəyirdi. Hər dəqiqə Seyidağanın pıçıltısını eşidirdim: özünü ələ al,biz bunları çəkməsək,yaymasaq heç kim bizim faciəmizdən xəbər tutmayacaq . Həmin gün bütün gecəni yaralıları əməliyyat edən və yorğunluqdan, həyacan və əsəbdən güclə ayaq üstə dayanan cərrahlarla, həkimlərlə, yaralılarla,onların yaxınları ilə həmsöhbət olduq.

Bir azdan xəbər verdilər ki, rus əsgərləri, yüksək çinli zabitlər xəstəxanaya soxulub hər yanda axtarış aparırlar. Seyidağa bir mənə baxdı,bir də əlindəki kameraya. Mən onu sözsüz anladım. Kameranı alıb şubamın altında gizlətdim və güc- bəla qələbeliyin arasından keçib həyətə çıxdıq. Bir azdan artıq xəstəxananın damında idik və Yasamalda yandırılan binanın görüntülərini lentə alırdıq. Sonralar Seyidağanın səsi cəbhenin en çətin, ən qorxulu yerlərindən gəlməyə başladı. Arada bir-iki dəfə onun ölüm xəbəri də yayılmışdı. Ancaq sonra onu AzTv- nin həyətində görəndə heyrətimdən və həyacanımdan donub qaldığımı görüb gülə-gülə demişdi:

– Narahat olma, məni güllə tutmaz.

Son telefon danışığımız keçən il oldu. Cavan bir həmkarımız onunla görüşmək istədiyini söylədi. Telefon nömrəsini tapıb zəng vurdun, ötənləri, keçənləri xatırladaq. Ağrıdığını, xəstəliyini gizlədib çox gümrah danışdı.Bu gün acı xəbərinə də inanmadım.Bu gün səhər səni də təbrik etmək istəyirdim. Haqqı,əməyi,zəhməti olan bir döyüşçü, əsgər kimi!

Ancaq… inanıram ki, bu gün Azadlıq meydanında səf tutmuş o əsgərlərin sırasında sən də varsan! Axşam atılacaq yaylım atəşlerində sənin də halal- hümmət haqqın olacaq. Son yolculuğun mübarək! Tanrı dərgahında məqamın uca olsun!

Qeyd edək ki, S. Mövsümlü uzun illər Azərbaycan televiziyasında, AzTv-də fəaliyyət göstərib.

O, Xocalı soyqırımı ilə bağlı dəhşətli  görüntüləri ilk çəkən və ilk yayımlayan, Azərbaycan xalqına və dünyaya çatdıran teleoperatotdur.

Allah rəhmət etsin!

Etikxeber.az

 

 

Read Previous

AŞPA yenidən “siyasi məhbus” məsələsi üzrə məruzəçi təyin etdi və …

Read Next

Bakıda “Türk Ulduzları” rüzgarı…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir