Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı və Sumqayıt şəhərlərindən olan bir qrup Şəhid ailəsi, Şəhid anaları ilə birlikdə 2 iyun 2024-cü il tarixində Lənkəran şəhərinə səfərdə olduq.
Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Əliyevanın növbəti təşəbbüsü və təşkilatçılığı ilə baş tutan səfər zamanı öncə iki İkinci Qarabağ Savaşı Şəhidi olan Şiləvar kəndini-iki Şəhid ailəsini, iki Şəhid ocağını ziyarət etdik.
Əvvəlcə 2013-cü ildə atasını cavan yaşlarında itirən İkinci Vətən Müharibəsi Şəhidi Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin ocağına, ailəsinə-anası Gülbəniz xanıma, bir övlad sahibi olan bacısına və hazırda orta məktəbdə oxuyan qardaşına baş çəkdik…
1997-ci ilin iyul ayın 13-də dünyaya gələn, ailənin üç övladından, iki qardaşdan biri olan, İkinci Vətən Müharibəsi zamanı sentyabrın 28-dən oktyabrın 15-cən 18 günlük şərəfli döyüş yolu keçən, oktyabrın 15-də isə Cəbrayıl rayonu istiqamətində Şəhidlik məqamına ucalan və nəşi iki gün sonra-17 oktyabr 2020-ci il tarixində Şiləvar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanan Mirməhəmmədəli Rzazadənin övladlarına həm analıq, həm də atalıq etmiş anası Gülbəniz xanıma Allahdan səbr dilədik.
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik.
Müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik.
Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı subay, dörd medallı, cəmi 23 yaşlı Şəhidimizin anası ilə dərdləşdik, söhbətləşdik, ona təsəlli olmağa çalışdıq.
Bakıdan və Sumqayıtdan gələn Şəhid anaları, Şəhid ailələri, daim Şəhid ailələrinin yanında olan Arzu Əliyeva hər zaman Şəhidimizin-Mirməhəmmədəli Rzazadənin ailəsinin yanında olacaqlarını dilə gətirdilər.
Eyni zamanda, Şəhidin ocağına hədiyyələrini təqdim etdilər.
Şəhidimizin anası Gülbəniz xanım da öz növbəsində ona, ailəsinə mənəvi dəstək olduqları, ocağını-Şəhid ocağını ziyarət etdikləri üçün ziyarət iştirakçılarına, Dərd və Qürur ortaqlarına, Şəhid analarına, Şəhid ailələrinə öz minnətdarlğını ifadə etdi.
Kövrək, təsirli, duyğulu anlar da yaşandı zaman-zaman…
Ziyarət iştirakçıları, Şəhid anaları, Şəhid ailələri göz yaşlarına hakim ola bilmədilər…
Uzun illər Sumqayıtda yaşayan, ancaq Şiləvar və Digahda orta təhsil alan, 2015-2017-ci illərdə Vətənin keşiyində dayanan, həqiqi hərbi xidmətdən-Əsgərlikdən qayıtdıqdan sonra işləyib anasına, ailəsinə dəstək olan Şəhidimiz Mirməhəmmədəli həm də subay idi…
Hazırda Şiləvarda adını daşıyan küçə var.
Mirməhəmmədəligildən sonra ikinci ziyarətimiz onunla yaşıd və can dostu olan İkinci Vətən Müharibəsi Şəhidi İmaməli Şəfəqqət oğlu Əhədzadənin ailəsi, ocağı oldu.
Qeyd edim ki, Şiləvarlı, ailənin iki oğlan övladından, iki qardaşdan biri olan İmaməli də Mirməhəmmədəli kimi 1997-ci il təvəllüdlüdür.
O, 1997-ci ilin 24 avqust tarixində dünyaya gəlib.
O da Mirməhəmmədəli ilə eyni vaxtda, 2015-2017-ci illərdə Əsgərlikdə olub.
İmaməli də, Mirməhəmmədəli də Aprel döyüşlərində Azərbaycan Ordusun Əsgəri kimi iştirak ediblər.
İmaməli 2020-ci ilin sentyabr ayının 21-də hərbi səfərbərliyə cəlb olunub və müharibənin üçüncü günündə, 29 sentyabr tarixində Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 7 gün sonra-oktyabr ayının 6-da ailəsinə təhvil verilib və elə həmin gün Əbədiyyətə uğurlanıb.
O da Mirməhəmmədəli kimi dörd medalla təltif olunub.
O da subay olub.
Onun da adını daşıyan küçə var Şilavarda.
Şəhidimizin ailəsini təxminən yarım saat çəkən ziyarətimiz zamanı ailəsinə-anası Rəsmiyyə xanıma, atası Şəfəqqət kişiyə və bir övlad atası olan qardaşı Səbuhiyə başsağlığı verdik, onlara Böyük Yaradandan dözüm arzuladıq.
İmaməli də daxil olmaqla, cəmi Şəhidlərimizlə hər daim Fəxr etdiyimizi, Qürur duyduğumuzu bildirdik.
“Şəhid vurulanda deyil, unudulanda ölür”-deyən Şəhidimizin anası Rəsmiyyə xanım isə ziyarət üçün hər kəsə ailəsi adından minnətdarlığını ifadə etdi.
Şiləvarlı Şəhidlərimizi-Şəhid ocaqlarını ziyarətdən sonra Lənkəranlı, İstisulu İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay oğul Zaur İsmayılzadənin İstisu kənd qəbiristanlığındakı məzarını ziyarət etdik.
Onunla birgə digər iki İstisulu İkinci Vətən Müharibəsi Şəhidinin və ana tərəfdən yaxın qohumu olan antiterror Şəhidi Mirmusa Vüqar oğlu Hüseynzadənin məzarları üzərinə gül dəstələri düzdük, ruhlarına dualar etdik.
Bizimlə yol yoldaşı, ziyarət iştirakçısı olan Sevil xanıma-Zaur İsmayılzadənin anasına bir daha Allahdan səbr, dözüm, güc-qüvvət arzuladıq.
Sonda Şəhidlərimizin məzarları başında fotolar çəkdirdik.
Məqamları Uca, dərgahları mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:
***
01:40
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az