İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, Bakı Dövlət Universitetində baş tutan vida mərasimində BDU, Mətbuat Şurasının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak edirlər.
“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.
Bunu isə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkili bildirib ki, Ş.Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi.
“Onun üçün öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”-deyə, o, əlavə edib.
***
“Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, o, arzusuna çatdı”.
Bunu da Bakı Dövlət Universitetin rektoru Elçin Babayev bildirib.
E.Babayev vurğulayıb ki, Ş.Hüseynov yüzlərlə jurnalistin ustadı olub:
“O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri idi. Azərbaycan dövləti onun zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayacaq tarixi iz qoydu”.
Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək.
Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.
***
“Bu səhnədə dayanmaq mənim üçün ağırdır”.
Bunu öz növbəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva deyib.
O, atası ilə vida mərasiminə gələn hər kəsə təşəkkür edib:
“Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. Bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedirdi. Onun düşüncəsində BDU Azərbaycanın modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. Atam Prezident İlham Əliyevin və Birinci-vitse Prezident Mehriban Əliyevanın qayğısını görüb”.
***
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla keçirilən vida mərasimi başa çatıb.
Vida mərasiminə Azərbaycanın ictimai-siyasi xadimləri qatılıb.
Vida mərasiminə gələnlər arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də olub.
***
Görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.
Mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Etikxeber.az