“Şirməmməd Hüseynov mükafatı”na-15 NAMİZƏD VAR

“Şirməmməd Hüseynov mükafatı”nın qalibinin adı yaxın zamanlarda açıqlanacaq.

Etikxeber.az xəbər verir ki, bunu  Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

O, qeyd edib ki, namizədlərin müəyyənləşdirilməsi məqsədilə Ekspert Komissiyasının üzvləri tərəfindən namizədlərin irəli sürülməsi prosesi artıq başa çatıb:

“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı təşəbbüsümüz bütün media cameəsində, o cümlədən Şirməmməd Hüseynova dəyər verən cəmiyyətin hər bir üzvü tərəfindən rəğbətlə qarşılandı. PJB İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə qəbul edilən Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. “Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Ancaq Şirməmməd müəllimin adına təsis edilən mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək.Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühtində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı heç şübhəsiz ki, Azərbaycana hansısa şəkildə xidmətin qarşılığında qazanmaq mümkün olacaq”.


E.Paşasoy mükafatın verilməsi ilə bağlı Şirməmməd Hüseynovun ailəsi ilə də əlaqə yaradıldığını və mükafatın dekabr ayında təqdim olunacağını deyib:

“Qaydalara uyğun olaraq namizədləri konkretləşdirməyəcəyəm. Amma deyə bilərəm ki, mükafata layiq görülmək üçün təklif olunan namizədlərin sayı 15 nəfərdir. Onların hər biri mükafatı qazanmağa layiqdir. Ancaq qaydalara görə, mükafat ildə bir dəfə, yalnız bir namizədə verilir. Belə ki, Ekspert Komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından mükafata namizədləri seçib PJB İdarı Heyətinə təqdim edir. PJB İdarə Heyəti qalibi müəyyən edir. Qaydaya əsasən, namizədlərin adları PJB İdarə Heyətinin müvafiq qərarı ilə təsdiqləndikdən sonra açıqlana bilər. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, mükafata layiq namizədlər sırasında Azərbaycan vətəndaşı olmayan, amma böyük xidmətləri olan ziyalıların da adları var. Yəni ki, mükafatla bağlı maraqlananlar az deyil.

Qeyd etdiyim kimi, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı onun ailəsi ilə də müzakirələr aparmağı özümüzə mənəvi borc bildik. Ustadın ömür-gün yoldaşı Ülkər xanımla telefon əlaqəsi saxlayıb ətraflı danışmışıq. Çox təəssüflər olsun ki, pandemiyanın ortaya qoyduğu reallıqlar səbəbindən Ülkər xanımla şəxsən görüşüb onu ziyarət etmək imkanımız olmadı. Ülkər xanım təşəbbüsü dəstəkləməklə yanaşı, xeyir-duasını da verdi. Mükafatın və onun diplomunun hər il 22 iyul Milli Mətbuat günü ərəfəsində qalibə təqdim olunması barədə ümumi razılaşmamız var idi. Ancaq Ülkər xanım arzusunu dilə gətirdi, o, mükafatın Şirməmməd müəllimin anadan olduğu gün – 17 dekabrda – təqdim olunmasını istədi. Biz də razılaşdıq. Əmin edirik ki, “Şirməmməd Hüseynov mükafatı”nın qalibləri hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”.

Etikxeber.az

Read Previous

“Vəziyyət həqiqətən çətindir: Su qıtlığı, Kür və Araz çaylarında suyun minimum həddə düşməsi çətin durum yaradıb”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə-TANIŞ OLDU – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir