Siyasətçi olmaq istəyənlər, millət vəkilləri üçün, bu, qəbuledilməzdir – ELDƏNİZ SƏLİMOV

“Xarakteri fəsillər kimi tez-tez dəyişmək olmur, olsa, yaxşı alınmaz…”

Etikxeber.az AzNews.az-a istinadla millət vəkili Eldəniz Səlimovun müsahibəsini təqdim edir:

– Eldəniz müəllim, gününüzü necə planlaşdırırsınız? Çoxşaxəli deputat fəaliyyəti zamanı yalnız yaddaşa güvənmək olarmı?

– Əvvəla, diqqətinizə və media quruluşunuzda mənə yer, vaxt ayırdığınız üçün təşəkkürümü bildirirəm. İkincisi, günlə bağlı hansısa ciddi qrafikim, planlaşdırmam olmur. Düzdür, siyasətçi, millət vəkili üçün qrafik müəyyənləşdirmək, planlaşdırma aparmaq lazımlıdır, çünki gün ərzində onu bir çox görüşlər, tədbirlər, səfərlər məşğul edir. Hələ mən sonradan ortaya çıxan məqamları demirəm. Bu baxımdan, müəyyən bir planlaşdırma olmalıdır. Amma həyat inkişafda, dinamik olduğu üçün, insanlar da (xüsusilə, siyasətçilər, millət vəkilləri) buna uyğun davranmalı, gözlənilən və gözlənilmələyən, əvvəlcədən nəzərdə tutulmayan, planlaşdırılmayan hər bir məqama adekvat, hazırlıqlı olmalı, çevik reaksiya nümayiş etdirməlidir. Mən də çalışıram dövrün, situasiyanın, günün dinamizminə uyğun hərəkət edim, nə gecikməyim, nə tələsməyim.

Sualınızın ikinci hissəsinə gəlincə, şükür Allahımıza, hələ ki, yaddaşla bağlı elə bir problemimiz yoxdur…(gülür). Hələ yaşımın, başımın necə deyərlər, o vaxtı deyil. Həmçinin, bunu yaşla da bağlmaq o qədər düzgün olmaz. Elə yaşlılar var ki, yüz cavandan daha yaddaşlıdır… Mən yaddaşıma güvənirəm.

– Şəxsi həyatınızı necə, plan üzrə aparırsınız, ya onu da həyatın axarına buraxmısınız?

– Buna da tam dəqiq cavab vermək mümkün deyil. Elə də olur, bəzən belə də olur. Əslində isə şəxsi həyat bir qədər fərqlidir, çünki sənin özəlindir, öz dünyandır, öz aləmindir, xüsusilə də, siyasətlə məşğul olanlar, millətin təmsilçisi hüququnu əldə edənlər üçün. Bu, çox diqqət və ölçü-biçi tələb edən bir məsələdir. Burada hər şeyi həyatın axarına buraxmaq da olmaz. Bu, yanlışlıqlarla, xətalarla da sonuclana bilər. Burada planlama olmasa da, bir çəki-düzən, tənzimləmə mütləq olmalıdır. Mən də gənc siyasətçi, həm də millət vəkili olaraq bu məqamlara ciddi surətdə əməl etməyə çalışıram.

– Gün ərzində sizi daha çox nə məşğul edir?

– Millət vəkili olduğum üçün təbii ki, fəaliyyət dairəmlə, seçicilərimlə, bütövlükdə ölkəmizlə bağlı vacib, diqqət tələb edən bütün məsələlər məni məşğul edir və etməlidir. Başqa cür təssəvvür də etmək olmaz. Millət vəkili olmaq heç də hər kəsə nəsib-qismət olan bir məsələ deyil. 10 milyonun içərisindən 125-dən biri olmaq böyük səadət və xoşbəxtlikdir. Ona görə də millət vəkilliyinin haqqını verməlisən, qaytarmalısan, məsuliyyətini bilməlisən, sənə göstərilən etimadı-etibarı doğrultmalısan və bu yolda əlindən gələni və gəlməyəni etməyə çalışmalısan. Siyasət həm də mümkün olmayanları mümkünləşdirmək elmidir deyirlər. Sən də millət vəkilliyinin uca haqqını vermək üçün mümkün olmayanları da mümkünləşdirməyə cəhd göstərməlisən.

Hazırda dünyamız, regionumuz və dövlətimiz üçün çox mühüm dövrdür, bir-birini əvəzləyən sürətli hadisələr yaşanır, proseslər baş verir və belə anlarda da millət vəkillərindən daha məsuliyyətli, daha praqmatik addımlar, daha çevik reaksiyalar tələb olunur…

– Milli Məclisdə müzakirələr başlamazdan əvvəl hansı tədbirləri görürsünüz?

eldeniz salimov-1

– Çalışıram ki, gündəlik hadisələri, prosesləri daha yaxından izləyim, beynimdə, düşüncəmdə analiz edim. Həmçinin, xarici və yerli media vasitələrini izləməyə, olan-bitənlərdən xəbərdar olmağa çalışıram. Bununla yanaşı, müzakirəyə çıxarılacaq və ya çıxarılması gözlənilən sənədlərlə, qanunvericilik aktları ilə bir daha yenidən və yaxından tanış olmağa səy göstərirəm, onları təkrar gözdən keçirirəm, dəqiqləşdirmələr aparıram. Hansısa məsələ barədə fikir, rəy bildirməyi nəzərdə tuturamsa, onu bir daha ələkdən keçirməyə, əsaslandırmağa, daha tutarlı və arqumentli etməyə çalışıram. Çünki insanlar, cəmiyyət boş sözlərə inanmır. Bunlar çox vacibdir və lazımlıdır. Bunlarsız mümkün deyil…

– Yəni cıxışdan öncə məsələ ətrafında çıxış və ya plan hazırlayırsınız?

– Təbii ki, ilkin götür-qoy olmalıdır, nə edəcəyini, fikirlərini, arqumentlərini necə səsləndirəcəyini və əsaslandıracağını öncədən bilməsilən, hazırlıq aparmalısan. Bu, həm də vaxta qənaət deməkdir. Eyni zamanda, dediyim ki, situsaiyaya da anında hazır olmalısan, hansısa qəfil bir məsələ qarşısında sakit dayanıb, baxmamalısan. Siyasətçi olmaq istəyənlər, millət vəkilləri üçün, bu, qəbuledilməz və yolverilməzdir.

– Deputat olmazdan əvvəl icra hakimiyyətində çalışmısınız, bəs o zaman günlük fəaliyyətinizi necə qurmuşdunuz?

– Təxminən indiki kimi. Elə də ciddi fərq yxdur. Bu, həm də xarakter məsələsidir, xarakteri də fəsillər kimi tez-tez dəyişmək olmur və olsa da, yaxşı alınmaz. Burada bir stabillik lazımdır. Mənim üçün – bir qədər də qeyri-təvazökarlıq kimi görünməsin – hər zaman məsuliyyətlilik, ciddiyyətlilik, zəhmətkeşlik və səmimiyyətlillik ən ali dəyərlər, meyarlar olub. İstər digər sahələrdə çalışdığım zamanlar, istərsə də indi. Təbii ki, yenə deyirəm, millət vəkilliyinin ağırlığı, məsuliyyəti daha böyükdür və ona da uyğun davranmalısan.

– Xarici səfərlərdə olanda necə, rəsmi protokola üstünlük verirsiniz, ya özünüzün ayrıca planınız olur?

– Çalışram ki, daha çox protokola uyğun hərəkət edim. Bu, özfəaliyyət məsələsi deyil, yəni, millət vəkilliyini, bu statusu digərləri ilə qarışdırmaq olmaz. Ona görə rəsmi protokol öndə gəlməlidir və gəlir də.

– Evinzlə Milli Məclis arasındakı məsafədə yol boyu ən çox diqqətinizi çəkən nələr olur?

-Düzünü desəm, bu barədə elə bir təhlil, necə deyərlər, statistika aparmamışam. Bu, əslində an, situasiya məsələsidir. Mən Xaçmaz rayonunu Parlamentdə təmsil edən iki millət vəkilindən biriyəm və orada yaşayıram. Bakıya, Milli Məclisə gələnədək də bir-birini əvəzləyən çoxlu məqamlar, situasiyalar yaşanır. Bəzən də təkrarçılıq olur, belə demək mümkünsə… Elə məqamlar olur, məni üzür, düşündürür, elə məqamlar, situasiyalar da olur ki, məni qürurlandırır, sevindirir. Hər zaman da istəyirəm ki, pozitivlər daha çox olsun. Həyatımız, cəmiyyətimiz neqativlərdən uzaq olsun…

– Son olaraq, ənənəvi sualımız: deputat olmağın avantajları nələrdir?

– Deputat, MİLLƏTİNİN VƏKİLİ, 125-dən biri olmaq elə ən böyük avantajdır. Bundan böyük nə avantaj ola bilər?! Cavan yaşımda 125 millət vəkilindən biri olmuşam, seçicilərim (həmçinin, üzvü olduğum 700 minlik hakim partiya mənə etimad göstəribsə) mənə mandat veribsə, Parlamentə seçibsə, onun səsi, elçisi olmağa layiq bilibsə, bu, mənim üçün həyatda ən böyük avantajdır və buna görə də özümü çox xoşbəxt sayıram.

Etikxeber.az

Read Previous

İmkanlı ailələr iki uşaqdan artıq övlad dünyaya gətirmirlər… – MİLLƏT VƏKİLİ

Read Next

Əliyev Türkmənistanda – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir