“Siyasi əlaqələr yüksək səviyyədədir…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Alişer Sultanovu qəbul etdi.

Etikxeber.az xəbər verir ki, Baş nazirin müavini Alişer Sultanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.

***

O, bildirdi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısı ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və deyir: “İlham Əliyev xalqının böyük oğludur”.

Alişer Sultanov qeyd etdi ki, Özbəkistan Prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır.

O, bildirdi ki, Özbəkistan Prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan Alişer Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan Prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğuladı.

Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd etdi. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Etikxeber.az

Read Previous

“Pulu verən sizsiz, ona görə də…” – SPİKER

Read Next

525-i hədəfləyən “525” – MƏTBUAT ŞURASINDAN TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir