“Siyasi məhbus” məsələsi Azərbaycana təzyiq vasitəsi kimi hər zama bir silah kimi istifadə olunur…”-ƏLİ HÜSEYNLİ AŞPA-NI SƏRT TƏNQİD ETDİ

Azərbaycanın Avropa Şurasının, AŞPA-nın ədalətsizliyi ilə üzləşdiyini, bu qurumların hədəfinə çevrildiyini Türkiyə, Rusiya kimi digər ölkələr də açıq bəyan edir. Bildiyiniz kimi, bir neçə il öncə Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Azərbaycan da beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlətdir və heç bir qurumun əlində siyasi alət kimi istifadə olunmasına imkan verməyəcək.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Birinci vitse-spiker Əli Hüseynli deyib.

O, qeyd edib ki, “siyasi məhbus” məsələsi Azərbaycana təzyiq vasitəsi kimi hər zaman AŞPA-nin əlində silah kimi istifadə olunur.

“Prezident İlham Əliyev bunu Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri kimi dəyərləndirmişdir. Görünən odur ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda “siyasi məhbuslarla” bağlı qondarma hesabatı iflasa uğrayandan sonra AŞPA öz məğlubiyyətini unuda bilmir. Ona görə də mühüm siyasi məqamlarda bu məsələni yenidən gündəmə gətirməklə aranı qarışdırmağa çalışır. 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanda “siyasi məhbuslarla” bağlı qəbul edilən qətnamənin açıq şəkildə qərəzli və ədalətsiz olduğu ondan bəllidir ki,  törətdikləri cinayətlərə görə aldıqları cəzalarını çəkmiş və ya əfv olunaraq artıq azadlığa çıxmış şəxslərin azad olunmaları və siyasi məhbus kimi taninmaları tələb olunur. Bu, sadəcə absurddur”-deyən Ə.Hüseynlinin sözlərinə görə, Azərbaycana qərəzli münasibətin əsas səbəblərindən biri islamafobiyadır.

“Prezident İlham Əliyevin söylədiyi kimi, Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi fonunda AŞPA-da bəziləri bu qurumun sırf “xristian klubu”na çevrilməsini arzulayırlar. AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasəti ölkəmizə qarşı antipatiyanın və islamafobiyanın tərkib hissəsinə çevrilməkdə olan azərbaycanafobiyanın təzahürüdür. Yeri gəlmişkən, buradan Türkiyənin Avropa Birliyinə buraxılmamasının da əsas səbəblərindən birini görmək mümkündür. Çoxsaylı beynəlxalq müşahidəçilərin bu ilin 9 fevral tarixində ölkəmizdə keçirilmiş parlament seçkilərini demokratyanın inkişafında mühüm addım kimi dəyərləndirmələrinə rəğmən AŞPA-nın seçkilərdən öncə Azərbaycanla bağlı qətnamənin qəbulu  üçün vaxtın seçilməsi çox mətləblərdən xəbər verir. Belə təəssürat yaranır ki, bütün dünyanı lərzəyə gətirmiş koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın digər ölkələrə nümunə olduğu şəraitdə belə ölkəmizin uğurlarına qısqanclıqla yanaşan və “beyni”nin də koronavirusa yoluxduğu AŞPA öz davranışları ilə Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçə bilmir…

…Bu qurum öz məsuliyyətsiz və ədalətsiz davranışları sayəsində beynəlxalq və regional səviyyədə nüfuzundan tamamilə məhrum olmaq təhlükəsi ilə üzləşib. Prezident İlham Əliyev də bu ilin əvvəllərindəTürkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə demişdir ki, təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Çünki onun qəbul etdiyi qərarlar çox zaman qərəz üzərindən verilir. Ona görə də, onun fəaliyyəti nəinki Avropa məkanı və cəmiyyəti üçün, heç onun parlamentariləri üçün də əhəmiyyətsiz görünür və məsələlərin müzakirəsi formal şəraitdə, iştirak sayının minimal həddində keçir. Azərbaycana qarşı münasibətdə isə belədir ki, məsələnin hansı yöndən təqdim olunmasına baxmayaraq, sonda əvvəlcədən hazırlanmış bəyanatlar mövcuddur. Ölkəmizə qarşı atılmış mifik “Azərbaycan landromatı” söhbəti şər və böhtan olmaqla yanaşı, həm də AŞPA-nın daxilindəki inamsızlıqdan və qeyri-səmimi münasibətlərdən doğan neqativ keyfiyyətlərin göstəricisidir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İntihara cəhd edən qızın valideynlərinə ürək-dirək verdim, onu xilas edən gəncə zəng edib, qəhrəmanlığından qürur duyduğumu bildirdim”-AYDIN MİRZƏZADƏ

Read Next

“Vəzirov AXC-yə dialoq təklif etdi, dedi ki, Sovet rejimi hələ güclüdür, gəlin Ali Sovetə 50 adamınızı keçirdək…Elçibəy razılaşsa da, cəbhə radikalizminin təmsilçiləri əleyhinə çıxdılar…”-FAZİL MUSTAFA DA “SİRR PƏRDƏSİ”Nİ QALDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir