“Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir”-Baş Prokurorluqdan Fuad Qəhrəmanlı, Asif Yusifli, Seymur Əhmədov və digərlərinin həbsi ilə bağlı – AÇIQLAMA – OMBUDSMAN DA HƏBSDƏKİLƏRƏ BAŞ ÇƏKDİ – YENİLƏNİB

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin gedişatı barədə ictimaiyyətə əlavə olaraq ətraflı məlumatın verilməsi təmin olunacaqdır.

16:45

***

Həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.

Obbudsman Aparatından verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib.

F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər.

Təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb. Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

Etikxeber.az

Read Previous

“İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Yoluxmada növbəti azalma-286 – DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir