Siyasi partiyalar yenidən bir arada – DƏYİRMİ MASA BAŞLADI – HACILI VƏ MİRƏLİOĞLU GƏLMƏDİ – BƏYANAT QƏBUL OLUNDU – FOTOLAR – YENİLƏNİB – (2)

Fəzail AĞAMALI: “Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq…”

“Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövuzusunda Dəyirmi masa öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, tədbir YAP-ın təşəbbüsü, dəstəyi, eyni zamanda,  Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hakim partiya ilə yanaşı Ana Vətən, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik Partiyası və digər partiyaların iştirak edirlər.

YAP-ı Dəyirmi Masada Baş nazirin müavini Əli Əhmədov və digər hakim partiya rəsmiləri təmsil edir.

ali ahmadov

Tədbir Park İnn Hoteldə keçirilir.

***

Tədbirdə iştirak edənlər arasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də var.

Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.

***

Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri,  deputat Fəzail Ağamalı deyib ki, bu və digər səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandırılan səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar:

“Bu şəxslər ümidsizlik mühiti yaradırlar, xalqa qorxu hissi aşılamağa çalışırlar. Ermənistandan Gəncəyə qədər tunel açıldığını deyirlər, ağızları köpüklənə-köpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər, Ermənistanı dövlət maraqlarına xidmət etməkdədilər. Dövlət öz işini görür və görməkdədir. Bu, onun məsuliyyətidir. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.

YAP-ın sədr müavini Ə. Əhmədov çıxışında bildirib ki, təcrübədə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq halları olub.
Onun sözlərinə görə, bu hallara müəyyən siyasi proseslər və seçkilər zamanı daha çox rast gəlinir:
“Ölkədə cərəyan edən bütün siyasi proseslər ancaq ölkə vətəndaşlarının iradəsi ilə reallaşdırıla bilər. Bütün ölkələrdə bu normalar mövcuddur. Son illər xaricdə mühacir qismində Azərbaycan əleyhinə fəaliyyət göstərən insanlar peyda olub. Youtube kanalı izləyici sayı bir neçə milyon olandan sonra maliyyə qazandırır. Bir neçə on min izləyici hesabına maliyyə imkanları əldə edilməsi nağıldır. Bu, əldə olunan vəsaitlərin mənbəyini gizlətmək üçün vasitələrdir”.
deyirmi
deyirmi-1

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxışında deyib ki, Azərbaycanda iqtidar-müxalifət münasibətləri sıfır səviyyəsindədir:

“Mən təklif edirəm ki, iqtidarla bütün siyasi partiyalar arasında dialoq olsun. Buna olduqca böyük ehtiyac və zərurət var. Hesab edirəm ki, bugünkü müzakirə xaricdə yaşayan miqrantlar üzərində qurulmamalıdır. Çünki onların kənarda siyasətlə məşğul olmasının səbəbi Azərbaycanda bu imkanın olmamasıdır”.

O, tezliklə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib:

“Bu il keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində isə bələdiyyələrin statusuna baxılmalı, daha sonra normal bələdiyyə seçkiləri keçirilməlidir”.

Ə. Əliyev iqtidar və müxalifətin birgə ictimaiyyətlə təmasının genişləndirilməsini də təklif edib: “Bir heyət formalaşdıraq, gedək rayonlara, ictimaiyyətlə görüşlər keçirək”.

Azərbaycan Xalq Partiyasının sədri P. Hüseyn isə çıxışında deyib ki, bugünkü dəyirmi masaya bütün ictimai-siyasi çevrənin təmsilçiləri dəvət olunmalı idi. O, iqtidarın müxalifətə və ictimai təşkilatlara münasibətindən narazılıq edib:

“Biz ölkədə islahatlar layihəsi hazırlayarkən müzakirələrə YAP funksionerlərini – Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət etdik, əvəzində sıfır reaksiya gördük. Təklif etdik, YAP-ın qərargahına gəlib, müzakirə aparaq, yenə etinasızlıq göstərildi. Bu halda da indiki vəziyyət yaranır. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Paralel olaraq siyasi islahatlar da aparılmasa, heç bir effekt olmayacaq”.

P. Hüseyn partiyaları, ayrı-ayrı qüvvələri Azərbaycan uğrunda birləşməyə də çağırıb: “Azərbaycanda iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, bütün milli qüvvələrin bir araya gəlməsini, ölkəni irəliyə aparmasını mümkün sayıram və buna dəstək verməyə hazır olduğumu bildirmək istəyirəm”.

O qeyd edib ki, iqtidarın müxaliflərə qarşı aqressiyası aradan qalxmalıdır. P. Hüseyn islahatlar dərinləşəcəyi təqdirdə, hökuməti dəstəkləyəcəyini də bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev çıxışında bu gün Azərbaycanda müəyyən nöqsan və problemlərin olduğunu deyib:

“Hesab edirəm ki, bu nöqsanlarla bağlı müzakirə aparılmalı, o cümlədən islahatların dərinləşməsi istiqamətində addımlar atılmalıdır. Mənim fikrimcə, xaricdən idarə olunan müxalifətə qarşı dözümsüz olmaq lazımdır. Xatırlayırsınızsa, Prezident seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana gəlmişdi. Hamı bilirdi ki, məqsəd nədən ibarətdir. Toplaşdılar onun başına. Hələ Putinə şanlı məktub da yazdılar və dəstək istədilər. Amma nə baş verdi? Biz bunları görə-görə gəlmişik”.

Q.Həsənquliyev qeyd edib ki, bu yaxınlarda Əli Kərimlinin ABŞ-dakı ən fəal təbliğatçısı, vaxtilə AXCP-də beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuş Qorxmaz Əsgərov “Ayının əmisioğlu” adlı bir məqalə ilə çıxış edib:

“O, məqaləsində qeyd edir ki, prezident seçkilərində AXCP olaraq ona görə Etibar Məmmədovu müdafiə ediblər ki, bunu onlara Milli Demokratiya İnstitutu tövsiyə edib. Əgər bir siyasi partiyaya hansısa xarici qüvvə hansısa namizədi dəstəkləmək göstərişi verirsə, bu, birbaşa olaraq ölkənin daxili siyasətinə müdaxilədir. Biz belə hallara qarşıyıq”.

***

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa  deyib ki, Azərbaycanın ən həssas nöqtəsi dini müxalifətdir:

“Ölkənin əsas problemi təhlükəsizlik problemidir. Bu gün biz çalışmalıyıq ki, Azərbaycan gözlənilmədən Suriyanın, Liviyanın vəziyyətinə düşməsin. Ona görə də siyasi qüvvələr bu xaosun yaranmasına rəvac verməməlidir”.

O, bildirib ki, iqtidar-müxalifət arasında dialoq sistemli şəkildə həyata keçirilməlidir:

“Fikrimcə, YAP rəhbərliyi bu təşəbbüsü dəstəkləməli və problemlər vaxtaşırı müzakirə olunmalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ölkədə qanunsuz əməllərlə məşğul olan məmurlara qarşı mübarizə aparılmalıdır:

“Onlar Prezidentin apardığı yaxşı işlərə də kölgə salırlar. Bir misal çəkim. Bu yaxınlarda yanan “Diqlas” ticarət mərkəzində çalışanlara kompensasiya verilməsi barədə cənab Prezident sərəncam imzalayıb. Amma bəzi şəxslər hələ də onların pullarını vermirlər. Bu barədə bizə müraciət olunub”.

N. Cəfəroğlu deyib ki, siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq olunub:

“Həmin şəxslər azad olunsun, onlar üzündən ölkəmizə söz deyilməsin”.

“Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, dəfələrlə  Avropada bir çox tədbirlərdə iştirak edib:

“Bir dəfə Brüsseldə Qarabağ konfransı adlı tədbirdə idik. Orada Serj Sərkisyanın əleyhdarları da vardı. Onlar iki məsələdə – Qarabağ və qondarma “erməni soyqırımı” məsələsində Sərkisyanın ətrafında birləşdilər, Azərbaycanın əleyhinə çıxışlar etdilər. Ad çəkmək istəmirəm, orda bir azərbaycanlı qadın var idi ki, Qarabağ məsələsinin müzakirəsində çıxıb Azərbaycan iqtidarının əleyhinə danışdı, bir cümlə belə Qarabağdan danışmadı”.

Tədbir müzakirələrlə davam edib, sonda bəyanat qəbul olunub.

Etikxeber.az

Read Previous

Prezident qubernatoru qəbul etdi – BAKIDA BİZNES FORUM KEÇİRİLƏCƏK – FOTO

Read Next

Vitse-premyer “usaqpulu verilmir” fikrini qəbul etmək istəmir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir