Siyasi sabitliyin və iqtisadi inkişafın mükəmməl hüquqi bazası yaradılıb – ƏLİ HÜSEYNLİ

ƏLİ HÜSEYNLİ: Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliyin edilməsi gözlənilmir…

Etikxeber.az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavablandırır:

-Əli müəllim, 2000-ci illərin əvvəllərində parlamentdə ən çox dilə gətirilən məsələlərdən biri də parlamentdə prezidentin daimi nümayəndəliyi institutunun yaradılması, yəni, qanunların daha tez hazırlanıb müzakirələrə təqdim edilməsi, irad, təkliflərin daha tez nəzərə alınması baxımından, daimi nümayəndənin parlamentdə olması, əyləşməsi məsələsi idi. Necə hesab edirsiniz, bu məsələyə qayıdıla bilərmi, onun reallaşdırılması mümkündürmü?

-Sizin də söylədiyiniz kimi, belə bir təklif çoxdan səslənmişdi. O zaman da buna ehtiyac görülməmişdi, indi də ehtiyac görmürük. Azərbaycan parlamentinin iş üslubu uzun illərdir formalaşıb və kifayət qədər effektivdir. Bu effektivliyin əsas səbəblərindən biri də Milli Məclisin digər qanunvericilik subyektləri ilə səmərəli əməkdaşlığıdır. Qanunların böyük əksəriyyəti cənab Prezident tərəfindən təqdim olunur. Parlamentdə çoxluq hakim partiyanın üzvləridir. Təcrübə və müzakirələr onu göstərir ki, hakim partiya üzvləri belə demək mümkünsə, elə prezidentin nümayəndələri qismində çıxış edirlər.

Prinsipial fundamental məsələlərlə bağlı isə qanunların ictimai müzakirəsi və yaxud komitə iclaslarında Prezident Administrasiyasının nümayəndəsi də ehtiyac olduqda iştirak edərək müzakirələrə qatılır. Bundan başqa, təkliflər, əlavələr və düzəlişlər qanunvericilik subyekti ilə bu halda Prezident Administrasiyası ilə  razılaşdırılaraq edilə bilir. Yəni demək istəyirəm ki, xüsusi olaraq prezidentin daimi nümayəndəliyi institutunun yaradılması zərurəti mövcud deyil…

eli_huseynli_esas_55

-Yeri gəlmişkən, cəmiyyətdə paradoksal bir vəziyyət, birmənalı olmayan yanaşma da mövcuddur. İnsanlar həm bəzi qanunsuzluqlar, pozuntularla, hüquqpozmalarla bağlı xüsusilə, cərimlərin artırılmasının tərəfdarı kimi çıxış edirlər, bu məsələlər reallıqda həllini tapanda isə ondan, cərimələrin miqdarının çoxluğundan şikayətlənirlər. Bu məsələdə “qızıl orta” tapmaq mümkündürmü?

-Cərimələrin məqsədi ilk növbədə fiziki və hüquqi, o cümlədən vəzifəli  şəxslərin  hər hansı bir hüquqpozmadan çəkindirməkdir. Bu baxımdan cərimə məbləğinin bu subyektlər tərəfindən onların ödəmə qabiliyyəti ilə müqayisə etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələdə qanunvericilik söylədiyiniz qızıl ortanı bir çox məsələlərdə müəyyən etmişdir. Amma ictimai münasibətlərdən asılı olaraq, yeni yaranan hüquqpozmaların cərimə miqdarları artırılması ilə bağlı bəzən yeni təkliflər daxil olur…

-Komitəniz tərəfin yaxın zamanlarda ictimai dinləmələrin keçirilməsi, necə, gözlənilirmi? Səhv etmiriksə, DYP (“QAİ”) ilə birgə dinləmələrin keçirilməsi nəzərdə tutulurdu…Bu haqda nə deyərdiniz?

-Dövlət Yol Polisi – ümumiyyətlə, hüquq mühafizə orqanları millət vəkillərinin müraciətlərinə həmişə diqqətlə yanaşırlar. Dövlət Yol Polisi ilə bağlı qaldırılan məsələ işçi qaydasında sonradan həllini tapdı. O ki qaldı, ümumiyyətlə, qanunların ictimai müzakirəsinə, bu, artıq bizim həm də bir öhdəliyimizdir. Bunu “İctimai iştirakçılıq haqqında” qanun tələb edir. Yəni, cəmiyyət üçün maraq kəsb edən qanunlar və yaxud qanuna əlavə də düzəlişlər ictimai müzakirəyə çıxarılmalıdır…

-Əli müəllim, qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsi baş verə bilərmi? Yenə də parlamentin payız plenar iclaslarından birində Siyavuş Novruzov bu barədə məsələ qaldırmışdı…

-Bilirsiniz ki, artıq 15 ildir Seçki Məcəlləsi qəbul olunub və ilk dövrlər milli seçki təcrübəsindən irəli gələn və beynəlxalq təşkilatların bir sıra tövsiyələrini nəzərə almaqla  məcəlləyə əlavələr və dəyişikliklər də edilmişdir. Hazırda Azərbaycanda nəinki mükəmməl seçki qanunvericiliyi, həm də qabaqcıl seçki təcrübəsi mövcuddur. Bu baxımdan, Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliyin edilməsi gözlənilmir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri bir arada – FOTO

Read Next

Deputatların statusu ilə bağlı qanun dəyişdirilir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir