“Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq, biz ehtiyacı olanlara vəsait vermək istəyirik… Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq…”-PREZİDENTİN KÖMƏKÇİSİ – METRO AÇILACAQMI, TOYLARA İCAZƏ VERİLƏCƏKMİ? – YENİLƏNİB – (3)

Dövlətin əsas məqsədi özəl sektorun inkişafını, qeyri-neft sektorunda aktivliyi dəstəkləməkdir.

Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, eyni zamanda bir sıra layihələrin icrasında dövlət-özəl mexanizmindən geniş şəkildə istifadə etmək planlaşdırılır:

“İnvestisiyaların dəqiq rəqəmi ilə bağlı indi dəqiq proqnoz vermək mümkün deyil. Bu, bütün bunlar dünyada və Azərbaycanda karantin tədbirlərinin yumşalmasından asılı olacaq. Karantin dövründə müəyyən investisiya şirkətləri ilə danışıqlar aparmışıq. Amma gediş-gəlişin olmaması bəzi layihələrin icrasının gecikməsinə səbəb olur. Dövlət İnvestisiya Holdinqinin əsas məqsədi dövlət tərəfindən yatırılan investisiyaların nəticəsinin daha səmərəli olması üçündür”.

***

“Nəqliyyatda sıxlıq var. Metro artıq 1 aydan çoxdur ki, bağlıdır. Bu da avtobuslarda sıxlığa səbəb olur”.

Bunu isə zərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, buna görə böyük həcmdə işlər görülür:

“Artıq bir dənə də avtobusun qarajda qalmaması məqsəd kimi qarşıya qoyulub. İkincisi, yollara nəzarət tədbirləri görülür. Burada əhaliyə çağırışımız var. Günün ikinci yarısında bu sıxlıqlar daha çox olur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin. Bu bizə həddən çox kömək edər. Bununla həm vətəndaş özü rahat olacaq, həm də virusun yoluxmasının qarşısını almağa kömək edəcək. Avtobuslarının sayını artırmaqla isə virusun qarşısını almaq mümkün olmayacaq”.

Prezidentin köməkçisi eyni zamanda bildirib ki, həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir. O, qeyd edib ki, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir:

“Ona görə də bir çox ölkələrdə nəqliyyatın dayandırılması təcrübəsindən istifadə edilir. Biz də buna məcburuq. Bu gün metronun açılması müzakirə olunmur. Çünki ən çox yoluxma metroda ola bilər”.

“Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranlar açıla bilər”-deyən Ş. Mövsümov bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir:

“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

***

Sonra “Bu gün əksər dövlət qurumlarında işçilərin sayının azaldılması ilə işlər davam etdirilir”-deyən Ş. Mövsümov bildirib ki, indiyə qədər bir çox dövlət qurumunda 30% işçi işə çıxarılırdı, bu, 50%-ə qədər artırıla bilər:

“Azyaşlı uşağı olan valideynlərlə bağlı vəziyyətin qurum rəhbərliyi tərəfindən nəzərə alınacağını düşünürük. Bununla bağlı əlavə tədbirlər nəzərdə tutulmayıb”.

Prezidentin köməkçisi həmçinin deyib ki, jurnalistlərin paytaxtdan rayonlara hərəkət etməsi üçün ezamiyyə vərəqi tələb olunur. O, qeyd edib ki, bu, çox sadə bir tələbdir:

“Düşünmürəm ki, ezamiyyə vərəqinin verilməsi hər hansı ciddi problem yaratsın. Amma bu ən azından insanların hərəkətini nəzarətdə saxlamağa imkan verər. Ezamiyyə vərəqi normal bir şeydir. Bu gün bütün dövlət qurumlarında bu tələb olunur. Hər hansı rayona getdikdə, doğrudan da öz vəzifə borcunu yerinə yetirmək üçün gedirsə, bu, ezamiyyədir. Ona görə də ezamiyyə vərəqi verilməlidir”.

Ş. Mövsümov əlavə edib ki, şirkət ezamiyyə vərəqini mümkün qədər tez verməlidir:

“Yarım saat ərzində ezamiyyə vərəqi verilməlidir ki, jurnalist hadisə yerinə gedə bilsin”.

Brifinq zamanı “190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”-deyən Prezidentin köməkçisi bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub:

“Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcək. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

***

Daha sonra “Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır”-deyə, qeyd edən Ş. Mövsümov söyləyib ki, yumşalmalar sanitar-epidemioloji qaydalara əməl edilməsi, yoluxmanın sayının azalması ilə bağlı edilir:

“Burada məsələ hava ilə bağlı deyil. Açıq havada yoluxma ehtimalı daha az olsa da, sanitar-epidemioloji qaydalara ciddi əməl edilməlidir. Çünki yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”.

“Epidemioloqlar hər hansı bir xəstəliyin epidemioloji nəzarətini aparanda onu obliqrat qruplar üzrə aparmırlar”.

Bunu da TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O, bildirib ki, hər bir hadisənin açıqlaması var:

“Bu gün COVID-19 xəstəliyinin şübhəli hal açıqlaması var. Bu, bir və ya bir neçə şəxsin gördüyü işlə əlaqəli deyil. Onun klinik vəziyyəti ilə əlaqəlidir”.

Şöbə müdiri qeyd edib ki, bu gün şübhəli hal qızdırması, eyni zamanda nəfəs darlığı, öskürəyi olan şəxslərə aiddir:

“Bu şəxslər də sahə həkimlərinə müraciət edirlər. Bundan sonra pozitiv hal aşkar olursa, epidemioloqlar pozitiv halın çıxmasında 2 gün öncə vaxt kəsiyini götürərək onun təmaslarını təyin edirlər. Bu təmasın müəyyən olunması epidemioloqların ən vacib işlərindən biridir. Əgər biz əks-epidemik tədbirlər görürüksə, tam olaraq obliqat qrup demək doğru olmur. Biz bu məsələni çox müzakirə etmişik. Hətta tibb işçilərinin tez-tez yoxlanması və obliqat qrup olması bir çox ölkədə müzakirə edilir. Burada daha çox bizi vətəndaşın klinik vəziyyəti maraqlandırır. Hətta biz epidemioloji anamnezi də bu anlayışın içərisinə qoyurduq. Epidemioloji anamnez bizim üçün o vaxt əhəmiyyətli idi ki, bəzi ölkələrdə xəstəlik yayılmışdı, bəzisində yayılmamışdı. Biz vətəndaşdan xaricə səyahət edib-etməməsini də soruşurduq. Amma hazırda bu suallar öz effektivliyini itirib”. 

12:40

***

“Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.

Bunu da öz növbəsində Rövşən Nəcəf deyib. O, bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür:

“Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı – burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Etikxeber.az

Read Previous

CAVAD, PETROPAVLOVKA…SABIRABAD RAYONUNUN TƏSİS OLUNDUĞU GÜN-Millət vəkili yazdı

Read Next

Prezidentdən təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir