Son 30 ilin iki müxalifyönlü vitse-spikeri-TAMERLAN QARAYEV VƏ FƏZAİL İBRAHİMLİ…

Məlum olduğu kimi, bu gün-martın 10-da 6-cı çağırış Milli Məclisin (MM) ilk iclası keçirilib.

İclasda MM-in yeni rəhbərliyi seçilib.

Parlamentin rəhbərliyinə 6 çağırış MM-in tarixində ilk dəfə olaraq, müxalifyönlü partiyanın təmsilçisi seçilib.

Əgər indiyə kimi, yəni, 5 çağırış MM-də (1995-2020) rəhbərlikdə yalınız hakim Yeni Azərbaycan Partiyasının (YAP) və müstəqillərin nümayəndələri təmsil olunurdusa, bu dəfə bir qədər şərtlər dəyişib.

MM sədrinin müavinlərindən biri parlamentdə təmsil olunan digər partiyanın-müxalifyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təmsilçisi seçilib.

Bu, son 5 çağırış MM-in üzvü olan VHP sədrinin müavini, professor Fəzail İbrahimlidir.

Qeyd edək ki, F. İbrahimli son 30 il ərzində ikinci müxalifyönlü şəxsdir ki, MM rəhbərliyində təmsil olunur.

Belə ki, sonuncu-12-ci çağırış Ali Sovetin ( Milli Şuranın-Milli Məclisin) rəhbərliyinə ilk dəfə olaraq, müxalif hərəkatın- o zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXC) Məclisinin sədri və BDU-nun hüquq fakültəsinin dekan müavini olan Tamerlan Qarayev seçilmişdi.

T. Qarayev bu vəzifəni mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən 1993-cü ildə Çinə səfir göndərilənə qədər icra etmişdi.

Onu da qeyd edək ki, T. Qarayev 1991-92-ci illərdə vitse-spiker, 1992-93-cü illərdə birinci vitse-spiker olub.

T. Qarayev birinci vitse-spiker olarkən (mərhum Əbülfəz Elçibəy hakimiyyəti dönəmində) öz tərəfdarları, o cümlədən, bacanağı-millət vəkili Rasim Musabəyovla birlikdə iqtidaryönlü Doğru Yol Partiyasını (DYP) yaradaraq, bir müddət ona rəhbərlik edib.

1993-cü ildən, Çinə səfir göndəriləndən sonra DYP-nin sədr əvəzi R. Musabəyov olub, ta ki, Müsavat Partiyası ilə birləşənə qədər.

F. İbrahimliyə gəlincə, o, 1992-ci ildə, yenə Elçibəy hakimiyyəti dönəmində nazir Sabir Rüstəmxanlı tərəfindən yaradılan mərkəzyönümlü-sağçı VHP-nin qurucularından olub və həmin vaxtdan bugünə kimi, VHP-nin rəhbərliyindədir, sədr müavinidir.

2000-ci ildən, 2-ci çağırışdan isə MM-in üzvüdür.

Son seçkilərə kimi, MM-in Mədəniyyət və Regional məsələlər komitələrinin üzvü olub.

MM-də və mediada aktivliyi ilə seçilənlərdəndir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident və ailəsi çərşənbə-TONQALI YANDIRDI – FOTOLAR

Read Next

“Hər birimiz öz vəzifəmizi yüksək məsuliyyətlə icra etməliyik…” – PARLAMENTİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN YENİ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir