“Son günlər ABŞ-da yaşananlar “demokratiya keşikçiləri”nin əsl simasını ortaya qoydu…Öz gözlərində tiri görməyib, başqalarında tük axtaranların antiinsani yanaşması və əsl siması…”-DEPUTATDAN “DEMOKRATİYA CARÇILARI”NA DEMOKRATİYA DƏRSİ

Bu gün dünyada təkcə tibb, səhiyyə, pandemiya böhranı yaşanmır, təkcə iqtisadi-maliyyə tənəzzülü, çöküşü özünü büruzə vermir, eyni zamanda, dərin siyasi, demokratik böhran yaşanır…

Bəli, bütün böhranlar bu və ya digər dərəcədə bir-biri ilə əlaqəli, bağlıdır, biri digərini doğurur, siyasi, demokratiya böhranı da həmçinin… Uzun illərin, onilliklərin yanlış siyasəti, “hökm et və parçala” siyasəti və sair səbəblər məhz siyasi və demokratik böhrana gətirib çıxarmalıydı və çıxardı da…

Özü də yeni, gənc, müstəqillik yolunda minbir əziyyətlərə qatlaşan ölkələrdə deyil, məhz demokratiyanın “beşiyi” sayılan ölkələrdə, qoca Avropada, ABŞ-da!

Gənc, yeni müstəqil dövlətlərə, özlərinin forma, yön vermək istədikləri ölkələrə necə deyərlər, gözlərini açmağa imkan verməyən, onlara öz pərdəarxası məqsədləri naminə hər gün demokratiya, insan hüquqları dərsləri keçən “supergüclər”, Qərb dairələri, başda da ABŞ, bu gün öz siyasətlərinin, əslində isə “siyasət”, “demokratiya” oyunlarının əsl simasını, iç üzünü göstərirlər…

Artıq heç nə gizlədilimir, hər şey açıq-aşkar, meydan oxuyarcasına, nümayişkəranə edilir…Demokratiyadan, insan hüquqlarından bar-bar bağıranlar hamının gözləri önündə həmin dəyərləri “uf” demədən ayaqları altına alıb əzirlər…

Hansı ki, bunu başqa dövlətlər, vassal kimi görmək istədikləri və arzuladıqları ölkələrdən biri etməyə qalxsaydı, onlarda buna bənzər hadisə olsaydı və ya ona cəhd edilsəydi dərhal “Domokl qılıncını” həmin ölkələrin başının üzərində əsdirər, onu cəzalandırmaqdan ötrü özlərinin də qoşulduqları, tanıdıqları beynəlxalq hüququn norma və qaydalarını bir andaca tapdalayıb keçərdilər…

Heç də uzağa getmək lazım deyil. Yaxın və Orta Şərqdə yaşananlar gözlərimiz önündədir.”Demokratiyanı biz sizlərə gətirəcəyik” iddiaları ilə…bu bölgədəki məmləkətlərin virana döndərilməsi, hər gün insanlıq dramlarının yaşadılması məhz “demokratiya beşikçiləri”nin və “demokratiya keşikçiləri”nin qanlı əsərləridir.”Əsərləri” ilə öyünə bilərlər. Eləcə də, son günlərdə yaşananlara nəzər salaq…

İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı tənqidi məqalə dərc olunub. Məqalədə göstərilir ki, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar.

Həmçinin məqalədə həmin insidentin video-görüntüləri də yer alır. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməyib və nəticədə də “demokratiyanın beşiyi”ndə böyük qalmaqal, hay-küy, ajiotaj yaranıb…

Burada maraqlı və çox təəssüfedici məqam həm də ondan ibarətdir ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi radikal qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər…

Özlərinə gələndə isə “hər şey caizdir, mübahdır” prinsipilə hərəkət edirlər, demokratiyanı, insanların qanuni etiraz haqqını, insan hüquqlarını polis dəyənəyi altına endirirlər. Sanki belə də olmalıdır, belə də olmalıymış…

Öz gözlərində tiri görməyib, başqalarında tük axtaranların qanlı, antiinsani yanaşması və əsl siması…Ancaq həyat da, siyasət də bumeranqdır, bir gün mütləq özünə dönməli, özünə qayıtmalıdır…Bunu həmin dövlətlər, onların “demokratiya keşikçiləri” əsla və əsla unutmasınlar…

Azərbaycan isə öz tutduğu yolda, inkişaf, tərəqqi, demokratiya yolunda kimsənin təzyiqinə, təhdidinə fikir vermədən inamla, qətiyyətlə addımlayır və addımlayacaq.

Çünki, bu, bizim içimizdən gələn bir məsələdir, bizim öz könüllü seçimimizdir.

Jalə ƏLİYEVA,

Millət vəkili

17:11, 30 iyul

Etikxeber.az

Read Previous

İlham Əliyev Qurban bayramı münasibətilə-PAYLAŞIM ETDİ

Read Next

Dövlət büdcəsinə dəyişikliklər məsələsinə-NƏ VAXT BAXILACAĞI MƏLUM OLDU, SPİKER SƏRƏNCAM İMZALADI, DEPUTATLAR YENİDƏN PARLAMENTƏ DÖNƏCƏKLƏR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir