“Son müsahibəsi ilə dövlət başçımız növbəti dəfə tarix yazdı, çoxlarına dərs verdi, özünün və Azərbaycanın qətiyyətini, hədəflərini nümayiş etdirdi…”-JALƏ ƏLİYEVA YAZIR – (ÖZƏL)

Ölkə rəhbərinin hər bir fikri, hər bir sözü, hər bir çıxışı, hər bir müsahibəsi, hər bir bəyanatı bir tarixdir.

Günümüzdə, dövrümüzdə, gözlərimiz önündə yazılan tarix! Bəli, tarix yazılır və yazdırılır!

Ölkə Prezidentinin son müsahibəsi, sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı ölkənin 3 yerli telekanalına verdiyi geniş reportaj da məhz buna əyani misaldır.

Əhatəliyinə, dərin məzmununa, nəinki Azərbaycanda, dünyada baş verənlərə son dərəcədə soyuqqanlı, rasional, obyektiv yanaşmasına, dəyərləndirməsinə görə yaxşı mənada seçilən, hələ uzun müddət müzakirələrin predmeti, “yol xəritəsi” olacaq bir çıxış, bir müsahibədir.

Dövlət başçısı öncə qeyd edir ki, təməlqoyma mərasimi keçirilən əməliyyat, “Abşeron” qaz-kondensat yatağı özünün yeni mərhələsinə başlayır və əmindir ki, bu mərhələ də uğurlu olacaq. Bununla, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaq. Həmçinin, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və alacaq. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaq.

Eyni zamanda, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki dövlət başçımızın dediyi kimi, buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq. Bəli, bunlar gözümüz qarşısında baş verən, şahidlik etdiyimiz tarixi anlar, tarixi dəqiqələrdir, ölkə Prezidentinin yazdığı növbəti tarixdir. Bəlkə də indiki məqamda bunun əhəmiyyəti, bunun dəyəri çoxları-çoxlarımız üçün adi, sıradan görünə bilər.

Amma illər keçəndən sonra onun əsl qiyməti, əsl dəyəri, nə demək olduğu tam aydınlığı ilə üzə çıxacaq və geriyə dönüb baxdıqca, ürəklər, ürəyimiz sevinc və qürur hissi ilə döyünəcək. Müsahibəsi zamanı yenə də və bir daha ən yaralı, ağrılı yerimiz olan, məkrli, murdar qonşularımızın-fitnəkar Ermənistanın bizim torpaqlarda zor gücünə onlar üçün dövlət yaradan himayədarlarının açıq-gizli köməyi, dəstəyi ilə törədilən qanlı Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan konfliktinə toxundu, öz növbəti sərt, kəskin və birmənalı mövqeyini ifadə etdi.

Dövlət başçısı bir daha özünün və Azərbaycan dövlətinin Qarabağ, torpaq məsələsində dəyişməz və dəyişməyəcək mövqeyini, yanaşmasını ortaya qoydu. İşğalçı dövləti, onun keçmiş və indiki cinayətkar hakimiyyətlərini Qarabağ münaqişəsinin həllinə hər cür maneçilik törətməkdə, onların apardığı “siyasət”in nəinki Azərbaycan, ümumilikdə bölgə və bütün dünya üçün təhdid olduğunu, son aylarda ümumiyyətlə, danışıqlar prosesinin dayandığını, dayandırıldığını, bunun başlıca günahkarı və səbəbkarının isə məhz Ermənistan olduğunu bəyan etdi.

Dövlət başçısı dedi:

“Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər…”.

Dövlət başçısı eyni zamanda, var gücü ilə danışıqlar prosesinin pozulmasına, status-kvonun saxlanılmasına, münaqişənin hələ uzun illər dondurulmuş vəziyyətdə qalmasına, əslində isə növbəti məkrli və təhlükəli planlarını hədəfləməyə çalışan Ermənistanın, bədnam Paşinyan hakimyyətinin Azərbaycan qarşısında şərtlə danışmasını çox kəskin və sərt üslübda cavabladı, əsl dərs keçdi.

Dövlət başçısı dedi:

“Biz öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır…”.

Bəli, əsl siyasi və dövlət xadiminə yaraşan qətiyyət, cəsarət, iradə… Bununla bir daha Ermənistana və onun havadarlarına növbəti mesaj verilmiş, növbəti-nəticə çıxarmaq üçün sərt xəbərdarlıq edilmiş oldu.

“Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq…”-deyən dövlət başçımız Ermənistanın və havadarlarının növbəti təxribatlarının, növbəti fitnəkarlıqlarının nə ilə nəticələnə, nə ilə sonuclana biləcəyinin birmənalı və net cavabını verdi, xəritəsini çəkdi.

Və bir daha qətiyyətli şəkildə “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var”-deyərək, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini, Qarabağın bizim, Qarabağın Azərbaycan demək olduğunu bəyan etdi.

Müsahibəsi zamanı ölkə rəhbəri həmçinin, bütün situasiyalarda Azərbaycanın dostlarının, müttəfiqlərinin və onun əleyhinə olanların əsl simasının ortaya çıxmasına, sözlərlə əməllərin vəhdət təşkil edib-etməməsinə işıq saldı və bununla da çox ustacasına, çox diplomatikcəsinə mesajlarını verdi. Xüsusilə, qardaş və dost Türkiyənin sərgilədiyi mövqeyə toxunan dövlət başçısı hər iki dövlətin daim bir-birinin yanında olduğunu və bundan sonra da olacağını dilə gətirdi.

Qeyd etdi ki, Türkiyə daim ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir.

“Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, – bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, – Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir…”-deyə, sözlərinə davam edərək, bir daha qardaşlığımızın, dostluğumuzun əbədiliyinin, dönməzliyinin altını cızdı.

Müsahibəsi zamanı sözlərinə davam edən ölkə rəhbəri sonra daha bir vacib və incə nüansa, bəzi yaxın və hətta müttəfiq sayılan dövlətlər tərəfindən Ermənistanın, işğalçının silhalandıılması məsələsinə toxundu.

Dövlət başçımız dedi:

“…Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik. Biz bunu dilə gətirməliyik və bunu da etdik”.

Hesab edirik ki, burada əlavə sözə, şərhə ehtiyac qalmır, hər şey açıq və birmənalı şəkildə ifadə edilib, nəticə çıxarmaq artıq qarşı tərəfindir, uduzan bizlər yox, onlar olacaqlar. Bir sözlə, son müsahibəsi ilə dövlət başçımız növbəti dəfə və yeni tarix yazdı, çoxlarına dərs verdi, özünün və Azərbaycanın qətiyyətini, hədəflərini nümayiş etdirdi.

Fəxr edirik, qürur hissi keçiririk…

Yeri gəlmşikən, bu gün Ulu Öndərimizin məhz qətiyyəti və iradəsi nəticəsində baş tutmuş, reallaşdırımış tarixi “Əsrin müqaviləsi”nin imzalanmasından, o tarixi anların yaşadığı gündən 26 il keçir.

O anın, o hadisənin, o müqavilənin qiymətini, dəyərini sözlə ifadə etmək mümkü deyil.

Bu anı-anları, bu tarixi hadisəni yaşatdığı, böyük neft strategiyasının, əslində ikinci müstəqil Azərbaycanın möhkəm təməlini, özülünü qoyduğuna, Azərbaycanın əsl sabitlik, tərəqqi, inkişaf, müstəqillik yoluna çıxardığına görə, Ulu Öndərimizin ruhu qarşısında hörmətlə, övlad sevgisi ilə baş əyirik, “ruhun şad olsun, Dahi Şəxsiyyət” deyirik!

Eyni zamanda, həmin strategiyanın həyata keçirilməsində başlıca xidmətləri olan ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycanı, Azərbaycan xalqını təbrik edirik!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az  

Read Previous

“Dinamik artım 2015-ci ildən sonra dərinləşən islahatlar sayəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir…”-AZƏR VERDİYEV YAZDI

Read Next

Daha 146 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir