“Son söz Xalqın və cənab Prezidentindir”-JALƏ ƏLİYEVA – ŞUŞA ÖLKƏNİN YENİ PAYTAXTI OLA BİLƏRMİ?

Ölkənin yeni paytaxtının-baş şəhərinin olması, paytaxt olaraq, başqa bir bölgənin seçilməsi zaman-zaman gündəmdə olub, dəfələrlə mediada işıqlandırılıb.

Bu məsələyə müsbət yanaşanlar da olub, var, nisbətən mənfi yanaşanlar da…

Amma əksəriyyət bu ideyanı müsbət qarşılayıb və öz dəstəklərini ifadə edib…

Qeyd edək ki, yeni paytaxt məsələsi hələ ötən əsrin 90-cı illərinin sonlarında sabiq millət vəkili, mərhum Anar Məmmədxanov tərəfindən dilə gətirilmişdi.

O zaman millət vəkili paytaxt olaraq, Gəncənin üzərində dayanmışdı.

Onun təklifinə ilk dəstək verənlərdən biri də tanınmış simalardan olan memar-mərhum Hacıəmi Atakişiyev olmuşdu.

O, 1999-cu ildə “525”-ə geniş müsahibəsində bu məsələyə dəstəyini ifadə edərək, hələ 1970-ci illərdən bu ideyanın, Gəncə variantının ortalıqda olduğunu, hətta bu yöndə müyəyyən işlərin görüldüyünü dilə gətirmişdi.

Eyni zamanda, millət vəkillərindən Zahid Oruc Azərbaycanın ilk paytaxtlarından biri kimi, Bərdə, Fəzail Ağamalı Gəncə-Göygöl , akademik Yaqub Mahmudov Oğuz variantlarının, professor, sabiq deputat Şahlar Əsgərov ölkənin coğrafi cəhətdən tən ortasında yerləşən bölgə, daha bir keçmiş millət vəkili Arif Rəhimzadə Gəncə variantının daha məqbul olduğunu bildirmişdi.

Həmçinin, tanınmış ziyalılardan bu məsələyə daha çox dəstək verən “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid olmuşdu.

Onu da qeyd edək ki, 44 günlük müharibədən, tarixi Qələbə və Zəfərdən sonra ölkə daxilində reallıqlar, şərtlər bir qədər dəyişib.

Qarabağın çox böyük və mühüm hissəsi, o cümlədən, Şuşa işğaldan azad olunub.

Həmçinin, Şuşa Prezident İlham Əliyev tərəfindən ölkənin mədəniyyət paytaxtı elan olunub.

Bu baxımdan, yenidən paytaxt və paytaxt kimi, Şuşanın seçilməsi məsələsi gündəmə gələ və reallaşa bilərmi?

Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva ideya olaraq, bu məsələnin, bu təklifin müsbət və alqışlanmalı olduğunu bildirib.

Ancaq onu da qeyd edib ki, bu zaman, geniş araşdırma və müzakirələr tələb edən bir məsələdir.

“Bu yöndə zaman-zaman söhbətlər, müzakirələr olur, gündəmə gəlir. Amma eyni zamanda, mübahisəli, geniş müzakirələr tələb edən bir məsələdir. Bakı-böyük şəhər, iri sənaye mərkəzi, mədəniyyət şəhəri…və bu fonda paytaxtı başqa bir bölgəyə köçürmək özü böyük bir mövzudur, layihədir. Yeni paytaxt olarsa, o zaman hökumət, idarəetmə orqanları və sair hamısı köçməlidir. Təbii ki, inkişaf baxımından əhəmiyyətlidir, amma bununla belə, bu, böyük bir layihədir və ilk növbədə də bilicilər, mütəxəssislər bunun üzərində işləməlidirlər.

Bəli, yenə deyirəm, təklif olaraq, fikir olaraq alqışlanmalıdır. Dünya təcrübəsində də belə hallar var. Ancaq burada da müəyyən aspektlər, göz önünə alınmalı məqamlar var. Belə ki, hər bir ölkənin strateji baxımdan giriş və çıxışlarının qorunması, baş şəhərin daha daxili-iç coğrafiyada yerləşməsi, hansısa bir ölkə ilə tam sərhəddə olmaması burada önəmli məqamlardandır. Həmçinin, industriya, iqtisadiyyat, sənaye baxımdan bu məsələ dəyərləndirilir və dəyərləndirilməlidir. Yəni, burada çox müxtəlif istiqamətlər var. Bütün bunlar hamısı göz önündə bulundurularaq, çox diqqətlə tərəziyə qoyularaq, daha sonrakı zamanlarda bu haqda düşünülə bilər. Konkret Şuşa ilə bağlı məqam ətraf bölgələrin də dirçəldilməsi, inkişafı baxımından əhəmiyyətli və üzərində düşünüləsi məqamdır.

Eyni zamanda, bu məsələ sosial dəstək tələb edən bir məsələdir. İnsanımızın-vətəndaşımızın bu köçürülməyə hazır olub-olmadığını da düşünmək lazımdır. Hakimiyyətin mənbəyi xalq olduğu üçün, xalqın da deyəcəyi söz ən əsasdır. Və eyni zamanda, ölkə rəhbərinin iradəsi, gücü, bu istiqamətdə keçirdiyi siyasət də əhəmiyyətlidir. Son söz xalqın və xalqın iradəsini ifadə edən cənab Prezidentindir”-deyə, o, sözlərinə əlavə edib.

P.S.Mövzunu davam etdirəcəyik.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nərimanov İcra Hakimiyyəti-BELƏ ŞƏHİD MƏZARLARI OLAR?…

Read Next

Daha 326 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir