Sonuncu çağırış Ali Sovetin üzvləri – İNDİ HARADADIRLAR? – BİRİNCİ YAZI

Məlum olduğu kimi, keçmiş sovetlər dövründə, formal da olsa, ali qanunverici orqan-keçmiş Ali Sovet fəaliyyət göstərib.

İlk dəfə Azərbaycan SSR Ali Sovetinə seçkilər 1938-ci ildə keçirilib və o İkinci Dünya və Böyük Vətən müharibələrinə görə, 1946-cı ilə qədər fəaliyyət göstərib.

Azərbaycan SSR Ali Sovetinə sonuncu-12-çi çağırış seçkilər isə keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə, 1990-cı ilin sentyabrın 30-da keçirilib.

Həmin vaxt ilk dəfə olaraq, çoxpatiyalılıq (hansı ki, həmin vaxt Azərbaycan SSR Kommunist Partiyasından başqa heç bir partiya rəsmən qeydiyyatdan keçməmişdi, Azərbaycan Xalq Cəbhəsi isə ictimai qurum kimi qeydiyyatda idi) əsasında, kommunistlərlə yanaşı, bitərəflərin, cəbhəçilərin, sosial-demokratların və yeni yaranmaqda olan cəbhəyönümlü partiyaların-Ana Vətən, Dirçəliş (sonradan “Xalq Dirçəliş”-ə çevrildi-ilk və son sədri də Azər Qasımzadə oldu), Birlik, Xalq Azadlıq partiyalarının və sair istimai, ictimai-siyasi qurumların iştirakı ilə 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi.

Qeyd edək ki, seçkilər fövqaəladə vəziyyət rejimində baş tutmuşdu.

Onu da qeyd edək ki,  həmin vaxt yeni-yeni yaranan və formalaşan Azərbaycan müxalifəti AXC-nin və bəzi tanınmış, nüfuzli ziyalıların təşəbbüsü ilə seçkilərə vahid bir blokda – “Müstəqil Azərbaycan” Demokratik Blokunda (sonradan “Demblok” kimi tanınan) birləşərək, seçkilərə qatıldı.

Həmin blokda tanınmış və nüfuzlu şəxsiyyətlərdən xalq yazıçıları İsmayıl Şıxlı, Bayram Bayramov, Xalq şairi Bəxtiyar Vahabzadə, həmçinin, Şeyxülislam Allahşükür Paşazadə, o zamanlar Moskvada yaşayan akademik Əhliman Əmiraslanov, professor, Demokratik İslahatlar Hərəkatının (DİH) liderlərindən olan Lalə Şövkət, elmlər doktoru, tənqidçi Aydın Məmmədov və digərləri var idi.

Həmçinin, xatırladaq ki, həmin vaxt həm təkrar səsvermə (ikinci tur), həm də təkar seçkilər proseduru mövcuduydu.

Odur ki, bəzi dairələrdə birinci turda qalibi müəyyənləşdirmək mümkün olmadığı üçün oktyabr ayının 14-də təkrar səsvermə keçirildi və bəzi dairələrdən parlamentə yeni üzvlər seçildi.

Ancaq bəzi dairələrdə ikinci turda da qalibi müəyyən etmək mümkün olmadığı üçün  həmin ilin dekabr ayında boş qalmış dairələrə yenidən seçkilər-təkrar seçkilər keçirildi və 360 nəfərdən ibarət olan Ali Sovetin tam formalaşdırılması başa çatdı.

Beləliklə, 360 nəfərlik parlament üzvləri arasında “komblokçu”larla yanaşı, “demblokçu”lar da -az sayda olsa belə-yer aldı.

Sonuncu çağırış Ali Sovetə seçkilərdə yer alan tanınmış simalardan biri də mərhum Heydər Əliyev oldu.

Artıq birdəfəlik Azərbaycan dönən Heydər Əliyev Naxçıvan Muxtar Respublikasından, Babək rayonundakı seçki dairələrindən birindən Ali Sovetə ən yüksək səslə, faizlə üzv seçildi.

Azərbaycan müxalifətinin lideri, AXC sədri-mərhum Əbülfəz Elçibəy isə seçkilərə qatılmadı.

Parlamentdə yer alan “demblokçu”lara gəlincə, bunlar oldu:

Eks-spiker, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər (o, Bakı şəhərindən deputat seçilmişdi, rəqibləri arasında akademik-mərhum Ziyad Bünyadov, Xalq artisti-mərhum Hacıbaba Bağırov və digərləri vardı, hətta, Hacıbaba Bağırov o zamanlar mətbuata müsahibəsində “İsa bəyə dedim ki, sizin haqqınızdır, siyasət sizlikdir, sizin xeyrinizə geri çəkilərəm” demişdi…), Tofiq Qasımov (hazırda İsveçdə mühacirətdədir), Yusif Səmədoğlu (rəhmətə gedib),  professor Dilarə Əliyeva (Aydın Məmmədovla birgə 1991-ci ildə müəmmalı şəkildə Qax rayonu ərazisində avtoqəzada rəhmət gediblər), Mürşüd Məmmədli, Ədalət Rəhimli (hər ikisi rəhmətə gedib), Mətləb Mütəllimli (Sosial Ədalət Partiyasının sədridir), Hicran Kərimov (işləmir), Şahmərdan Cəfərov (rəhmətə gedib), Sülhəddin Əkbər (Azad Demokratlar Partiyasının sədridir), İbrahim İbrahimli (Zeynəddinli-işləmir), Şadman Hüseyn (rəhmətə gedib), Faiq Baxşəliyev (rəhmətə gedib), Milli Qəhrəman Maşallah Abdullayev (işləmir), Eldar Bağırov (qətlə yetirilib), Məryəm Həsənova, Bayram Bayramov (hər ikisi rəhmətə gedib), Allahşükür Paşazadə-(QMİ-nin sədridir), İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə (hər ikisi rəhmətə gedib), İsgəndər Həmidov (işləmir), Tahir Əliyev (əslən Laçından olan və Sumqayıtdan seçilən eks-deputat uzun illərdir mətbuatdan kənarda qalmağıa üstünlük verir) , Füzuli Axundov (işləmir), Arif Hacılı (“Müsavat”ın başqanıdır), Tamerlan Qarayev (səfir işləyir),  BDU-nun keçmiş dekanı, elmlər doktori Məmməd Xələfov (rəhmətə gedib), professor Firudin Ağasıoğlu (Cəlilov-işləmir), Fərəc Quliyev (millər vəkilidir, partiya sədridir), tarix elmləri doktoru, uzun illər rektor işləmiş Hacıbaba Əzimov (təqaüddədir, VAMBP-nin sədridir), Cümşüd Nuriyev (siyasi elmlər doktorudur, “Təfəkkür” Universiteti bağlanana kimi orada işləyib), Rəhim Qazıyev (işləmir), Etibar Məmmədov (biznes fəaliyyəti ilə məşğuldur), elmlər doktoru Aydın Məmmədov (rəhmətə gedib), tanınmış kinorejissor Ramiz Fətəliyev, Mirmahmud Mirəlioğlu (Fəttayev-işləmir, KXCP-nin sədridir), Xalq şairi Sabir Rüstəmxanlı (işləmir, VHP-nin sədridir), Xalq şairi Nəriman Həsənzadə (Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədridir), Tahir Kərimli  (Vəhdət Partiyasının sədridir, millət vəkilidir), Nəcəf Nəcəfov (“Azadlıq” qəzetinin ilk baş redaktoru, rəhmətə gedb) və akdemik Əhliman Əmiraslanov ( bir zamanlar ATU-nun rektoru olub, bu vəzifəyə isə eks-prezident mərhum Elçibəyin sərəncamı ilə təyin olunub, hazırda da parlamentin komitə sədridir).

arif-rəhimzadə-heydər

ali sovet-1

ali sovet

heydar-2

ZEYNABBBB

İSMAİL

bextiyar-vahabzade-03

İSAA-3

Allahshukur_pashazade_13100

YAQUB-11

Arif

hacibabaaaaaa

mirmahmud

cumshud-nuriyev1

kohne-par

Arif_hacili_Isa_qember

sabir

mətləb-mütəllimli

Galib-gurbanov

eldar-bdu

Mixail_Zabelin

Ahliman

tofiqq

tofiq-1

ziyadddddd-1

dilara

vahid-kamil-2

Sonuncu çağırış Ali Sovetdə “komblokçu”ların arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) katibləri və şöbə müdirləri də yer almışdı. Bunlar MK-nın katibləri Telman Orucov (sonradan bir müddət ADP-nin üzvü, rəhbərlərindən oldu, hazırda işləmir),  akademik Əfrand Daşdəmirov (rəhmətə gedib), MK-nın şöbə müdiri, tanınmış ziyalı, akademik Ziyad Səmədzadə (hazırda parlamentin komitə sədridir) və digərləri var idi.

Ali Sovetdə yer alan nazirlər arasında sabiq mədəniyyət naziri Polad Bülbüloğlu (hazırda səfirdir), əslən göyçaylı olan eks-ədliyyə naziri Əlisaab Orucov ( onu sonra-1991-ci ilin payızında ASDP-nin lideri və hazırda deputat olan Araz Əlizadə əvəzlədi, hazırda da təqaüddə olduğu bildirilir), keçmiş təhsil naziri Rafiq Feyzullayev (rəhmətə gedib), sonradan Milli Təhlükəzilik Nazirliyinə (MTN) çevrilən Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş sədri, 25 ildən çoxdur ki, Rusiyada yaşayan, ixtisasca jurnalist  və akademik Mirəli Qaşqayın kürəkəni olan (DİM baş direktoru Məleykə Abbaszadənin yaxın qohumu olduğu da deyilir) Vaqif Hüseynov və digərləri də olub.

Həmçinin, Nazirlər Soverindən Nazirlər Kabinetinə çevrilən hökumətin üzvlərindən-sabiq baş nazirlər Həsən Həsənov (səfir işləyir), Kəndli Partiyasının sədri-mərhum Feyruz Mustafayev, Rəhim Hüseynov (hazırda işləmir)  və digərləri Ali Sovetdə deputat mandatı əldə etmişdilər.

Bununla yanaşı, keçmiş Ali Sovetdə  digər tanınmış və nüfuzli ziyalılar, elm, sənət adamları yer almışdılar. Bunlar arasında artıq 7-ci dəfədir millət vəkili olan ünlü sənətçi-SSRİ Xalq artisti Zeynəb Xanlarova, ATU-nun keçmiş rektoru, sonradan  Ali Sovetin ikinci sədri olan və  bir müddət ölkə prezidentinin səlahiyyətlərini icra edən professor Yaqub Məmmədov, Xarici Dillər İnstitutunun rektoru, professor Zemfira Verdiyeva (rəhmətə gedib), akademik Tofiq Köçərli (rəhmətə gedib), görkəmli partiya-dövlət xadimi, əslən gəncəli Tofiq Bağırov (rəhmətə gedib), akademik Mirabbas Qasımov (rəhmətə gedib)  və digərləri var idi.

Sonuncu çağırış Ali Sovetin ilk iclası 1991-ci ilin fevral ayında baş tutdu və Azərbaycan SSR Ali Soveti sözündən “SSR” sözü çıxarıldı.

Bundan başqa, ilk iclasda keçmiş və sonuncu çağırış Ali Sovetin rəhbərliyi seçildi.

Həmin vaxta kimi Ali Sovetin Rəyasət Heyətinin sədri olan sabiq xarici işlər və təhsil naziri Elmira Qafarova (rəhmətə gedib) Ali Sovetin sədr işlədi və bu vəzifəsində 1992-ci ilin martına qədər çalışdı.

MK-nın katibi olan Telman Orucov Ali Sovet sədrinin müavini seçildi.

Eyni zamanda, ilk dəfə Azərbaycan parlamenti tarixində müxalifət təmsilçisi  ali qanunverici orqanın rəhbərliyində yer aldı.

Bu, həm vaxtlat AXC Ali Məclisin sədri olan və BDU-nun hüquq fakültəsinin dekan müavini işləyən Tamerlan Qarayev idi.

Onun namizədliyini “Demblok” vermişdi və T. Qarayev bu vəzifəsini (sonradan birinci müavin oldu) 1993-cü ilin payızına qədər davam etdirdi.

Həmçinin, Naxçıvan Ali Məclisinin sədri avtomatik olaraq, həm də vitse-spiker sayılırdı.

Odur ki, Ali Sovet sədrinin 3-cü müavini  həmin vaxt Naxçıvan Ali Məclisinin sədri işləyən Afiyəddin Cəlilov (qətlə yetirilib) oldu və bu vəzifəsini 1994-cü ilin senytabrına qədər davam etdirdi.

Bu yerdə qeyd edək ki, sonuncu çağırış Ali Sovetin üzvlərindən bir neçəsi yenə də millət vəkilidir. Bunlar  məşhur “91-lər”dən və YAP-ın yaradıcılarından olan professor Eldar İbrahimov,  parlamentin komitə sədri Arif Rəhimzadə,  SSRİ Xalq artisti, “İstiqlal” ordenli Zeynəb Xanlarova,  məşhur “43-lər”-dən, İstiqlalçı deputatlardan olan Vahid Əhmədovla Əhliman Əmiraslanov, Tahir Kərimli ilə Fərəc Quliyev, akademik  Ziyad Səmədzadə, ASDP-nin sədri Araz Əlizadə Mixail Zabelindir.

Sonuncu çağırış Ali Sovet (sonradan Milli Şuraya və Milli Məclisə çevrildi) 1990-95-ci illər arasında fəaliyyət göstərdi.

Sonuncu çağırış Ali Sovetlə bağlı növbəti araşdırmalarımızı davam etdirəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Onun silinməz izlərini görürük…” – MEHRİBAN ƏLİYEVA

Read Next

“Mehriban Əliyeva mədəniyyətimizin dünyada tanıdılmasına töhfələr verib” – ANAR ƏLƏKBƏROV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir