“Sosial məsafəni gözləməklə, “imtahan verənin sağlamlıq bəyannaməsi” təqdim edən bütün şagird və abituryentlərin imtahan vermələrinə şərait yaradılmalıdır”-MUSA QULİYEV OPERATİV QƏRARGAHA VƏ DİM-Ə SƏSLƏNDİ

Orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul tarixi və şərtləri müəyyənləşib. Məni burada narahat edən məsələ imtahan otaqlarına giriş zamanı teplovizorla şagirdlərin və abituryentlərin qızdırmasının ölçülməsi və temperatur normadan artıq olduqda, onların imtahana buraxılmaması barədə informasiyadır. Hesab edirəm ki, bu məsələdə son dərəcədə həssas və diqqətli olmalıyıq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri deyib ki, əvvəla, temperaturun yüksəlməsi təkcə koronavirus infeksiyasının deyil, bir çox xəstəliklərin simtomu ola bilər.

“İkincisi, koronavirus xəstələrinin hamısında qızdırmanın olması şərt deyil. Digər tərəfdən, ilk dəfə imtahan verən yeniyetmələrin bir çoxunda psixo-emosional gərginlik səbəbindən temperaturun dəyişməsi ola bilər. Covid-19 diaqnozu təsdiq edilmədən, yalnız temteratur şübhəsi ilə hər hansı imtahan verən şəxsin imtahana buraxılmaması ciddi hüquq pozulmasıdır. Və bəzən vaxtında verilməyən imtahan insanın bütün həyat planlarını alt-üst edə bilər. Bu il imtahan vermək imkanından məhrum olan bir gənc hərbi xidmətə gedib, il yarım sonra o düşüncə və maraqda qalacaqmı? Marketə gedənlərin qızdırmasını ölçüb içəriyə buraxılması hardasa anlaşılandır, uzaqbaşı o biri marketdən bazarlığını edəcək. Burada isə insanın taleyi həll olunan məqamlar var. Çox istərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah və Dövlət İmtahan Mərkəzi (DİM) bu məsələyə operativ münasibət bildirsinlər. Sosial məsafəni gözləmək, maska taxmağa riayət etməklə, “imtahan verənin sağlamlıq bəyannaməsi” təqdim edən bütün şagird və abituryentlərin imtahan vermələrinə şərait yaradılmalıdır”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir”-DSX

Read Next

338 yeni yoluxma faktı qeydə alındı-DAHA 4 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir