“Sosial müdafiəyə ehtiyacı olan insanlar üçün məşğulluqla bağlı qanunda 5 faizlik kvota müəyyənləşdirilib ki, həmin kateqoriyaya-kvotaya şəhid ailələrinin üzvləri də daxil edilir…”-MUSA QULİYEV – TURİZMLƏ, XEYRİYYƏÇİLİKLƏ BAĞLI LAYİHƏLƏRİN MÜZAKİRƏSİ VƏ DİNLƏMƏLƏRİN KEÇİRİLMƏSİ DƏ NƏZƏRDƏ TUTULUR – FOTOLAR

Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin yaz sessiyasında onlayn formatda  ilk iclası keçirilib.

 İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ daxildir.

Etikxeber.az-ın xəbərinə görə, sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı və  komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında məlumat verib. 

Bildirib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin iclaslarında 18 qanun layihəsi müzakirə edilərək Milli Məclisə tövsiyə edilib:

“Bu dövr ərzində komitədə 3 dinləmə keçirilib. Bunlar “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri”, “Müharibə veteranlarının, qazilərin, şəhid ailələrinn sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair təklif və mülahizələr” mövzusunda  və sessiyanın sonunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin də iştirakı ilə   keçirilmiş dinləmələrdir.Komitə sədri diqqətə çatdırdı ki, 2020-ci ilin payız sessiyası dövründə komitəyə 129 sənəd, o cümlədən vətəndaşlardan 114 ərizə və şikayət, nazirliklərdən və idarələrdən 22 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizə və şikayətlərin yarıdan çoxu əsasən sosial müdafiə məsələləri, 19-u işsizlik, 6-sı qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 5 ərizə də vətəndaşların  mənzil problemləri ilə bağlı olub.Ötən müddət ərzində 2 səyyar qəbul keçirmiş, 35 nəfər vətəndaş qəbul edilib və onların qaldırdıqları problemlər və məsələlər dinlənilib, tövsiyələr və məsləhətlər verilib”.

Əmək və sosial siyasət komitəsinin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında danışan Musa Quliyev bildirib ki, yaz sessiyasında  “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.

Komitə sədri bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın tövsiyəsinə əsasən komitələrdə dinləmələr daha geniş şəkildə keçirilir. Həmin dinləmələrdən məqsəd problemlərin təhlil edilməsi və həllidi:

“Yaz sessiyasında da komitədə 3 dinləmənin keçirilməsi nəzərdə tutulur. Bunlar Şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial müdafiəsi, Əhalinin məşğulluğunun təmin edilməsi və  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun icrası ilə bağlı olacaq”.

Gündəlikdəki üçüncü məsələ – “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, sosial müdafiəyə ehtiyacı olan bir qrup insanlar üçün “Məşğulluq haqqında” Qanunda 5 faizlik kvota müəyyənləşdirilib.

“Yəni onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir. Qanunun 4 maddəsinə ediləcək dəyişikliklər şəhid ailələrinin həm işə götürülməsi, həm peşə hazırlığı, həm özünəməşğulluq tədbirlərinə, həm də haqqı ödənilən ictimai və sosial işlərə cəlb olunmasında üstünlük yaradan məsələdir. Bu dəyişikliklər dövlətimizin şəhid ailələrinə diqqətinin daha bir nümunəsidir”. 

 Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Məlahət İbrahimqızı, Aqil Məmmədov, Vüqar Bayramov, Arzu Nağıyev, Səttar Möhbalıyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Əziz Ələkbərli, Soltan Məmmədov Rauf Əliyev çıxış edərək payız sessiyasının hesabatı, yaz sessiyasının işlər planı və “Məşğulluq haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər, təkliflərini veriblər.

Müzakirələrdən sonra 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat və  komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı qənaətbəxş hesab edilib.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Sabiq deputat və akademik “Şöhrət” ordeni ilə-TƏLTİF OLUNDU

Read Next

Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa-SƏFƏR EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir