“Sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır…”-ZİYAFƏT ƏSGƏROV

 Azərbaycan sivil dünyanın tam hüquqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə son illərin internetlə bağlı statistikası göstərir ki, respublikamızın inkişafı internet xidmətlərinin ən müasir tələblər səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Həmçinin Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisinə çevrilib. Bu tendensiyanın özü Azərbaycanın demokratik inkişaf yolu keçdiyini göstərən əsas faktorlardan biridir.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədri Ziyafət Əsgərov deyib.

O, qeyd edib ki, əlbəttə, internetin inkişafı həm də informasiya cəmiyyətinin, o cümlədən sosial şəbəkələrdən istifadənin genişlənməsi və bu şəbəkələr üzərindən medianın inkişafı deməkdir.

“Azərbaycanda son illərdə sosial şəbəkələrin yaratdığı informasiya mübadiləsi imkanlarından istifadə daha da artıb ki, bu da ölkəmizdə söz azadlığının təmin olunmasının göstəricilərindən hesab olunur.

Lakin təəssüflə qeyd etməliyik ki, son illərdə sosial şəbəkələrin heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmədiyinin şahidi olmaqdayıq. Xaricdə məskən salan antimilli ünsürlər, o cümlədən saxta adlarla qeydiyyatdan keçmiş xəyanətkarlar uzun illərdir ki, sosial şəbəkələr üzərindən Azərbaycana qara yaxmaqla, uğurlarımıza kölgə salmaqla, dövlət, hakimiyyət və ölkənin konsitusion quruluşu əleyhinə siyasi çağırışlar etməklə məşğuldurlar. Elədikləri əməllər həm də mənəvi terrora cəhddir. Bu gün sosial şəbəkələrdə təhqiri, söyüşü mübarizə metodu seçənlər, insanları dağıdıcılığa çağıranlar, şayiə və dezinformasiya yayanlar, eyni zamanda, həmin antiazərbaycançı mərkəzlərin buyruqlarını yerinə yetirirlər.

İnternetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması və texniki imkanları ondan təhqir etmək və böhtan atmaq üçün istifadə edilməsini də reallığa çevirib. Bununla yanaşı, artıq dünyanın bir çox yerlərində məhz sosial şəbəkələr vasitəsilə insan ləyaqətinin alçaldılmasına qarşı hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri gücləndirilib. Bir çox ölkələrdə böhtan və təhqirə görə sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Azərbaycanda bu sahədə müəyyən addımlar atılıb. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən internetdən istifadə etməklə böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqiretmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet informasiya resursunda saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, yaxud iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Lakin hesab edirəm ki, bütün bunlar yetərli deyil və yeni hüquqi tənzimlənmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Artıq bu şəbəkələri yaradıb müasir bəşəriyyətin həyatının bir parçasına çevirən ABŞ-da da belə bir mühitin ölkənin, cəmiyyətin gələcəyi üçün nə qədər böyük təhdidlər doğurduğunun fərqindədirlər. Ona görə də sosial şəbəkələrdə daha ciddi tənzimləyici normaların müəyyənləşdirilməsi üçün addımlar atılır. Azərbaycanda da bu sahədə həllər tapılmalıdır. Çünki sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır…”-deyə, Z. Əsgərov əlavə edib (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Əliyevin mədəni inqilabı: Qarabağın infoqrafik xilas modeli-AYGÜN YUSİBOVA YAZDI

Read Next

“Jurdom”la bağlı sonuncu statusum-yazım…-KAMİL HƏMZƏOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir