“Sosial şəbəkəyə baxın, hər kəs soruşur ki, torpaqlarımızın, Şuşamızın işğal altında qalmasına biz nə qədər dözməliyik?”-SAHİB ALIYEV

Şuşasız şuşalı qızımız Əsra kimi 28 il bundan öncə bu gün üzləşdiyimiz faciə-Şuşanın işğalı haqda danışmaq istəyirəm. Bilirsiniz, tarixin dərs çıxarılmalı olaylarından dərs çıxarmayanda o dərsi yenidən və daha ağrılı şəkildə vermək kimi bir reallığı var. Bu baxımdan götürdükdə əgər indi Ermənistan adlanan torpaqlarımızda haylara necə dövlət yaradılmasından zamanında dərs çıxarsaydıq, bu gün Şuşanın işğalı faktıyla üzləşməyəcəkdik. Ötən əsrin əvvəllərində böyük Üzeyir bəy yəqin həm də fitrətindən gələn fəhmlə deyirdi ki, biz indi Zəngəzuru haylara versək gələcəkdə Qarabağı itirmək təhlükəsiylə üzləşəcəyik. Və nə baş verdi, əsrin axırlarında Üzeyir bəyin də doğulub boya-başa çatdığı Şuşa daxil olmaqla Qarabağ torpaqlarının böyük bir hissəsini haylar onlara dövlət yaradanların dəstəyilə işğal etdi.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Sahib Alıyev deyib.

O, qeyd edib ki, ötən əsrin əvvəllərində də, sonlarında da torpaq itkimizin ən başlıca səbəbi özümzlə, öz zəifliyimizlə, başıpozuquluğumuzla bağlı olub.

“Biz ilk növbədə məhz bunu unutmamalıyıq. Unutmamalıyıq ki, bu regionda varlığımızı qoruyub saxlamaq, dövlət kimi qalmaq üçün ancaq və ancaq güclü olmağa məhkumuq. Bizim dövlət kimi güclü, cəmiyyət kimi yetkin və mütəşəkkil olmaqdan başqa ayrı çıxış yolumuz yoxdur. Və onu da unutmamalıyıq ki, hakimiyyət ötən sərin 90-cı illərinin əvvəllərindəki kimi zəif, səriştəsiz, populist, bir sıra hallarda isə satqın adamların əllərinə keçdikdə bu millətimi böyük fəlakətlərlə üzləşdirir ki, biz bir daha buna yol verə bilmərik. Dağlıq Qarabağın hazırda inzibati mərkəzi rolunu oynayan Tərtərin deputatı olaraq bir neçə kəlmə də Minsk qrupuna həmsdərlik edənlər haqda öz fikirlərimi bildirmək istəyirəm. İstəyirəm bilsinlər, yəqin bilirlər də ki, prinsipiallıqdan uzaq, çox zaman ikili standartlara dayanan, beynəlxalq normaları gözardı edən, işğalçıyla işğala məruz qalana fərq qoymayan hərəkətlərinə görə mənim seçicilərimin də və bütövlükdə xalqımızın da onlara yanaşması mənfidir. Onların bir çox hərəkətləri işğalçıya dəstək və hətta işğala şəriklik kimi də qiymətləndirilir. Sosial şəbəkəyə baxın, hər kəs soruşur ki, torpaqlarımızın, Şuşamızın işğal altında qalmasına biz nə qədər dözməliyik?

Bir tərəfdən münaqişənin həlli üçün Minsk qrupu formatı dəyişməz, “möhkəm” format kimi təqdim edilir və təkidlə bildirilir ki, münaqişənin ancaq sülh yoluyla həlli mümkündür. Digər tərəfdən isə 28 ildə bu format çərçivəsində real həllə yol açan hər hansı bir addım atılmayıb. Bütün təşəbbüslər Ermənistanın konstruktivlikdən uzaq, işğalçı siyasəti nəticəsində pozulub ki, bunu artıq hətta havadarları belə etiraf edirlər. Daha dəqiqi cənab Prezidentin apardığı çoxgedişli və təkməqsədli siyasət nəticəsində etiraf etməyə məcbur olurlar. Yaxşı, əgər Ermənistan danışıqlardan yayınırsa, rəsmilərinin dilindən sanki dədələrinin imiş kimi “biz Azərbaycana heç bir torpaq güzəştinə getməyəcəyik” deyilirsə və həmsədr ölkələr isə bunu görməzdən gəlirsə, bu münaqişə necə sülh yoluyla həll olunacaq? Mən həmsədr ölkələri öz seçicilərim adından obyektivliyə və prinsipiallığa, üzərlərinə götürdükləri öhdəliyə əməl etməyə, münaqişənin idarəsiylə yox, onun həlliylə məşğul olmağa çağırıram”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

““Əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Şuşa itkisi, Qarabağ itkisi bu millətin barışmayacağı bir itkidir, ona görə də…”-FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir