Biz yazıq ölkə deyilik… – DEPUTATDAN NAZİRƏ VƏ HƏMKARINA TƏPKİ – YENİLƏNİB – (5)

Bu gün parlamentdə (komitədə) bütövlükdə büdcə zərfi ilə bağlı müzakirələrə yekun vurulur.

Etikxeber.az-ın xəbərinə görə, bu gün zərfə daxil olan sonuncu sənəd – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsi ilə bağlı müzakirələr aparılır.

hadi racabli-hadi

milli_meclis_esas_0478

İclasa sədrlik edən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki,DSMF-nin növbəti ildəki büdcəsində də artım nəzərdə tutulur.

Onun sözlərinə görə, bu, ölkədəki iqtisadi inkişafın göstəricisidir.

O, deyib ki, sosial xərclər azaldılmayıb, əksinə, artırılıb.

Qeyd edək ki,  “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000 manat səviyyəsində nəzərdə tutulub.

***

Hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin məruizəsi-məlumatı dinlənilir.

***

idrisss

Nazir müavini pensiyaçıların gələn il üçün sayını açıqladı

İ. İsayev çıxışında deyib ki, gələn il Azərbaycanda pensiyaçıların sayı təxminən 1 milyon 294 min nəfər olacaq.

O, qeyd edib ki, onlardan 58 faizi yaşa görə, 33 faizə yaxın əməyə görə, 10 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxan, pensiya alan şəxslər olacaq.

***

Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manata çatacaq…

Nazir müavini sonra bildirib ki, cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır.

“Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir”-deyən, İ.İsayev bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir:  “65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur…”.

***

Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir…

İslasa sədrlik edən H. Rəcəbli öz növbəsində bildirib ki,  bundan sonra sığortanı da, vergini də bir qurum yığacaq:

“Bununla yığım bir qədər də artacaq”.

O, qeyd edib ki, yaxın zamanlarda növbəti dəfə böyük vergi islahatları nəzərdə tutulur.

“Bununla bağlı Vergi Məcəlləsində də ciddi dəyişikliklər gözlənilir. Bu barədə də artıq məlumatlar verilməkdədir. Bu islahatların tərkib hissəsi kimi, nazirliyin işləri, səlahiyyətləri bir qədər də artmış olacaq. Yəni, bundan sonra sığorta yığımını da, vergi yığımını da eyni qurum-Vergilər Nazirliyi həyata keçirəcək. Bu, yığıma da çox müsbət təsir göstərəcək”.

***

3 yaşına qədər uşaqlara da müavinət verilsin: TƏKLİF-TƏLƏB

H. Rəcəblinin eyni zamanda sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur:

“Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta, bununla bağlı yeni qanun da hazırlana bilər”.

***

Biz yazıq ölkə deyilik – DEPUTATDAN ETİRAZ

“Biz həmişə deyirik ki, büdcəmiz sosial yönümlü büdcədir. Amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir”.

Bunu isə deputat Aytən Musatafazadə deyib.

Millət vəkili qeyd edib ki, pensiyası 5, 10 manat artan pensiyaçı heç nə edə  bilmir: “144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir.  Başa düşürsüz, biz sosial xartiyadan, hüquqlardan danışırıq. Səttar müəllim çıxışına yaxşı başlamışdı , axırda dedi ki, bunların hamısını yerinə yetirə bilmərik. Niyə yerinə yetirə bilmirik? Dünən də müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusiya ilə müqayisə edə bilmərik. Niyə edə bilmərik ki?  Cənab prezident o qədər səy göstərib ki, yəni, Azərbaycan geostrateji layihələrin təşəbbüskarıdır. Onun maliyyəsini verir. Kənd təsərrüfatı inkişaf etdirilib.  Sonuncu reytinqlərə baxaq. Azərbaycan heç də yazıq ölkə deyil. Xahiş edirəm, belə reaksiya verməyin. Belarusiya böyük ölkədir. Biz insanlara münasibəti müqayisə edə bilərik.10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir. Biz vətəndaş.larımıza onlar layiq olduğu qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret  rəqəmlərdə göstərilməlidir. Maaşlar və müavinətlər artırılmalıdır”.

H. Rəcəbli də cavabında qeyd edib ki, bu rəqəmlər tələblərə cavab vermir: “Zaman-zaman artmalıdır”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Amaliyanın vəfatı xəbərindən dəhşətə gəldim…” – ELMİRA AXUNDOVA

Read Next

Əlillərə verilən sosial müavinətlər də artırılacaq – NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir