Sözün, qələmin, dəyərin hər zaman Ucalarda olsun, Azərbaycan mətbuatı!-JALƏ ƏLİYEVA YAZDI

Əsası 1875-ci ilin 22 iyul tarixində böyük ziyalımız, mütəfəkkirimiz, maarifçimiz Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetilə qoyulan milli mətbuatımız ötən 147 il ərzində keşməkeşli, çətin, əzablı, eyni zamanda, şərəfli, qürurlu inkişaf yolu keçib.

Müəyyən mərhələlərdə subyektiv və obyektiv səbəblərdən enmələr, axsamalar olsa da, Azərbaycan mətbuatı ötən dövr ərzində özünü təsdiqləyə bilib, dünyaya böyük qələm, imza sahibləri təqdim edib.

Azərbaycan mediası necə deyərlər, öz sifəti, öz siması, öz çəkisi ilə tanınıb, fərqlənib.

Xüsusilə, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən Azərbaycan xalqının yenidən öz Milli-Azadlıq mücadiləsinə başlaması və bunun məntiqi yekunu olaraq, 1991-ci ilin avqustunda tarixində ikinci dəfə müstəqillik qazanması ilə Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının inkişafında yeni mərhələ, əsl inkişaf, dönüş başlanıb.

Ötən 30-34 il ərzində Azərbaycan mətbuatı, Azərbaycan jurnalistikası inkişafa doğru-cüzi istisnaları nəzərə almasaq-sözün əsl mənasında uzun və şərəfli yol, məsafə qət edib.

Eyni zamanda, neçə-neçə dəyərli jurnalistimiz, qələm sahibimiz Azərbaycanın müstəqilliyi, torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunması yolunda şirin canlarını fəda edib, Şəhid və Qazi olublar.

Şəhid jurnalistlərimizin, media mənsublarımızın müqəddəs ruhları qarşısında baş əyir, Qazi media təmsilçilərimizə isə can sağlığı, tezliklə əvvəlki sağlamlıqlarına qovuşmalarını arzu edirik!

Bəli, Azərbaycan mətbuatı böyük tərəqqi və inkişaf yolundadır.

Xüsüsilə, dövlətimiz, ölkə rəhbərliyimiz tərəfindən Azərbaycan mətbuatına böyük diqqət və dəstək var.

İstər birinci, istərsə də ikinci hakimiyyəti dövründə Ulu Öndərimiz, ikinci müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyev tərəfindən daim Azərbaycan mediasına, mətbuatımızın inkişafına böyük önəm verilib, hər zaman onun dəstəyi hiss olunub.

Heç təsadüfi deyil ki, mediaya, mətbuata olan böyük diqqət və qayğısına görə Ulu Öndərimiz “Jurnalistlərin dostu” seçilib. İkinci dəfə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv edib, mətbuatın, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının silinməsi ilə bağlı göstəriş və tapşırlqlarını verib, bu yöndə konkret addımlar atıb.

Həmçinin, dəfələrlə media təmsilçiləri ilə bir araya gəlib, onların fikirlərini dinləyib, ortaya çıxan problemlərin həlli isdtiqamətində bir sıra önəmli addımlara imza atıb.

Ulu Öndərimizin mediaya, mətbuata olan diqqət və qayğısı onun siyasətinin layiqli, azman davamçısı-Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin 19 illik hakimiyyəti dönəmində də uğurlu davam etdirilib.

Məhz cənab Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan jurnalistləri fəxri adlar, orden və medallarla təltif olunub, 2013-cü il və 2017-ci ilin yayında, Milli Mətbuat Günü ərəfəsində jurnalistlər, media mənsubları üçün dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli binlar tikilib istifadəyə verilib, 410 jurnalistimiz mənzilə təmin olunub, sevindirilib.

Bununla yanaşı, 3-cü Jurnalistlər binasının tikintisi başa çatdırılıb və tezliklə mənzilə ehtiyacı olan xeyli sayda jurnalistimiz növbəti dəfə sevindiriləcək.

Hansı ki, dünya mediası tarixində belə bir hal yoxdur, bu, analoqu olmayan bir addımdır.

Bu, Azərbycan dövlətinin, ölkə Prezidentinin Azəırbaycan mediasına, media mənsublarına, sözə nə qədər önəm verdiyinin əyani və bariz nümunəsidir.

Ölkə Prezidentinin Azərbaycan mətbuatının 147 illiyi ilə bağlı media nümyaənlərinə ünvanladığı müraciətində deyildiyi kimi, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər.

“Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır”-deyən dövlət başçımız öz təbrikində bir daha qeyd edib ki, Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçib.

Təbrikdə də vurğulandığı kimi, XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib.

“XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur”-deyərək, ölkə Prezidenti təbrikində həmçinin bildirib ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir.

Dövlət başçısı “Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir”-deyə, qeyd edərək onu da vurğulayıb ki, Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir.

Bəli, məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb.

Odur ki, media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Eyni zamanda, təbrikdə də qeyd edildiyi kimi, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Və inanırıq ki, belə də olacaq.

Təbrikinin sonunda Qalib Sərkərdəmiz bir daha inamını və əminliyini ifadə edib ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bəli, Azərbaycanda söz də var, sözə qiymət, dəyər də var, söz, mətbuat azadlığı da var, sözə, mətbuata diqqət və qayğı da var.

1993-cü ilin iyunundan bu günümüzə kimi belə olub, bundan sonra da belə olacaq, belə davam edəcək.

Kimsənin də buna şübhəsi olmasın və ola da bilməz!

Sözün, qələmin, dəyərin hər zaman Ucalarda olsun, Azərbaycan mətbuatı!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Daha 333 yeni yoluxma-ÖLÜM FAKTI İSƏ QEYDƏ ALINMAYIB

Read Next

Tap-Qaraqoyunlulu, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi-HİDİ VƏLİYEVİN ANASINA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…BU GÜN HƏM DƏ ŞƏHİD BACISININ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir